BDU Həmkarlar İttifaqının biabırçı səsverməsi ölkə mətbuatının gündəmindən düşmür – SORĞU

GƏNCLİK
11:11 30.12.2011
3893

Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar Təşkilatının keçirdiyi “İlin ən yaxşı tələbəsinin” layihəsinin qaliblərinin sosial şəbəkədə səsvermə üsulu ilə seçilməsi bir neçə tanınmış jurnalistlər və ziyalılar tərəfindən birmənalı qarşılanmayıb.

AZXEBER.COM portalı ötən gün “Student Times” qəzetində nəşr edilən “İlin tələbəsi” və ya ““Like”la seçim olmaz” başlıqlı məqalənin ictimaiyyət üçün maraqlı olacağını düşünərək, onu olduğu kimi sizlərə təqdim edir...

 “İlin tələbəsi” və ya ““Like”la seçim olmaz”

Bu yaxınlarda Bakı Dövlət Universitetinin daxilində fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetin ən yaxşı tələbəsini seçmək qərarına gəldi. Hər fakültə üzrə namizədlər müəyyənləşdi. İlk turu adlayıb, ikinci – həlledici mərhələyə qədəm qoydular. İkinci tur səsvermə mərhələsi idi. Komitə səs verməni “Facebook” sosial şəbəkəsində kiçirmək istədi, keçirdi də. Hər şey bir “like”ın əlindəydi. Qrup yoldaşı üçün heç onu tanımayanlardan bir “like” xahiş edən kim, yaşadığı rayondakı onsuz da tək olan internet klubun qapısının ağzını kəsdirib, ora hər gələnlərdən qrup yoldaşına “like” göndərən kim, Nəhayət nəticə açıqlandı. Toz-tozanaq qopdu, aləm dəydi bir-birinə. Narazı olan kim, səsverməni doğru hesab etməyən kim... Əl-qərəz, “ilin ən yaxşı tələbələri”ndən başqa hamı narazılıq etdi. Bütün narazılıqları nəzərə alaraq bu səsvermə üsulunu ictimai müzakirəyə qaldırdıq. Səsvermə facebook-da keçirildiyinə görə elə facebook-dakı ziyalıların fikirlərini öyrənmək qərarına gəldik. Sualımız da belə oldu – “Facebook”da “like”la ilin tələbəsini seçmək nə dərəcədə doğru və obyektivdir?

Vaqif Səmədoğlu, xalq şairi: “Bu yolla həyata keçirilən seçimləri, ictimai rəy sorğularını, gələn sms-lər əsasında verilən qiymətləri ciddi qəbul etmək olmaz”.

Əflatun Amaşov, Mətbuat şurasının sədri: “Məncə, bu o zaman obyektiv olar ki, məlum bir dairənin (tutaq ki, jurnalistika fakultəsi) tələbələri arasında təşkil edilsin. Hamı bir-birini tanısın. Kənardan kimsə kiməsə səs verə bilməz. Çünki onu tanımır, tanısa da başqaları ilə müqayisə edə bilməz”.

Rauf Ağayev, Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi: “Səsvermə aparılmazdan əvvəl respondentlər seçilməlidir. Daha dəqiq desək, sorğunun əhatə dairəsi müəyyənləşdirilməlidir. Məsələn, deyək ki, hər hansı bir təşkilat öz mətbuat xidmətinin fəaliyyətini öyrənmək istəyir. Bunun üçün sorğu keçirilir. Əlbəttə ki, sorğu jurnalistlər arasında olmalıdır. Bunun üçün sorğunu gedib mühəndislər arasında keçirmək lazım deyil. Universitet də eynən bu qaydada keçirilməlidir. Sizin tələbə yoldaşınızı qonşu fakültənin tələbəsi dəyərləndirə bilməz. Çünki o həmin tələbənin faəliyyəti barədə məlumata sahib deyil. Əgər belə səs vermə olsa bunu obyektiv hesab etmək olmaz”.

İradə Tuncay, “Ədalət” qəzetinin baş redaktoru: “Münasibətim çox mənfidir. “Like”la seçim olmaz. “Facebook”da kifayət qədər avara adam var. Məhz buna görə də bu səsvermə ciddi hesab oluna bilməz. Nümunə üçün kiminsə yazdığı zəif şeirlərə və ona gələn “like”lara baxın. Bunu diqqətə almaq lazımdır”.

