BDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

GƏNCLİK
11:55 31.03.2011
2285

BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, bu gün bütün dünya azərbaycanlıları tərəfindən qeyd edilir. Onun sözlərinə görə, yalnız 1918-ci ildə ermənilər tərəfindən Bakı, Şamaxı və Lənkəranda 50 minə yaxın azərbaycanlı öldürülüb. Təqribən 100 il ərzində azərbaycanlılara qarşı 4 dəfə soyqırımı və deportasiya siyasəti həyata keçirilib. 1905-1907, 1915-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı edilib, 1948-1953, 1988-ci illərdə soydaşlarımız Ermənistandan deportasiya olunub. 1988-ci ildə isə Ermənistandan bütün azərbaycanlılar tam şəkildə çıxarılıb: “Bu, o deməkdir ki, onların arzuları başqa cürdür. Onların məqsədləri ancaq odur ki, Azərbaycan torpaqlarını ələ keçirsinlər və azərbaycanlılara qarşı soyqırım etsinlər”. 

A. Məhərrəmov bildirib ki, yalnız 1918-29-cu illərdə Azərbaycanın 30 min kvadrat metr ərazisi ermənilər və digər qüvvələr ələ keçirilib: “Təcavüzkar ermənilər bu gün də azərbaycanlılara qarşı öz əməllərini davam etdirilər. Tarixin bütün mərhələlərində ermənilər bu əməllərindən əl çəkməyiblər. Bu gün də onlar dövlətlərinin ərazisini genişləndirirlər. Hazırda Azərbaycanın torpaqlarının 20 faizi erməni işğalı altındadır”.

Rektorun sözlərinə görə, uzun müddət Azərbaycanda soyqırımı siyasətinə düzgün qiymət verilməyib. Hətta sovet dövründə Ermənistan və Azərbaycan arasında dostluq əlaqələri yaradılıb. Lakin ölkə prezidenti Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmandan sonra bu məsələ tamamilə yeni müstəvidə gündəmə gətirilib: “Bu gün gənclər ölkə prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının strateji istiqaməti üzrə əməli fəaliyyət göstərməlidirlər”.

OXŞAR XƏBƏRLƏR