Bu gün portalımızda yayımlanan “Bakıda bu yolun bağlı qalmasına görə hər gün 20 min manat pul qazanırlar” başlıqlı yazı ilə bağlı “Azəryolservis ASC” açıqlama dərc edib.
AZXEBER.COM-un məlumatına görə, ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev yaxın bir neçə ayda Bakı dairəvi Yolunda təmir işlərini başa çatdırmağı planlaşdırıldığını açıqlayıb.
Mürsəliyev qeyd edib ki, sözügedən yolla bağlı bəzi KİV-də dərc olunan yazılar əsassız və ədalətsizdir: "İşlərin hamısı qüvvədə olan normativlərə uyğun və müəyyən olunmuş qrafik üzrə aparılır. Bakı Dairəvi yolunda aparılan təmir işləri yaxın vaxtlarda başa çatacaq və bundan sonra avtonəqliyyat sahibləri ondan fəal şəkildə istifadə edə biləcəklər".
Xatırladaq ki, yolun iki aydan çoxdur təmirinin bilərəkdən ləngidilməsi ilə bağlı məlumat dərc etmişdik. “Sədərək” Ticarət mərkəzində çalışan sahibkarlar AZXEBER.COM-un əməkdaşı ilə söhbətində yolun iki aydan çox bağlı qalmasını heç də təsadüfi hal hesab etməmişdilər. Onların sözlərinə görə, yolun təmir-bərpa işləri bilərəkdən ləng aparılır və bunun nəticəsində “Sədərək TM”nin rəhbərliyi hər gün yoldan istifadə edən avtomobillərdən 20 min manat pul qazanırlar. İddialara görə, əldə edilən gəlir “Azeryolservis ASC”nin rəhbərliyi ilə TM-nin rəhbərliyi arasında bölünür. (Red: https://www.azxeber.com/news/67648)
Onu da bildirək ki, iddialarla bağlı redaksiya olaraq məlumatı dərc etməzdən öncə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevlə əlaqə saxlasaq da, mətbuat katibi müxbirimizlə söhbətində heç bir məlumat vermək istəmədiyini demişdi.
AZXEBER.COM