Vüsalə Mahirqızı, APA(AzəriPress) Agentliyinin baş direktoru: “Məncə bu subyektiv bir şeydir. Əslində iki cür seçim var peşəkar və həvəskar. Məncə, “facebook”dakı bu seçim həvəskardır. Çünki burada bəzən görürsən ki, dostluq, tanışlıq daha çox kömək edir. Hərdən səs verənlərin profilləri heç özlərinə aid olmur, saxta profillər olur. Amma mən hesab edirəm ki, sosial şəbəkələr artdıqca və inkşaf etdikcə bunlardan istifadə də artacaq. Məncə bu bir tərəfdən tələbələrimizin “facebook”a marağının artmasından da irəli gəlir. Amma yenə də deyirəm bu seçim subyektiv bir şeydir”.

Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru: “Əslində bunu obyektiv adlandırmaq olmaz. “Facebook”da müxtəlif qruplarda olan insanlar oz tanışlarını hər vəchlə çempion edə bilərlər. Əgər kim bu sosial şəbəkədə fəaldırsa, o da qalib olacaq. Buna heç cürə obyektiv demək olmaz. Burada sorğu keçirmək düzgün deyil. Məsələn, əgər sorğu keçirmək istəyirlərsə fakültədə qruplar yaradılmalıdır. Məhz onlar bu səsvermə işini həyata keçirməlidirlər”.

Tuncer Cücenoğlu, Türkiyəli yazar: “Bence yanlış.. Bu gerçek bir değerlendirme olamaz... Oy kullananların aynı üniversiteden olmaları sağlanmalıydı. Doğrusu budur.. Adayı tanımadan bir kimse ona oy vere biliyorsa bu nasıl gerçek bir seçim ola bilir ki? Oy verilince de bu nasıl doğru kabul edilebilir ki?”.

Bergüzar Şenay, Mersində ilk regional televiziyanın rəhbəri, “berguzarca.com” xəbər saytının idarə heyətinin sədri: “Sosyal paylaşım sitesi “facebook” artık yaşamımızda vazgeçilmez bir saha haline gelmiştir. Birçok yarışma programlarınında kullandığı veya reklam yapmak adına ciddi bir platforma dönüşmüştür... Kişilerin bu platformu kullanma şekli her ne olursa olsun... Ben şahsım adına bir üniversitenin, eğitimle alakalı ciddi bir kurumun bu platformda, bu alanda birinciyi arama yöntemini(öğrencisini birinci yapmak yöntemini) uygun bulmuyorum... Sonuçta bu eğitimle alakalı bir husustur… Bu hususa dikkat edilmeli”.

Yusif Nəzərli, “Şərq” qəzetinin baş redaktorunun müavini: “Maraqlıdır, amma çox çətin məsələdir. İlin tələbəsini məncə ancaq universitetin daxilində seçmək doğru olar. Bunu həm də “facebook”da keçirmək ədalətli deyil. Çünki istənilən bir adam çabalar göstərib (dost-tanış, qohumu vasitəsiylə) özünü birinci edə bilər, belə adamı da məncə ilin tələbəsi elan etmək obyektivlikdən uzaq qalmaq deməkdir. Məsələn, elə tələbə ola bilər ki, onun internetə çıxışı məhduddur, amma onun da öz fovariti var. Daha yaxşı olar ki, qutu vasitəsiylə bu müəyyənləşdirilsin. Namizədlərin şəkkiləri çoxaldılsın və müəllim – tələbə qarışıq hər kəs ilin tələbəsi saydığı adamı qutuya atsın və bu proses hər gün təkrarlansın. Yəni bütöv cəmiyyətin bu seçimin iştirakçısı etmək mümkün deyil. Məsələn, bu şəkildə seçimlər indi Bakının bəzi ticarət mərkəzlərində aparılır. Yəni alıcılarla ən nümunəvi davranış göstərən satıcılar müəyyənləşdirilir. Sadəcə müəyyənləşmiş namizədlərin içindən ən yaxşısını seçmək lazımdır”.

