"Bəlkə də bu sözümə görə məni qınayacaqlar, amma istəyirəm ki..." - MÜSAHİBƏ

GƏNCLİK
11:54 05.09.2012
2279

Onu tamam başqa bir insan kimi tanıyırdım. Mənə nədənsə elə gəlirdi ki, o, xaraktercə başqaları ilə ünsiyyətə bir az qapalı insandır. Amma müsahibə zamanı onun bilmədiyim başqa tərəflərinini də aşkarladım. Ondan müsahibə almaq istədiyimi dedikdə, ilk sualı bu oldu; " - Nə barədə?"... Ancaq, müxbirin vəzifəsi bir növ müsahibinin maraqlı tərəflərini aşkarlayıb oxucuya təqdim etməkdən də ibarətdir...

- Sahil, sizi daha çox "İrəli Radio"-nun rəhbəri kimi tanıyırlar... Amma mən istərdim ki, biz bu gün bir qədər də sizin blogger-lik fəaliyyətinizdən danışaq.

Mən ilk öncə sizi salamlayıram... Qeyd edim ki, blogger-lik fəaliyyətinə 2010-cu ildən başlamışam. Həmin vaxt "İrəli" İctimai Birliyinin "Weblog" layihəsinə qoşuldum və məhz bu layihədən sonra özüm də blog yazmağa başladım. Blog yazıları yazmazdan öncə, kompüterimdə bir qovluq yaratmışdım və mən burada gün ərzində baş verən hadisələri qeyd edirdim. Daha sonra yenə də "İrəli"-nin təşkil etdiyi "Media Akademiya" layihəsinin iştirakçısı oldum.Bildiyimiz kimi, "Media Akademiya" alternativ jurnalistika kurslarıdır və arzusunda olan hər bir gənc bu layihəyə qoşulmaqla, ölkədə artıq öz sözünü demiş jurnalistlərdən çox peşəkar səviyyədə dərs ala bilər. Bu layihədə öyrəndiklərimi tətbiq etmək zərurəti yarananda, elə "Media Akademiya"-nın ardınca "Weblog" layihəsi başladı və bu layihədə də özümü sınamaq istədim. Burada artıq "Media Akademiya"-da öyrəndiyim bilikləri tətbiq edərək gün ərzində baş vermiş hadisələri qələmə aldım və bloqumda da qeydlər aparmağa başladım.

- Bloqunuzda daha çox hansı məsələlərə toxunursunuz?

İndi bir çox bloggerlər var ki, bir xətt üzrə gedirlər. Öz bloglarında ancaq müəyyən bir mövzu haqqında yazırlar, yəni - siyasi, ictimai, sosial, mədəni sahələr haqqında qeydlər edirlər. Mən özüm isə çalışıram ki, hərtərəfli mövzuları əhatə edim. Bura həm mədəniyyət, həm siyasət mövzuları, həm də ölkədə baş vermiş ictimai-siyasi önəm daşıyan hadisələr də daxildir. Daha dəqiq desək bütün bu hadisələr barədə öz fikrimi mütəmadi olaraq qeyd edirəm.

- Son zamanlar blogger-lik sahəsində fəaliyyətinizin bir qədər zəiflədiyini hiss edirik. Bunu nə ilə əlaqələndirirsiniz?

Son zamanlar tez-tez blog yazıları yazmamağımın səbəbi, oxucunu yormamaq istəyimlə bağlıdır. Mən düşünürəm ki, tez-tez blog yazıları yazmaqla oxucunu yormaq olar. Eyni zamanda fikirləşirəm ki, tez-tez blog yazıları yazmaq oxucunu yora bilər və elə bir vəziyyət yarana bilər ki, artıq səni oxumasınlar. Hətta, mən deyərdim ki, ayda 1-2 dəfə blog yazısı yazmaq mütəmadi olaraq yazmaqdan daha üstündür. Çünki, fikrimcə, belə olduqda sən oxucu üçün daha da maraqlı olursan və oxucu artıq sənin növbəti yazını həvəslə gözləyir, nəinki adət halını almış yazılardan bezir... Bir nümunə də çəkim, bir insan bir film və ya verilişə bir-neçə dəfə təkrar-təkrar baxanda bezir. Məhz oxucunu bezdirməmək üçün daha az yazmağa üstünlük verirəm.

