Son bir neçə gün ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində iki azərbaycanlı əsgər həlak olub. Onların snayper atəşi nəticəsində qətlə yetirlidiyi xəbər verilir.
Axır vaxtlar cəbhə xəttində gərginlik artıb və demək olar ki, hər gün atəşkəs rejimi pozulur.
Tələfat isə yalnız hərbçiləri deyil, habelə mülki şəxsləri də öz cənginə alıb. Bu arada Azərbaycan tərəfi BMT-də cəbhə xəttindəki tələfatla bağlı məsələ qaldırıb.
Verilən məlumata görə, bayram günlərində cəbhənin Tərtər istiqamətində atəşkəsin pozulması nəticəsində hərbi qulluqçu, 20 yaşlı Elnur Məmmədov həlak olub.
Qoşunların təmas xəttində ikinci tələfat isə Füzuli rayoununda baş verib. Bildirildiyinə görə, hərbi qulluqçu Samir Ağayev atışma zamanı dünyasını dəyişib. Hər iki əsgərin dəfn edildiyi xəbər verilir.
Bakıdakı ekspertlər isə son qanlı atışmaların atəşkəs rejiminin nə dərəcədə kövrək və qeyri-sabit oldğunun göstəricisi olduğunu deyir.
İstefada və ehtiyatda olan zabitlər birliyinin rəhbəri Yaşar Cəfərli deyir ki, son qətllər real atəkəsi təmin edəcək siyasi iradənin olmamasından irəli gəlir. “ Snayper atəş açırsa o, özbaşına hərəkət etmir və yuxarıdan gələn müvafiq əmri yerinə yetirir”.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi bərqərar ediləndən bəri cəbhədə həlak olanların sayı barədə rəsmi məlumat açıqlanmır.
Rəsmi idarələr bu cür məlumatları açıqlamaqdan sadəçə yayınır.
Amma qeyri-rəsmi məlumatlara görə, 2003-cü ildən bəri cəbhədə 500-dən çox Azərbaycan vətəndaşı həlak olub.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyir ki, son zamanlar cəbhədə itkilərin sayı artıb. “Ötən ilin müvafiq dövrü ilə müqayisdə itkilər xeyli artıb”.
Bu arada isə Azərbaycan cəbhədə 9 yaşlı uşağın öldürülməsi məsələsini BMT-də qaldırıb.
Bir neçə həftə öncə Ağdam sakini Fariz Bədəlov snayperin açdığı atəşlə qətlə yetirlmişdi və bu, Bakıda kəskin etirazlara səbəb oldu.
Azərbaycanın BMT-dəki səfiri təşkilatın baş katibi və üzv-dövlətlərə ünvanladığı müraciətində 9 yaşlı Ağdam sakininin qətlini “Ermənistan ordusu tərəfindən müdafiəsiz insanlara qarşı törədilmiş qanlı hadisə” adlandırıb.