Bu gün səhər saat 09 radələrində Zərdab rayonu Hüseynxanlı kəndi ərazisində tapılan başı kəsik meyitlə bağlı bəzi təfərrüatlar bəlli olub.
Bu barədə ANS PRESS-ə rayon hüquq-mühafizə orqanlarında məlumat verilib. Çöllük sahədə meyiti tapılan şəxsin boğazı kəsilib, bədənin bir neçə yerinə kəsici bıçaq zərbələri endirilib. Meyitin aşağı ətrafı isə yandırılıb və tanınmaz hala düşüb.
Onu Zərdab şəhər məscidinə aparıblar. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl itkin düşən rayonun Dəli Quşçu kənd sakini 1989-cu il təvəllüdlü Rəşad İnşallah oğlu Zeynalovdur. Onun valideynləri gələrək meyitin şəxsiyyətini təsdiqləyiblər.
Qətlin şəxsi münasibətlər zəmnində baş verdiyi ehtimal edilir. İlkin versiyalardan biri də hadisənin qısqanclıq zəmnində, qız üstündə törədilməsidir. Cinayətdə şübhəli bilinən şəxslər də var və onların ətrafında istintaq tədbirləri görülür. İstintaq sirri olduğu üçün şübhəli şəxslərin kimliyi barədə məlumat verilmir.
Rayon Prokurorluğundan bildirildi ki, hadisə barədə cinayət işi başlanıb, araşdırmalar aparılır.