- Bu artıq qəbul olunmuş tendensiyadır ki, "Media Akademiya" tələbələri ayrı-ayrı sahələrdən jurnalistikaya addım atırlar. Mənim özümə çox maraqlıdır ki, siz nə üçün jurnalistikanın başqa sahələrini deyil, məhz blogger-liyi seçmisiniz?

Çox maraqlı sualdır. Əslində, bu günə qədər özüm bu haqda heç düşünməmişəm. Biz bilirik ki, hamımız sosial şəbəkələrin üstünlük təşkil etdiyi bir dövrdə yaşayırıq. İnsan öz fikrini çatdırmağın ən asan və maneəsiz yolu kimi sosial şəbəkələrdən istifadə edir. Amma bununla belə, fikirlərini "Facebook" vasitəsilə geniş insan kütləsinə çatdıra bilmirlər. Ən yaxşı halda isə, onun fikirlərini 1000-ə yaxın insan izləyir. Amma ayrıca blog-da yazılanları oxuyan insanlar həmin yazıları öz Facebook-profilində paylaşır və beləliklə də, onun profilində olan insanların vasitəsilə daha geniş auditoriya sənin yazın ilə tanış olur.Bu da onlarda həmin yazının müəllifinə qarşı bir maraq yaradır və onlar sənin blog-unu oxumağa başlayırlar.Bloggerliyin digər sahələrdən üstün olduğunu bir müddət əvvəl paylaşdığım yazımdan sonra bir

daha şahidi oldum. Həmin yazını "Facebook"-da mənim dostlarımın arasında olan bir-neçə nəfər öz profillərində paylaşmışdı və onların tanıdığı insanlar da bu yazını oxuyaraq paylaşmışdılar.Həmin insanlar o yazı haqqında öz fikirlərini də mənə yazırdılar. Mən ümumiyyətlə düşünürəm ki,bloggerlik digər sahələrdən daha üstündür.

- Bəs radioya sizi hansı maraq gətirmişdi?

Hələ tələbəlik illərimdə təhsil aldığım ali təhsil müəssisəsindəki kütləvi tədbirlərin aparıcılığı mənə həvalə olunurdu. Bununla yanaşı, həmin təhsil ocağının "Şən və Hazırcavablar" Komandasının kapitanı idim. Məktəb illərində dərs oxuyarkən özümü radio aparıcısı kimi təsəvvür edirdim və elə düşünürdüm ki, milyonlarla dinləyici həmin an məni dinləyir. İndiyə kimi həmin an dediyim sözlərim belə yadımdadır. Yeri gəlmişkən, mən bizə yaratdığı bu şəraitə görə "İrəli" İctimai Birliyinə öz minnətdarlığımı bildirirəm.

- Siz bu sahədə özünüzü kifayət qədər göstərmisiniz. Bəs bloggerlikdən başqa digər sahələrdə çalışmaq istərdinizmi?

Təbii ki, insan yaşadıqca onun məqsədləri də tükənmir. Mən də özümü gələcəkdə televiziya sahəsində aparıcı kimi görürəm və düşünürəm ki, bu sahədə də kifayət qədər inkişaf edə bilərəm. Artıq 3-4 ilə yaxındır ki, jurnalistika sahəsindəyəm. Amma bununla belə, nə jurnalistikada, nə bloggerlikdə, nə də radio aparıcılığında özümü peşəkar adlandıra bilmərəm. Düşünürəm ki, bu 3 il ərzində jurnalistika sahəsində tam olmasa da, yetərincə bilik əldə etmişəm. İştirakçısı olduğum "Media Akademiya" layihəsində bizə hər zaman deyirdilər ki, əgər peşəkar olmaq istəyiriksə, jurnalistika fəaliyyətinə ilk öncə qəzetdən başlamalıyıq. Ardınca müvafiq olaraq radio və televiziya sahələrinə üz tutmaq olar. Mən özüm də bu zamana qədər informasiya agentliklərindən birində və "AZXƏBƏR.COM" İnformasiya Portalında çalışmışam. Bununla yanaşı, 2 ilə yaxındır "İrəli Radio"-da fəaliyyət göstərirəm.

