Bank Respublika əməkdaşının müharibə xatirələri - "Xilaskar güllə”nin nağılı

Bank Respublika əməkdaşının müharibə xatirələri - "Xilaskar güllə”nin nağılı
İQTİSADİYYAT
13:04 01.04.2021
663
Ön söz əvəzi kimi

Bəri başdan deməyim yaxşıdır.

Ədəbi janrda nəsə yazmaq niyyətilə əlimə qələm almamışam. Həvəsim əsasən dəqiq elmlərə, texniki sahəyə olub. Odur ki, 2007-ci ildə təhsil aldığım Masallı rayonu, Ərkivan qəsəbəsi, şəhid Əlvan Bağırov adına tam orta məktəbi bitirəndə sənədlərimi Azərbaycan Texniki Universitetinə verdim. Elektrotexnika mühəndisi ixtisasına yiyələndim. 2011-13-cü illərdə hərbi xidmətdə olanda, üç aylıq zabitlik kursunu bitirdiyim üçün leytenant rütbəsində taqım komandiri idim. Hərbi xidməti başa vurub mülki işimə qayıtdım. Ailə qurdum. İki oğlum – Ariflə İslam dünyaya gəldilər…

Beş-altı cümlədən ibarət tərcümeyi-hal mənim otuz illik həyatımdır… Bir çox yaşıdlarım kimi, sadə həyat səhifəsi…

Haradan, necə başlayacağımı bilmirəm… Kimsə demişdi, cümlə yazmaq, dövlət qurmaqdan da çətindi (bunu indi dərk etdim). Yazacağım sözlər demək istədiklərimi ödəmir. Amma, necə olsa, yazmalıyam. Anlaşıqlı sadə dildə. Qoy gələcək nəsil – Arifin, İslamın yaşıdları atalarının kimliyindən xəbər tutsunlar. Himnimizdə deyildiyi kimi, Vətən, Torpaq, Müstəqil Azərbaycan uğrunda can verməyə hazır olan, qan tökməyə qadir olan atalarının Qarabağ torpağına sancdığı Üçrəngli Bayrağı ləyaqətlə, şərəflə qorusunlar. Onların qəhrəmanlığına dastan bağlasınlar, mahnılar bəstələsinlər, kitablar yazsınlar, filmlər çəksinlər… Qoy gələcək nəsillər dostun kim, düşmənin kim olduğunu bilsinlər… Zəfərlə sona çatan 44 günün hər anı dərsliklərə, millətin tarixinə yazılsın. Axı, bu şanlı tarix Vətən torpağına heç vaxt unudulmayacaq Şəhidlərimizin, Qazilərimizin qanıyla, damarında Milli Ruh qaynayan Azərbaycan əsgərinin Dəmir Yumruğuyla yazıldı… Bundan sonra da Dəmir Yumruq hələ neçə-neçə tarixi həqiqəti kar, kor, sərsəm dünyaya sübut edəcək… Bu inam sonsuzdur və bizi heç vaxt tərk etməyəcək!…
 

…Otuz il əvvəl – hələ mən və mənim yaşıdlarım dünyada olmayanda, nə olmuşdu, necə olmuşdu, Vətənin başına nə qovğalar açılmışdı, gözəllər gözəli Qarabağımızı saçından kim asdırmışdı, haqlı kim, haqsız kim idi… – bunu yalnız kitablardan, mətbuatdan, Birinci Qarabağ savaşının ağrı-acısını yaşayanların söhbətindən bilib eşitmişdik. Xocalı müsibətini televiziyadan izləmişdik. İzlədikcə, eşitdikcə dişimiz dilimizi kəsirdi. Açığını deyəcəm, bəzən atalarımızı, babalarımızı qınamaqdan da çəkinmədik… Axı, niyə belə olmalıydı?… Cavabsız suallar çox idi… Görünür, cavab verməyin də vaxtı, vədəsi varmış. Buna Zaman hökm verəcəymiş.

Gözlənilən an çatmışdı. VƏTƏN öz igidlərini otuz il saçından asılan gözəl Qarabağın xilası naminə qəvi düşmənlə döyüşə çağırırdı. Daha sonra ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarının xalqı birliyə, cəsarətə, hünərə səsləyən məhrəm, isti, inamlı müraciəti xalqın ruhunu döyüşə kökləyəcəkdi…. Ehtiyatda olan istehkamçı zabit kimi ön cəbhədə olmalıydım (hərbi dildə deyildiyi kimi, istehkamçı döyüşə birinci atılır, döyüşü hamıdan sonra tərk edir).

