Xəbər verdiyimiz kimi, Azərbaycanda yerli banklarda debet kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı məlumatlar gündəmə gəlib. Azərbaycan Banklar Assosiasiyası (ABA) yayılan məlumatlarla bağlı açıqlama verərək tətbiq olunan yanaşmanın mahiyyətinə aydınlıq gətirib. Bildirilib ki, ödəniş kartları üzrə isə hər bir bank tərəfindən təqdim edilən hər bir kart məhsulu üçün milli valyutada bir, hər bir xarici valyuta üzrə isə bir ödəniş kartının nəzərdə tutulması müəyyənləşdirilib.
ABA-nın açıqlamasına görə, bu, müştərilərin əlavə kart əldə etməsinin tam qadağan edilməsi anlamına gəlmir. Müştəri əlavə karta ehtiyacının səbəbini banka ağlabatan şəkildə izah etdiyi, həyata keçirdiyi əməliyyatlar bankda onunla bağlı mövcud məlumatlara uyğun olduğu və kartın qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı halda, əlavə ödəniş kartlarının verilməsi bank tərəfindən təmin edilə bilər.
Assosiasiya vurğulayıb ki, yanaşmanın əsas məqsədi vətəndaşların bank xidmətlərindən və ödəniş kartlarından istifadəsini məhdudlaşdırmaq deyil. Əsas hədəf risklərin daha effektiv idarə olunması, ödəniş əməliyyatlarının təhlükəsizliyinin artırılması və daha dayanıqlı ödəniş ekosisteminin formalaşdırılmasıdır.
İqtisadçı Xalid Kərimli AZXEBER.COM-a açıqlamasında vurğulayıb ki, söhbət eyni məhsul üzrə bank tərəfindən vətəndaşa verilə biləcək kartların sayına məhdudiyyət qoyulmasından gedir:
"ABA tərəfindən qəbul edilən qərar vətəndaşın bir bankda eyni məhsul üzrə birdən çox kartının avtomatik şəkildə verilməsinin məhdudlaşdırılmasıdır. Burada əsas məsələ ondan ibarətdir ki, vətəndaş eyni bankda eyni məhsul üzrə ikinci kartı avtomatik olaraq və ya hər hansı ödəniş müqabilində əldə edə bilməyəcək. Yalnız əsaslandırması olduqda və banka əlavə müraciət etdikdə, bank ona ikinci kartı verə bilər.
Söhbət pensiya, əməkhaqqı, sahibkarlıq hesabına və ya depozitə bağlı kartlardan getmir. Konkret olaraq, eyni məhsul üzrə bank tərəfindən vətəndaşa verilə biləcək kartların sayına məhdudiyyət qoyulmasından söhbət gedir. Vətəndaşın eyni bankda 5-6 kartı ola bilər, lakin bunlar müxtəlif məhsul növləri üzrə ola bilər. Təbii ki, eyni məhsul növü və eyni istiqamət üzrə də vətəndaş əsaslandırılmış şəkildə müraciət edərək ikinci kartı əldə edə bilər”.
"İqtisadçı qeyd edib ki, qaydanın əsas məqsədi bankların çoxsaylı kart dövriyyələri üzərində nəzarəti asanlaşdırmaqdır:
"Burada məqsəd bankların çoxsaylı kart dövriyyələri üzərində nəzarəti asanlaşdırmaqdır. Çünki bir məhsul üzrə vətəndaşın bir neçə kartı olduqda, bu kartlar arasında əməliyyatlar çox sürətli, onlayn rejimdə həyata keçirilir və bankların həmin əməliyyatlara nəzarət etməsi çətinləşir. Bəzi hallarda isə bu kartlardan müəyyən qanunsuz və ya şübhəli əməliyyatların həyata keçirilməsi üçün istifadə oluna bilər. Buna görə də banklar sadələşməyə gedirlər.
Eyni zamanda, vətəndaşın yenə də ehtiyacları, əlavə məhsul üzrə kart almaq tələbi yaranarsa, əsaslandırdığı halda bankdan əlavə kart əldə etmək imkanı olacaq”.
"Təbii ki, burada vətəndaşın onlayn ödənişlər və kartdan istifadə ilə bağlı hər hansı problemi yaranmayacaq. Bu məhdudiyyət bank kartlarının bəzən təyinatından kənar məqsədlər üçün və ya nəzərdə tutulan məqsədlərdən fərqli istiqamətlərdə istifadəsinə nəzarətin yaxşılaşdırılması istiqamətində atılan addımdır.
Yəni çoxsaylı kartlar bir sıra əməliyyatlardan gizlənmək, nəzarətdən kənarda qalmaq üçün istifadə oluna bilər. Bu kimi hallarla mübarizə kontekstində də bu addımlar atılır”,-deyə iqtisadçı vurğulayıb.
Şahanə Ziyad











