- Siz qeyd etdiniz ki, gələcəkdə televiziya sahəsində tanınan bir şəxs olmaq istəyirsiniz...Məlumdur ki, tanınmış simaların çoxu bir qədər tanındıqdan sonra, onları tam tanımaq olmur.Siz də gələcəkdə bu cür problemlə qarşılaşmaqdan qorxmursunuzmu?

Yox, əsla... (susur). Sadəcə, mən bir məsələni qeyd edim ki, təkəbbürlük hər bir insanın qanında olur. Yəni, azacıq tanındıqdan sonra insanlara yuxarıdan aşağı baxmaq... Bu gün bir çox ictimai-siyasi xadimlərimiz var ki, gənclər onları özlərinə nümunə hesab edirlər. Amma bununla belə onlar çox sadədirlər. Bu gün təkəbbürlü insanlar unutmamalıdırlar ki, onları tanıdan da, sevən də xalqdır və həmin insanlar daim xalqın yanında olmalıdırlar. Onlar çox zaman unudurlar ki, xalq onları əgər bu gün qaldırırsa, sabah qaldırdığı kimi endirə və gözdən sala bilər. Ancaq, daha öncə də qeyd etdiyim kimi, təkəbbürlük onların qanındadır. Amma mən özüm əgər gələcəkdə kifayət qədər tanınan biri olaramsa, tam əminliklə deyirəm ki, bu xüsusiyyətlərin heç birini yaxın buraxmayacam.

- Sahil, sizin həyatda ideal kimi qəbul etdiyiniz hər hansı bir insan varmı?

Belə bir fikir söyləyim ki, hər kəs həyata tək gəlir. İnsan daha çox çalışıb özü olmalıdır. Yəni özünü tapmalı və təsdiq etməlidir. İndiki dövrdə bəzi televiziya aparıcıları var ki, mən onları kompüterdə olan "copy-paste" əmrinə bənzədirəm. Onlar daim kimlərisə təqliq edirlər efirdə. Ancaq, daha öncə də qeyd etdiyim kimi, kimsənsə, çalışıb özün olmalısan və özünü tapmalısan. İnsan kimisə təqlid edəndə, çox süni alınır. Ancaq özü kimi olduqda... (susur).Mən özüm bu sahədə "Sahil Nağızadə" imzasını qoymaq istərdim, özüm olmaq istərdim.Bəlkə də bu sözümə görə məni qınayacaqlar. Amma istəyirəm ki, məni məhz bu imza ilə tanısınlar. Belə bir hadisə yadıma düşdü; Bir dəfə Napoleonun oğlu ona yaxınlaşır və Napoleon ondan; - Sən böyüyəndə kim olacaqsan? - deyə soruşur. Oğlu onun kimi general olmaq istədiyini bildirir... Napoleon isə ona belə bir cavab verir:

" - Sənin yaşında olanda, mən Allah olmaq istəyirdim, yalnız indi gəlib olduğum səviyyəyə çatmışam."

Mən heç də demirəm ki, hər kəs öz sahəsində Allah olmaq iddiasına düşsün, əsla yox...Təbii ki, hər bir kəs öz sahəsinin peşəkarı olmalıdır. Mənim də əsas məqsədim öz sahəmdə"Sahil Nağızadə" - imzasını qoymaqdır və Allahın köməyi ilə bunu da edəcəm.

- İnsanın məqsədinə çatması üçün müəyyən qədər zaman tələb olunur və bəzən bu zaman çox uzun çəkə bilər. Siz bu uzun zamanı vaxt itkisi olaraq dəyərləndirərdinizmi?

Hz.Mövlanənin gözəl bir sözü var: "- İtirdikləriniz üçün heç vaxt peşman olmayın. Çünki, onlar bir gün başqa bir surətdə sizin qarşınıza çıxacaqlar." Düşünürəm ki, əgər mən öz məqsədimə çatmalıyamsa, buna sərf etdiyim zaman mənim üçün vaxt itkisi ola bilməz. Bu yaxınlarda pianoçu dostlarımdan bir ilə söhbət edirdik. Söhbət əsnasında o mənə piano ilə məşğul olmağa başlayanda, bunu vaxt itkisi kimi qəbul edirdi dedi... Amma indi 16 il geriyə boylananda o qeyd edir ki, məhz piano ilə məşğul olmağa başladığına görə çox xoşbəxtdır və özünü elə bu sahədə tapmağa müvəffəq olub.