…Saat 9-da hərbi komissarlıqda olmalıyam. Hələ nə baş verdiyini tam dərk etməyən Arifi, İslamı yanıma çağırdım. Anası onlara keçən həftə aldığım "əsgər paltarı”nı geyindirmişdi. Gülümsəyib ikisini də bərk-bərk qucaqladım. Bir qədər boylarını süzdüm, gözlərinin içinə baxdım… Anaları kövrəldiyini, dolan gözlərini gizlətmək üçün bir bəhanəylə mətbəxə keçdi… Hər şeyi yaddaşıma köçürmək istəyirdim. Beş il kirayədə yaşadığımız ikiotaqlı mənzilin daşı, divarı, şəbəkəli qapısı, hətta qəbiristana açılan pəncərəsi belə mənə doğma göründü…

On yaşım olanda dünyasını dəyişən anamın şəkli önündə dayandım… Gülümsəyən gözlərini, doğma simasını oxşadım və həmişə olduğu kimi daxili səslə: "Qanlı, qadalı yola çıxıram, Ana! Sən məni dünyaya bu müqəddəs yolun süvarisi olmaq üçün gətirdin. Birinci sinifdə oxuyanda "Azərbaycan” şeirini sən mənə öyrətdin. İndi boynumda olan haqqı ödəməyin vaxtı çatıbdı… Bilirəm, sağ olsaydın bütün gecəni yatmayıb dua-səna edəcəkdin… Başımın üstündə "Quran” saxlayıb məni Allaha tapşıracaqdın… Gedirəm, bilirəm ki, müqəddəs ruhun daim məni qoruyacaq….”

Və yola düşəndə yoldaşım ardımca su atdı. Bu anlarda hissimə hakim olmağa çalışırdım…


Hərbi komissarlığın həyəti qələbəlik idi. Savaşa can atan gənclər komissarın oxuduğu siyahıda adlarını eşitmək istəyirdilər. Adı siyahıda olmayanlar təkid edirdilər… Qürurverici mənzərəydi.Mənimlə yanaşı dayanmış atam, qardaşım, əmim hamını məhəbbətlə süzür və bir neçə gündən sonra qəhrəmanlıq salnaməsi yazacaq gənclərə diqqət çəkirdilər.Bir qədər kənarda, valideynlərin arasında həmişə həyanım olan, uğurlarıma sevinən, kədərimi bölüşən, ziyası ilə yolumu işıqlandıran, hamının hörmətlə "Ayiq müəllim” – deyə müraciət etdiyi, mən isə adıyla deyil, "Bircə Dayım” deyib sığındığım Ayiq Səmədov dayanmışdı… O həmişəki kimi, şux ovqatla məni qucaqladı. Halımı, əhvalımı sınayıcı nəzərlə süzdü… və ayrılanda ərklə çiyinlərimi sıxıb özünəməxsus tərzdə: – "Cəsarət, dəyanət, qorxmazlıq və lazımi anda özünü fəda etmək nəslimizə xas olan keyfiyyətdir. Bunu unutma!” – dedi.

Yolumuz Qarabağadır. Bizi aparan avtobusun sürücüsü sanki vətənpərvər ruhlu mahnılardan çələng hörmüşdü… Bir neçə döyüşçü coğrafi biliyini nümayiş etdirirmiş kimi mübahisədən yorulmurdular. Füzuliyə çatınca Qarabağın tutqun mənzərələri məndə müxtəlif hisslər doğururdu: "Mənim gözəl diyarım, sənin hər şeyin var idi… Gur çayların, çiçəkli vadilərin, yüksək dağların, qırqovullu meşələrin, münbit torpağını becərən, adına mahnılar qoşulan sadə, əməksevər övladların var idi…”

…Üzücü, sakit gecə. Başçısı olduğum taqımla səngərdə dayanıb komandirin əmrini gözləyirdik. Hər dəqiqə bir il kimi görünürdü. Quşların pırıltısı belə sinirləri tarıma çəkirdi. Rota komandiri bizimlə tez-tez əlaqə saxlayırdı. Növbəti dəfə səngərimizə yaxınlaşdı, mənə bir avtomat gülləsi verib sakit, təmkinli tərzdə dedi: "Arzulayıram ki, bu güllədən istifadə etməyəsən. Amma, müharibədir, hər şey ola bilər…”

Mənə verilən bu əlahiddə güllənin mahiyyətini, təyinatını yaxşı bilirdim. Sağkən əsir düşməkdən qoruyacaq "xilaskar güllə”…

Artıq, dan yeri sökülürdü. Tarixə yazılacaq günlər… Komandiri olduğum istehkamçı dəstə "Allahu-Əkbər” sədası ilə irəli atıldı. Bu bizim Füzuli uğrunda ilk döyüşümüz idi… Detallarına varmayacam. Döyüşə-döyüşə Burğa dərəsindən düşmənin mövqeyinə tərəf irəliləyirdik. Göydən yerə mərmi yağırdı. Gündüz saat dörd olardı. Düşmənin minomyotlardan atdığı mərmilərdən bir neçəsi bizim söykəndiyimiz səngərə düşdü. Zərbənin gücü məni qaldırıb yerə vurdu… Kəllə-beyin travması aldığımdan bir müddət özümdə olmamışam. Zərbədən beynim silkələnir, qulaqlarım guruldayır, heç nə eşitmirdim.
 

