BDU-da dekan vəzifələrini tutmaq üçün sənəd qəbulu başa çatıb
GƏNCLİK
12:30 05.05.2011
2307
BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbər Pərvanə İbrahimovanın verdiyi məlumata görə, müsabiqədə BDU-nun 17 fakültəsindən 15-i - Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Geologiya, Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq, Hüquq, Filologiya, Tarix, Şərqşünaslıq, Sosial elmlər və psixologiya, Kitabxanaçılıq-informasiya, İlahiyyat fakültələri iştirak edir. Təqdim olunmuş sənədlər BDU Elmi Şurasının 05 aprel 2011-ci il tarixli iclasının qərarını rəhbər tutaraq dekan və kafedra müdiri vəzifələrinə təyinolunmanın şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə yaradılmış komissiya tərəfindən araşdırılır. 15 nəfərlik komissiyanın sədri tanınmış alim, akademik Vasim Məmmədəliyevdir.
P. İbrahimova bildirib ki, komissiya dekan vəzifəsinə iddiaçılar haqqında fakültənin tərkibində olan bütün kafedraların rəyini nəzərə almalıdır: “Sonra iddiaçılarla fərdi müsahibə aparılmalı, onların idarəetmə sahəsində bacarıq və qabiliyyətlərini, peşə hazırlığını, elmi-pedaqoji fəaliyyətini, kollektiv arasında nüfuzunu müəyyənləşdirmək üçün anket sorğuları keçirilməli, ekspertlər və kafedraların rəyləri araşdırılmalı, komissiya iclasında müzakirə edilməlidir. Hər bir iddiaçı barədə araşdırmaların nəticələri səs çoxluğu ilə qiymətləndirilməli və elan edilməlidir. Onların həmin vəzifəyə təyin olunub-olunmamasının məqsədəuyğunluğu barədə rektorluğa təqdimat verilməlidir”.
Şöbə rəhbərinin sözlərinə görə, ötən illərdə keçirilmiş seçkilərdən fərqli olaraq bu dəfə hər fakültədə ən azı 3 nəfər, bəzi fakültələrdə isə 8 nəfər dekan yerini tutmaq üçün sənəd verib.
Digər iki fakültənin – Jurnalistika, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanlarının səlahiyyət müddətləri başa çatdıqdan sonra həmin fakültələrdə də müsabiqə elan ediləcək.