BDU Jurnalistika tələbələrini ATV-dən qovdular (EKSKLÜZİV)

GƏNCLİK
07:58 17.07.2011
2777

“Salam AZXEBER.COM xəbər portalı. Sizə yarımçıq qalan praktikamız haqda yazmaq istəyirəm. Sözü çox uzatmadan keçirəm mətləbə. Demək belə... 


Səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Və biz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri təcrübə üçün ATV kanalına yollandıq. Hər il olduğu kimi bu il də 1 aylıq təcrübə müddəti təyin olunub ki, bu müddətdə hər bir tələbə qəzet redaksiyası, agentlik, radio ya da televiziyada praktik vərdişlərini artırsın. Həm çox həvəsli, həm də çox həyəcanlı idik, çünki keçən ildən fərqli olaraq bu il məhz TV-də təcrübə keçəçəkdik, daha çox şey öyrənmə şansımız var deyə düşünürdük. Ancaq,sən saydığını say, gör ATV nə sayır. Atv kanalı ilə ilk tanışlığımız kanalın prezidenti Tağı İbrahimovla başladı. Ondan eşitdiyimiz sadəcə bu sözlər oldu: “Aparın “bunları” yoxlayın görün savadları var ya yox. Varsa qalsınlar, yoxdursa göndərin getsinlər, bizə lazım deyillər”

Bakı Dövlət Universiteti kimi bir universitetin, həmçinin Jurnalistika fakültəsinin tələbələri necə savadsız ola bilər axı? Hər şey ilkin təəssüratdan başlanır. Absurd, düşünülməmiş sözlər artıq bizdə kifayət qədər ”rəy” yaratdı. Mən orada Tağı müəllimdən imkan versəydi soruşmaq istəyərdim ki, sizdə işləyən insanları da belə “savad yoxlanması”na göndərirsizmi?
Mən təcrübə alacağım yeri özüm seçsəydim bu kanal sonuncu yerdə belə olmazdı. Biz öz istəyimizlə yox, univeristetin təyinatı ilə ordaydıq.

Daha sonra bir-iki şəxslə görüşdük və nəhayət Xəbərlər redaksiyasına daxil olduq. Gördüyümüz soyuq münasibət öz kəskinliyi ilə davam edirdi. Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu bizi otağına dəvət etdi. Biz də təcrübəmiz barədə məlumat almaq üçün suallar verdik. Cavabında isə “Nə vaxt istəyirsiz gəlin. Az gəlsəz daha yaxşıdı, yəni gəlməsəz də olar. Bizə daha sərfəlidi”-deyə baş redaktor dedi. Və artıq hər şey aydın idi. Ruh düşkünlüyü olsa da yenə də yeni şeylər öyrənmək ümidi ilə “hörmətlə”qarşılandığımız həmin kanala getməyi qərara aldıq. Əslində, istəsəydik elə ordaca baş redaktorla razılaşıb təcrübəyə gəlməzdik və sadəcə təcrübə müddəti qurtaranda xasiyyətnaməmizi gedib alardıq. Təbii ki, biz bunu etmədik. Təcrübəmizin ikinci günü vaxt itkisi ilə keçdi, hətta başqa univeristetlərdən tələbələr də var idi. Redaksiyada oturmağa yer yox idi. Buna görə də vaxt təyin etdik və yalnız müəyyən etdiyimiz günlərdə təcrübəyə gəlməyi qərarlaşdırdıq. Artıq təcrübəmizin üçüncü günü və hələ ki heç bir şeyə nail ola bilməmişik. Müxbirlərlə tez-tez danışırıq ki, çəkilişə çıxanda biz də gedək. Amma bizim xəbərimiz olmadan çəkilişlərə gedilirdi, müraciət etməyimizə baxmayaraq bizə xəbər verilmirdi. Yoldaşlarla oturub çəkiliş gözləyirdik (yarımız ayaq üstə durub) və susuzluq artıq öz təsirini göstərirdi. Biz də yollandıq mağazaya su aldıq və redaksiyaya qayıtdıq. Böyük həvəslə susuzluğumuzu yatıranda müxbirlərdən birinin dediyi sözlərlə suyumuz boğazımızda qaldı. Sən demə Atv kanalının Xəbərlər redaksiyasının müxbirləri heç vaxt otaqda su içmirlər. Halbuki, biz susuzluğumuzu yatırdığımız həmin otaqda müxbirlərin masalarında çay, kofe var idi və onlar istədikləri vaxt suya olan tələbatlarını ödəyirdilər. Bizim eşitdiyimiz bunlar idi: “Siz burda süfrə açmısız, su içirsiz” Yəni, belə başa düşək ki, bura çox “ciddi”, “məsuliyyətli” redaksiyadır. Hətta,bu redaksiyada bizə bu sözlər deyilən anda kofe, çay içən müxbirlərdən əlavə qeyri-etik formada saqqız çeynəyən aparıcını da gördük.Və artıq bəhanə də hazır idi. Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu bizi otağına çağırdı və bu redaksiyadan son eşitdiyimiz sözlər bunlar oldu: “Xahiş edirəm buranı tərk edin,çıxın gedin..”
Sanki, adi bir məqamı gözləyirmiş kimi deyilən bu sözlər hər şeyi açıq aydın göstərir

2 gün sonra təcrübə rəhbərimizlə-müəllimimizlə həmin kanala getdik. Saat 12-00 idi və Xəbərlər redaksiyasının baş redaktoru bizə verilən məlumata görə hələ də gəlməmişdi. Kanalın “mühafizə xidməti” təqdirəlayiq iş görür. Vaqif bəy gəlməli idi ki, bizi və müəllimimizi içəri buraxsınlar. Təbii ki, bu da həmin kanalda, həmin redaksiyada axırıncı günümüz idi. Və nəticə göz qarşısındadır.
Jurnalistika yaradıcılıq işidir.Gələcəyin jurnalisti olmaq yolunda addımlayan insanlara belə münasibət olan yerdə təbii ki, peşəkarlıqdan söhbət gedə bilməz. Bu 3 günlük təcrübədə bilmədiklərimizi öyrəndik, görmədiklərimizi gördük (ixtisasımızla bağlı olmasa da). Öyrənmək istəyən insanları da həvəsdən öldürənlər var imiş. Hətta,özünü qarşısındakından ağıllı hesab edən insanlar da var televiziya məkanında. Artıq, elə bir rəy formalaşıb ki, o kanalın adı gələndə bizə deyilən sözlər qulağımda cingildəyir və əminliklə deyə bilərəm ki, jurnalist fəaliyyətimiz zamanı da o münasibəti unutmayacağıq. Təşəkkürlər ATV...

Xəyalə Mahmudova, BDU Jurnalistika fakültəsinin tələbəsi 

p.s. Mövzuya yenidən qayıdacağıq

 

OXŞAR XƏBƏRLƏR