Özümə gələndə gördüm ki, bir yoldaşımız həlak olub… İlk döyüşün, ilk şəhid əsgərin yaratdığı qorxunc mənzərənin nə demək olduğunu sözlə ifadə etmək mənim üçün çox çətindir. Amma, döyüşdükcə müharibəyə alışırsan. Qorxu, həyəcan geridə qalır. Onun yerini hansı ideal uğrunda apardığın savaşın məsuliyyəti tutur. Ayın, həftənin günləri barədə düşünməyə belə vaxt olmur. Yalnız irəli! Bir-birinin ardınca Füzulinin Alxanlı kəndində, Kənd Horadizdə, yaddaşımı itirdiyim üçün adını unutduğum Cəbrayılın neçə-neçə kəndində, Dostlar bulağında, Xocavəndin Tuğ kəndində, Böyük Tağlarda Azərbaycan bayrağını sancdıq. Qürurverici anlar bir-birini əvəz etsə də, qəhrəman şəhidlərimizin, yaralanan əsgərlərimizin ağrısı bu gün də qəlbimizdə göynəyir.


Xüsusilə, 10 yaşlı qızını, 11 yaşlı oğlunu nənəsinə tapşırıb Vətən döyüşünə yollanan tibb bacısı, həm də bütün döyüşçülərə doğma bacı olan Arəstə xanımın həlakı hamını sarsıtdı. Təcili yardım maşınında

yaralılara ilk yardımı göstərəndə düşmənin snayper gülləsi sinəsindən dəymişdi… Şəhid bacımız Arəstə Baxışova haqqında yazmaq yazıçıların, şairlərin, dramaturqların boyun borcu olmalıdır.

Noyabrın 10-u, Ali Baş Komandan televiziya ilə çıxış edib Azərbaycan xalqını tarixi Qələbə münasibətilə təbrik edən gecə sevincdən səhərə qədər yatmadıq. Bir-birimizi qucaqlayıb təbrik etdik. Nə gizlədim, sevincdən ağlayanlar da vardı. Bütün gecəni keçdiyimiz döyüş yolundan fəxrlə danışırdıq. Şəhidlərimizi bir-bir xatırlayıb ruhlarına dualar oxuduq. Hospitallarda müalicə olunan qazilərimizi xatırladıq… Unudulmaz an idi.

İki gündən sonra müalicə almaq üçün hospitala göndərildim. Həkimlər gecikdiyimi bildirsələr də, tezliklə sağalacağımı dedilər. Müalicə hələ də davam edir… 2021-ci il, yanvar ayının 9-da ordudan tərxis olunub, bir an da gözümün qarşısından getməyən doğmalarımın yanına, ailəmə,son aylar lap doğmalaşan mənzilimizə alnı açıq, vüqarla qayıtdım. Məni qarşılamaq üçün "əsgər paltarlarını” geyinmiş Ariflə İslama zabit salamı verdim. Otağa girib anamın şəklini, gülər üzünü öpdüm. Sonra da "xilaskar gülləni” ömür-gün yoldaşıma hədiyyə olaraq bağışladım ki, gələcəkdə nəvələrinə "Xilaskar güllə” nağılını danışın.

Əvvəllər tez-tez səsləndirilən şüar, indi də aktuallığını itirməyib: "Heç kəs unudulmur, heç nə yaddan çıxmır!” Bir neçə gündən sonra Ali Baş Komandanın Sərəncamı ilə fəxri adlar verilən siyahıda mən də var idim. "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdim.

Füzuli uğrunda döyüşlərdə göstərdiyim şücaətə görə, mənə vaxtından əvvəl baş leytenant rütbəsi verildi.

Gələcək nəsillər bilməlidir ki, İkinci Qarabağ savaşı yaranışdan bəri davam edən Xeyirlə Şərin savaşı idi.

Müttəhim – 30 il və qarımış, qocalmış, kar, kor, ədalətsiz Sərsəm Dünya.

Hakim – 44 gün və Milli Ruha tapınan Dəmir Yumruqlu Azərbaycan.

Sonda istərdim döyüş bölgəsində olarkən mənə və əsgərlırimizə baş çəkən, döyüşçülərimizə maddi kömək, ailəmə mənəvi dəstək göstərən əməkdaşı olduğum Bank Respublika ailəsinə və bankımızın Müşahidə Şurasının sədri Şakir Rəhimova və İdarə Heyətinin sədri Tariyel İsmayılova sonsuz minnətdarlığımı bildirəm.
 
Və yeri gəlmişkən döyüşə qatıldığım ilk gündən mənə həyan olan İmaməliyə, Elvinə, Xalidə, Turala, İbrahimə,  Orxana, Nihada, Asimə, Toğrula və digər adlarını çəkmədiyim dostlarıma təşəkkür edirəm.

Rövşən Mehtiyev,

Vətən Müharibəsi qazisi, ehtiyatda olan baş leytenant
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi