Balaca qızcığazın ümidlərini qıran azərbaycanlı deputat

Balaca qızcığazın ümidlərini qıran azərbaycanlı deputat
Bütün Xəbərlər
00:31 19.08.2014
4701

Əfsələddin Ağalarov

Şükür Allaha. Sakitçilikdir. Cəbhədə səssizlik hökm sürür. Nə qulağımıza güllə səsləri gəlir, nə də gözümüzə şəhidlərin bayrağa bürünmüş tabutları görünür. Analar üzünü cırmaqlamır, atalar ağac kölgəsinə çəkilib gizlin-gizlin hönkürüb ağlamır. Deyəsən, evlənmək həvəsi ilə sevgilisinin yolunu gözləyən, amma bir anda onun ölüm xəbərini alan qızlar da kiriyib. Səsləri kəsilib nədənsə. Yəqin, onlar da başa düşürlər ki, ana olmalıdırlar. Nə vaxtsa ana olmaqları üçün bu gerçəkliyi unudub yeni axtarışlara başlamalıdırlar. Axı həyat təkcə sevgidən ibarət deyil. Axı həyat həm də yenidən sevə bilməkdən ibarətdir.  

Gözümə o deputat da dəymir. Şəhid olan zabitin övladının köksünə qəhrəmanlıq medalının sancağını efirlərə düşmək üçün, insanlara bu uşağa hamıdan daha çox can yandırdığını hayqırmaq üçün taxan həmin o deputatı deyirəm. Tanıyıram onu. Elə bir yerdə də işləmişik vaxtında. O uşağın başını sığallayarkən ağlıma onun kimi başqa bir uşaq gəldi. Bir əlini anasına uzadan, digər əlini isə ayağı olmayan şikəst atasına uzadan o balaca qız uşağı. Ay kimi üzünə günəşin vəhşi şüasının dəydiyini hiss edib gözlərinin birini qapadırdı. Uşaqlarının bəyənmədiyi paltarları çölə atmağa qıymayan bir qadının ona verdiyi güllü donu geyinmişdi həmin gün. Hörülmüş saçlarının üstünə qırmızı kəpənəkli “broşka” vurmuşdu anası. Hər dəfəsində onun yerə düşüb itməsindən qorxduğu üçün əlini tez-tez saçına aparırdı. Amma üzü gülürdü bu balacanın. Ağzıaçıq qırmızı çantasının içində başı çöldə qalan sarısaç gəlinciyinə baxmaq onun əhvalını yaman qaldırırdı.

Artıq bir saata yaxın idi ki, hamı kimi onun ailəsi də sırada dayanmışdı. Qızcığaz icra hakimiyyətinin qabağında rayona aylar sonra gələn deputatdan kömək diləyən insanlar arasında nöqtə boyda kiçik görünürdü. Amma köksünü irəli verib atasının əlini bərk-bərk tuturdu. Sanki hamıya atasının itirdiyi ayağını geri qaytaracağına söz verirmiş kimi. Məğrur və qürurlu baxırdı hamıya. Həmin an üçün həyatda hər şeydən çox sevdiyi gəlinciyindən belə keçməyə hazır idi. Atasının itirilmiş ayağını geri qaytarmaq üçün…

Amma bilmirdi qaydaları. Bizim ölkədəki məmurların iş görmə qaydalarını bilmirdi. Ümidsizliyin nə olduğunu da bilmirdi. Bəlkə də, ümidin sonda öldüyündən xəbərdar idi. Amma ölü doğulan ümiddən xəbəri belə yox idi.

..Bir neçə dəqiqə sonra tədbirə görə rayona aylar sonra təşrif buyuran deputat “hər şey həll olunacaq” deyib camaatın içindən iti addımları ilə kondisionerin bumbuz etdiyi avtomobilinə əyləşdi. Geriyə qulaqbatıran uğultu səsi, nöyüt qoxuyan qara tüstü və bir göz qırpımında gözdən itən avtomobilin təkərlərinin yerdə çəkdiyi qara iz qaldı. Qızcığaz isə həmin gün problemlərinin yenə həll olunmadığını anladı. Atası onu başa saldı. Bir xeyli ümidlə geri qayıdacağını gözləsələr də, qaydaları artıq başa düşmüşdülər. Bizim məmurların işləmə qaydalarını.

Bax o deputatı deyirdim. O da itib gözdən yenə. Deyəsən, yarımçıq qoyduğu istirahətini tamamlamağın vaxtıdır. Bir ömür boyu etdiyi istirahətin yorğunluğunu müəyyən müddətlik istirahətlə çıxaran tək-tük insanlardan biridir bəlkə də.

Hələ mən o “facebook”da İrəvana qədər gedib çıxanları demirəm. Bir güllə ilə beş erməni öldürən qəhərmanlar var idi. Nəsə onlar da gözdən itiblər. Profil şəkillərini “Vətən, başın sağ olsun!” yazanlar da yeni fotolarını qoymağa başlayıblar. “Vətən, başın sağ olsun!” yazısını qızların bədəninin incə yerlərini bütün çılpaqlığı ilə ortaya qoyan ehtiraslı fotoları əvəz edib.

Yox, yox… Qətiyyən elə anlamayın ki, hamımız yas tutmalıyıq. Qətiyyən ağlınıza belə gətirməyin bunları.

Mən də sizin kimiyəm. Sabah yolumu “Laçın Ticarət Mərkəzindən” salıb bir kostyum alacam. Axşam “Şuşa” restoranında dostlardan birinin ad gününə qatılacam. Sonra səhərisi gün “Zəngəzur” istirahət mərkəzinə gedəcəm. Yaxşıca çimib ətrafdakı qızlara gözucu baxacam. Yaxınlıqda yeni “Qarabağ” restoranı açılıb. Sonrakı gün isə bax ora gedib dostlarla əlimizdəki “Topaz”ın kuponunu sıxıb  “Qarabağ”ın oyununa baxacağam. Udsalar, “oğul” olacaqlar, uduzsalar, “qabiliyyətsiz”.  Bax beləcə bütün Qarabağı gəzəcəm. Müharibə olsa da, olmasa da, mən Bakıda oturub Qarabağın hər qarışını ələk-vələk edəcəm.

O deputat kimi, profilinə “Vətən, başın sağ olsun!” yazanlar kimi. Necə var, elə də yaşayacam…

OXŞAR XƏBƏRLƏR