BDU-nun yataqxanalarında məskunlaşan məcburi köçkünlər Masazıra köçürüləcək

Bütün Xəbərlər
16:43 31.01.2011
2009

Hazırda ölkədə 120 mindən çox tələbə var. Onların qarşısında isə Azərbaycan Respublikasının gələcək taleyini qurmaq kimi möhtəşəm bir vəzifə dayanır. Lakin hazırkı vəziyyət tələbələrin öz talelərini qurmağa böyük maneələr yaradır. Bu maneələrdən biri də Bakıdakı universitetlərin yataqxanalarının öz profili üzrə fəaliyyət göstərməməsidir. Elə tələbələri narazı salan da budur.
“Tələbəyəm və 65 manat tələbə təqaüdü alıram. Lakin Bakıda ev kirayə etməyə məcburam və bu evin kirayəsinə 250 manat verirəm. Evdə qardaşımla ikimiz qalırıq. Ailəmiz bizə hər ay 500 manatdan artıq pul göndərir. Yataqxanaların olmaması tələbələrin yaşayışına mənfi təsir göstərir”, - deyə tələbə Rübabə Şəfibəyli şikayətlənib.
Universitetlərin yataqxanaları qaçqın və məcburi köçkünlər tərəfindən tutulduğundan Rübabə də bütün tələbələr kimi kirayə ev tutmaq məcburiyyətindədir. Bu isə ailə üçün əlavə xərc deməkdir. Övladını kirayədə saxlayan ailə ayda ən azı 100 manat əlavə pul xərcləməlidir. Çünki, Bakıda həyət evlərində iki nəfərlik kirayə otaqlar 200, bina evlərində isə 300 manatadır. Aylıq kommunal xərcləri də üstünə gələndə təxminən hər bir tələbəyə yatmaq üçün ayda 125 manat lazımdır. Azərbaycan tələbələri artıq 20 ilə yaxındır ki, yataqxanaların onlar üçün deyil, məcburi köçkünlər üçün olduğunu qəbul ediblər.
Lakin məcburi köçkünlər üçün də bu yataqxanalarda qalmaq xoş deyil. 1993-cü ildə Azərbaycanın Ağdam rayonunun işğalından sonra digər qaçqın ailələri kimi yataqxanalara yerləşdirilən Gülsüsən Məmmədova 2 nəfərlik otaqda ailəsinin 4 üzvü ilə birlikdə cəhənnəm əzabı keçirdiklərini bildirir. Şəhərin hay-küyündən, yaşadığı darısqallıqdan bezən Gülsüsən xanım nə vaxt torpaqlarına qayıdacağını səbrsizliklə gözləyir.
“20 yaşında 2 oğlum var. Hamımız bir otaqda qalırıq. Burada yaşamaq çox çətindir, doğurdan da dözülməzdir”, - deyə Gülsüsən Məmmədova qeyd edib.
Bir vaxtlar tələbə yaşayan Tələbə Şəhərciyində indi tələbələr üçün yer tapmaq olmur. Tələbə Şəhərciyinin direktoru Abbasəli Həsənov indi burada 700 məcburi köçkün ailəsinin məskunlaşdığını bildirib.
“Hazırda Tələbə Şəhərciyinin 6 binası və 2 yarımçıq tikilisi var. Burada 2 mindən artıq tələbə yaşaya bilər. Hər il sentyabrdan başlayaraq tələbələr bizə müraciətlər edirlər. Əksəriyyəti rayonlarda yaşayanlar olur. Bir boş yerimiz belə yoxdur. Ona görə də, tələbələrin əksəriyyəti kirayə qalır. Məcburi köçkünlər köçüb gedəndən sonra tələbələr burada yaşaya bilər. Gərək məcburi köçkün ailələri çıxandan sonra bina təmir edilsin”, - deyə Abbasəli Həsənov vurğulayıb.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından qovulan soydaşlarımız 1650 obyektdə məskunlaşıb. 262 məcburi köçkün ailəsi, yəni 14 min 980 ailə yataqxanalarda məksunlaşıb. Həmin yataqxanalardan 70-i Təhsil Nazirliyinin balansındadır. Bu 70 yataqxanada 27 minə yaxın məcburi köçkün məskunlaşıb. 
Mövcud problemləri nəzərə alaraq, hökumət bu yataqxanaların müvəqqəti sakinlərini, məcburi köçkünləri köçürmək qərarına gəlib. Dövlət başçısı sonuncu müşavirəsində bildirib ki, prosses tədricən olmalıdır. Artıq bu ildən onların köçürülməsinə başlanacaq. Bu prosesdə Bakı Dövlət Unuversitetinin yataqxanaları birinci siyahıdadır. BDU-nun 7 yataqxanası var ki, orada 758 ailə məskunlaşıb.
Qeyd edək ki, Universitet yataqxanalarında məskunlaşan məcburi köçkün ailələri Masazır qəsəbəsində duz gölünün sahilində 12 hektar boş sahədə salınacaq yeni binalara köçürüləcək. Həmin binalar çoxmərtəbəli olacaq. Beləliklə də, yaxın illər ərzində bütün tələbə yataqxanaları boşaldılacaq. Yataqxanalar boşaldılandan sonra isə binalarda əsaslı təmir işləri aparılacaq.

 

//ANS

OXŞAR XƏBƏRLƏR