Yusif Rzayev, “525-ci qəzet”in baş redaktorunun müavini: “Heç belə şey olar? Bəyəm ulduz seçirlər bunlar? Ayıbdır belə şey. Əlbəttə, obyektiv ola bilməz. Yəni doğrudan vacibdir ki, ilin tələbəsi seçilsin? Təhsil müəssəsi bundansa təhsilin səviyyəsini artırmaqla çalışsın. Bu kimə lazımdır ki? Mən belə şeyləri mənasız hesab edirəm. Yox əgər seçmək istəyirlərsə yəqin ki, təhsil müəssisəsinin daxilində olmalıdır bu proses. Amma belə səsvermə ile yox. İl ərzində tələbənin fəaliyyətinə baxılmalıdır və yaxud başqa bir sey. Məncə, istənilən variant bundan yaxşı olar. Bu yolla isə ayıbdır”.

Knyaz Aslan, publisist, şair: “Mən özüm kitabxanaşünaslıqda dərs deyirəm. Bizim fakültədə elə fəal tələbələr var ki, onlar seçilməyib. Bunu eşidəndə çox pis oldum. Fikrimcə ən fəal tələbələri müəllimlər seçməli və qiymətləndirməlidir. Əgər belə olmursa, onda biz müəllimlər nə işə yarayırıq?”.

Vurğun Əyyub, təhsil eksperti: “Belə bir səsvermə yolverilməzdir. İlin tələbəsini “facebook”dakı səsvermə ilə müəyyənləşdirmək olmaz. Bu səsvermələrdən qeyri-demokratik nəticə əldə olunur”.

Ceyhun Musaoğlu, Jurnalist Ekspert Mərkəzinin rəhbəri, yazar: “Facebookda və ya digər sosial şəbəkələrdə səsvermə keçirmək əlbəttə ki, yalnış yanaşmadır. Virtual dünyada çox şey edə bilərsən. Mən dostlarımdan xahiş edib 100 yox, lap 1000 səs yığaram. Burada boş-bekar adamlar nə qədər istəyirsən var. Bu doğru seçim deyil. Seçki deyilən şey vahid mexanizmdir. Qaldı ki, ilin tələbəsinə, bu anlayışın özünü başa düşmək çətindir. Onsuz da əvvəldən belə şey vardı ki, məktəbi, ya universiteti əla qiymətlə qurtardınsa ilin tələbəsi seçilirdin. Bu hər yerdə belə həyatda da, işdə də, amma bunu bəsitləşdirib və ya başqa hallara salıb seçkilər keçirməyin özü belə düzgün deyil”.

Sabir Məmmədli, Bakı Dövlət Universitetinin, Jurnalistika fakültəsinin dosenti: “İstənilən toplumda seçim olarkən əslində namizadləri müəyyən meyarlar üzrə seçirlər. Onların qabiliyyəti, iş bacarığı, fəaliyyəti əsas meyar kimi götürülməli idi. Bundan sonra onlar tələbələrə təqdim edilməliydilər. Facebookda səsvermə əsasən qeyri obyektiv bir şeydir. Son açıqlamaya görə ölkədə bu sosial şəbəkədən istifadə edənlərin sayi 490 min nəfər çatıb. Belə olan təqdirdə namizədlərin adlarını buraya çıxartmaq artıq lazımsız bir şeydir. Əgər seçim olurdusa gərək əvvəlcə hər bir tələbənin özünü insanlara tanıtması üçün mütləq bir bloqu olaydı. O burada öz fikrini yazıb bildirməlidir. Ondan sonra isə hər fakültədə müəllimlər və tələbələrin iştirakı ilə səsvermə həyata keçirilməli idi”.

Rizvan Qənbərli, Türkiyə-Azərbaycan Media Araşdırmaları Mərkəzinin sədri - Seçim üsulu normaldır, amma baxmaq lazımdır ki, kimlər səs verir, kimlər seçir. Əgər söhbət Bakı Dövlət Universitetində ilin ən yaxşı tələbəsindən gedirsə və əlaqəsiz insanlar “like” edərək bu tələbəni seçirsə bu düzgün deyil.

İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin tərcümə seksiyasının rəhbəri, yazar: ““Facebook”da səsvermə normaldır. Ölkədə tələbələrin bir çoxu bu sosial şəbəkədən istifadə edir. Ancaq bir şey var ki, “facebook”dakı səsverməyə yalnız həmin universitetin, daha doğru desək həmin fakültənin tələbələri qoşulmalıdır. Demokratiyanın qorunmasına isə yetkili şəxslər nəzarət etməlidir”.

OXŞAR XƏBƏRLƏR