BƏƏ-dən İrana sərt zərbə – “Bölgədə yeni müharibə ocağı yaranır” – RƏY

BƏƏ-dən İrana sərt zərbə – “Bölgədə yeni müharibə ocağı yaranır” – RƏY
MANŞET
12:52 19.08.2026
200

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranın raket hücumundan sonra Tehranla bütün maliyyə, ticarət və kommersiya əməliyyatlarını dayandırması regionda yeni suallar yaradıb.

Bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Həm beynəlxalq təhlükəsizliyə, həm də regional sülhə xələl gətirən regional eskalasiyanı nəzərə alaraq, İranla bütün maliyyə, ticarət və kommersiya əməliyyatları növbəti xəbərdarlığa qədər dayandırılır”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Qərarın iki ölkə arasındakı iqtisadi əlaqələrə, eləcə də onsuz da gərgin olan Yaxın Şərqdə siyasi və iqtisadi proseslərə necə təsir edəcəyi maraq doğurur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, BƏƏ-nin qərarı yalnız iki ölkə arasındakı münasibətlər çərçivəsində deyil, Yaxın Şərqdə təhlükəsizlik və iqtisadi balans baxımından qiymətləndirilməlidir:

 

"BƏƏ-nin İranla bütün maliyyə, ticarət və kommersiya əməliyyatlarını dayandırması yalnız ikitərəfli münasibətlər kontekstində deyil, Yaxın Şərqdə təhlükəsizlik və iqtisadi balans baxımından qiymətləndirilməlidir. Bu qərar göstərir ki, Əbu-Dabi regional təhlükəsizlik risklərini artıq iqtisadi maraqlardan ayrı nəzərdən keçirmir və Tehrana qarşı daha sərt mövqe nümayiş etdirməyə hazırdır”, – deyə politoloq bildirib.

Politoloq qeyd edib ki, İran üçün BƏƏ mühüm iqtisadi və logistika tərəfdaşlarından biridir. Buna görə də qərar Tehrana əlavə iqtisadi təzyiq yarada bilər:

"İran üçün BƏƏ xüsusilə mühüm iqtisadi və logistika tərəfdaşlarından biridir. Ticarət əlaqələrinin dayanması İranın maliyyə dövriyyəsinə, idxal kanallarına və regional biznes imkanlarına əlavə təzyiq yarada bilər. Eyni zamanda, bu qərar BƏƏ iqtisadiyyatına da müəyyən təsir göstərəcək. Çünki iki ölkə arasında illər ərzində formalaşmış ticarət və kommersiya əlaqələri kifayət qədər genişdir. Deməli, söhbət yalnız siyasi mesajdan deyil, qarşılıqlı iqtisadi itkilərə səbəb ola biləcək addımdan gedir”, – T. İsmayılov vurğulayıb.

Onun sözlərinə görə, regionda gərginliyin daha da artması enerji təhlükəsizliyi və qlobal bazarlar üçün də ciddi risklər yarada bilər:

"Daha geniş planda əsas məsələ Hörmüz boğazı və enerji təhlükəsizliyidir. Yaxın Şərqdə hərbi gərginliyin artması neft və qazın dünya bazarlarına daşınması ilə bağlı riskləri yüksəldir. Bu isə yalnız İran və BƏƏ-yə deyil, qlobal iqtisadiyyata da təsir göstərə bilər. Xüsusilə Asiya və Avropa ölkələri enerji qiymətlərində mümkün artımdan və logistika xərclərinin yüksəlməsindən təsirlənə bilər”, – deyə politoloq bildirib.

T. İsmayılov hesab edir ki, BƏƏ-nin bu addımı Körfəz ölkələrinin İranla münasibətlərində də yeni mərhələnin başlanmasına səbəb ola bilər:

"Siyasi baxımdan isə BƏƏ-nin qərarı Körfəz ölkələrinin İranla münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər. Əgər qarşılıqlı diplomatik kanallar işləməsə, iqtisadi məhdudiyyətlər genişlənə və regionda qarşıdurma xətti daha da dərinləşə bilər. Buna görə hazırkı qərarı həm İrana yönəlmiş iqtisadi təzyiq, həm də BƏƏ-nin öz təhlükəsizlik prioritetlərini sərtləşdirməsinin göstəricisi kimi qiymətləndirmək mümkündür”, – deyə politoloq əlavə edib.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR