Bu günlərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin rəhbərliyi ilə bir qrup professor-müəllim heyəti ABŞ Dövlət Departamentinin dəvəti ilə ABŞ-da səfərdə olublar.
BDU-nun Mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, səfərin əsas məqsədi hüquq ixtisasında mühüm yer tutan kliniki təcrübənin və BDU-da açılması nəzərdə tutulan “Enerji hüququ. Dəniz hüququ” üzrə magistratura pilləsinin daha əlverişli istiqamətdə inkişafı məqsədilə təcrübənin öyrənilməsi olub. Nümayəndə heyəti səfər zamanı Nyu Orleans şəhərində yerləşən və Amerika Universitetlər Assosiasiyasının fəal üzvü olan Tuleyn Universitetinin hüquq fakültəsində, Luizianna ştatının Şərqi rayonu üzrə Dairə Məhkəməsində, Amerikan Universitetinin Vaşinqton hüquq kollecində, Kolumbiya dairəsinin Ali Məhkəməsində, Virciniyanın Şərq Rayonu üzrə müvafiq qurumunda və nəhayət ABŞ Dövlət Departamentinin Avropa və Asiya Bürosunda müxtəlif səpgili görüşlər keçiriblər. ABŞ Dövlət Departamentinin Avropa və Asiya Bürosunda keçirilən son görüşdə nümayəndə heyətinin rəhbəri, professor Ə.Əliyev səfərin yekunları barədə geniş məlumat verib, bu səfərin nəticələrinin BDU Hüquq fakültəsi tərəfindən geniş təhlil olunacağını vurğulayıb. O, hüquq təhsilinin nəzəriyyədən təcrübəyə keçidinin faydalı olduğunu və bunun təcrübəyə daha hazırlıqlı mütəxəssislərin gəlməsinə təkan olacağını bildirib. Keçirilən bütün görüşlərdə bu cür təcrübə mübadilələrinin qarşılıqlı faydalı olduğu bildirilməklə, gələcəkdə bu cür layihələrə dəstək veriləcəyi də xüsusilə qeyd edilib. Eyni zamanda Tuleyn Universitetində görüşlərin nəticəsi olaraq həmin universitetlə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması məsələsi müzakirə olunub və tərəflər yaxın gələcəkdə bu məqsədin həyata keçirilməsi istiqamətində addım atacaqlarını müzakirə ediblər.