Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi
Bütün Xəbərlər
23:28 09.01.2012
1426
Bu gün "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrasının nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğunun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, əməliyyat müşavirəsində məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov yola saldığımız 2011-ci ilin Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin ən mühüm dövrlərindən biri olduğunu bildirib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanlanmış bayram təbrikində səsləndirildiyi kimi, ölkə qarşısında duran bütün əsas vəzifələrin öz həllini tapdığını və uğurlu iqtisadi inkişafın təmin edildiyini diqqətə çatdırıb. Xüsusi vurğulanıb ki, düşünülmüş və praqmatik dövlətçilik siyasətinin nəticəsidir ki, 2011-ci ildə əhalinin pul gəlirləri 20 faiz, 900 minə yaxın təqaüdçünün orta pensiyası 40 faiz, qeyri-neft sektoru 10 faiz artıb, valyuta ehtiyatlarımız 40 milyard ABŞ dolları həddini keçib, 100 min yeni iş yeri açılmaqla son səkkiz ildə bu göstərici 1 milyona bərabər olub, inflyasiyanın səviyyəsi 8 faiz civarında qalmaqla yoxsulluğun səviyyəsi 8 faizdən də aşağı düşüb, işsizliyin səviyyəsi 5,5 faizə qədər enib. Artıq 600 növ hərbi yönümlü məhsullar istehsal edən Azərbaycanın hərbi xərcləri 3 milyard dollarlıq həddi keçməklə hərbi quruculuq işləri daha yüksək səviyyəyə qalxıb. Eyni zamanda, 2011-ci ildə 20 illik müstəqillik dövründə ən böyük tarixi qələbə qazanılaraq, Azərbaycan Respublikası dünyanın 155 ölkəsinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.Baş prokuror vurğulayıb ki, ötən il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb. Prokurorluq orqanlarının səyləri, ilk növbədə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirə salınmadan aradan qaldırılmasına yönəldilmiş, həmin vəzifələrin icrası istiqamətində əhəmiyyətli uğurlar əldə edilməklə müsbət iş göstəricilərinə nail olunub.Digər hüquq-mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsidir ki, 2011-ci il ərzində cinayətkarlığa qarşı mübarizə daha kəsərli olmaqla yeni müstəviyə qaldırılıb, cinayətkarlığın dinamika və strukturunda müsbət dəyişikliklər baş verib. Hesabat dövründə görülmüş işlər sırasında korrupsiyaya qarşı mübarizə işinin səmərəliliyin artırılması, bu sahədə ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində prezident İlham Əliyevin dəstəyi ilə dövlət səviyyəsində həyata keçirilmiş tədbirlərin müstəsna əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, mütəmadi olaraq idarənin strukturu təkmilləşdirilməklə səmərəli fəaliyyəti təmin edəcək yeni şöbə və digər qurumların yaradılması, ilk dəfə olaraq, bu quruma əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi, işçilərinin say tərkibi və vəzifə maaşlarının əhəmiyyətli dərəcədə artırılması böyük dövlət qayğısının təzahürüdür. Bütün bu işlər korrupsiyaya qarşı mübarizəyə istiqamətləndirilmiş fəaliyyətin daha səmərəli və çevik təşkili üçün hərtərəfli zəmin yaratmış, yola saldığımız hesabat ilində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilib.Zakir Qaralovun məruzəsində görülmüş işlər sırasında xüsusi vurğulanıb ki, 2011-ci ildə Azərbaycan prezidentinin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası başa çatdırılıb. Prokurorluğa dövlət səviyyəsində həmişə yüksək qayğı və diqqət göstərən, onun problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsini təmin edən prezident İlham Əliyevin Azərbaycan Prokurorluğunun 90 illik yubileyi ərəfəsində təsdiq etdiyi həmin Dövlət Proqramı prokurorluğun tarixində yeni təkmilləşmə, hərtərəfli inkişaf və müasirləşdirmə dövrünün əsasını qoymuş, 2009-2011-ci illər ərzində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində konkret vəzifələr müəyyənləşdirib.Prokurorluq orqanlarının fəaliyyətinin bütün istiqamətlərini əhatə edən Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin yüksəldilməsi, dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi ilə nəticələnib. Baş prokurorun müavinlərinin və idarə rəislərinin sədrliyi ilə yaradılmış komissiyalar və işçi qruplarının səmərəli fəaliyyəti nəticəsində Dövlət Proqramının icrası ilə əlaqədar təsdiq edilmiş Tədbirlər planının müəyyən edilmiş müddətlər ərzində və keyfiyyətli icrası təmin olunub."Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar görülmüş işlər barədə baş prokurorun müavini Namiq Əsgərov geniş məlumat verib.Dövlət Proqramı və onun icrası ilə əlaqədar müvafiq Tədbirlər planında "Prokurorluq haqqında" Qanunla müəyyənləşdirilmiş konkret fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar müzakirələrdə iştirak edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov və Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov ətraflı çıxış edib.Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənovun məlumatı əsasında 2012-ci ilin birinci yarımili üçün iş planı təsdiq edilib.
OXŞAR XƏBƏRLƏR