- Sizcə, öz sahəsində peşəkar olmaq üçün nə qədər vaxt lazımdır insana?

(Gülümsəyir). Bu suala cavab verməkdə bir qədər çətinlik çəkirəm. Amma onu düşünürəm ki, bu həyatda heç vaxt 100 faizlik heç nə yoxdu. İnsan ömrü boyunca oxumalıdır, öyrənməlidir. Tutaq ki, bu gün mən hansısa telekanala aparıcı olaraq işə başladım və artıq məni hər 100 tamaşaçıdan 99-u tanıyır, 200 tamaşaçıdan 50-si sevir, 150 tamaşaçı sevmir... Bu fakt mənim üçün peşəkarlığın göstəricisi deyil. Bu, mənim üçün sadəcə yeni bir mərhələyə qədəm qoymağım, yeni mərhələyə addımlamağım deməkdir.

- Bu gün sizi fikrinizi dəyişməyə nəsə vadar edə bilərmi?

Əgər hər hansı bir işi həyata keçirməyi qarşıma məqsəd kimi qoymuşamsa və ona doğru addımlayıramsa, bu yoldan məni Allahdan savayı heç vaxt heç kim döndərə bilməz. Əgər insan qarşısına nəsə isə məqsəd qoyursa, bu məqsədə çatmaq üçün hər bir çətinliyə hazır olmalıdır. Bir insan nəyisə qarşısına məqsəd kimi qoyubsa, öz məqsədinə çatmaq yolunda inamla irəliləməlidir. Tutaq ki, mən bu gün hansısa bir aparıcıya baxıb həvəslənərək onun kimi qızların sevimlisi olmaq və ya onun idarə etdiyi avtomobil kimi bir avtommobilimin olması məqsədilə yaşayıramsa, bir müddətdən sonra hər hansı bir çətinliklə qarşılaşanda, bu çətinlikdən "- Mən bacarmıram"- deyib qaçacağam.Mən düşünürəm ki, İnsanın düşdüyü çətinlklər ona mübariz olmağı öyrədir.Çünki, heç bir şeyi insan həyatda rahatlıqla əldə etmir və ya insan rahatlıqla əldə etdiklərinin qiymətini çox zaman bilmir.Deyək ki, sizə pulsuz bir küp qızıl verilib, siz onun qiymətini heç zaman bilməyəcəksiniz, ən azından ona görə ki, onu əldə etmək üçün heç bir əziyyət çəkməmisiniz.Amma, əziyyət çəkib hər hansı bir maddi dəyər daşımayan əşya sizin üçün o qədər qiymətli ola bilər ki...Çünki, siz onu əziyyətlə əldə etmisiniz.Təsəvvür edin ki, siz əziyyət çəkib adi bir daş əldə etmisiniz və bu an sizə pulsuz qızıl təklif edirlər...Sizin əziyyətlə əldə etdiyiniz adicə bir daş pulsuz verilən bir küp qızıldan qat-qat qiymətli olacaq, çünki, siz o daşı əldə etmək üçün zəhmət çəkmisiniz.

- Əgər siz bu gün jurnalistika sahəsində olmasaydınız özünüzü hansı sahədə görmək istərdiniz?

Mən bu sahədə olmasaydım... (bir qədər sükutdan sonra gülümsəyərək) - Maraqlı sualdır... Bu sahədə olmasaydım mühasib kimi fəaliyyət göstərərdim.

- Özünü bolger adlandıranlar sözünüz nə olardı?

Demək istərdim ki, fotodan xəbəri olmayanlar bu gün fotoqrafia ilə məşğul olur. Özünü də professional adlandırır. Bu isı fotoqrafiaya qarşı böyük günahdır(gülümsəyir).Mən demək istərdim ki, bloggerlik sizin üçün fotoqrafia sənəti deyil ki,əlinə aparat aldın və ikiüç şəkil çəkdin ardınca facebookda fan səhifə yaratdın. Blogerlik əsl sözü sevir. Əgər sən kimlərinsə yazdığını, hansısa informasia agentliyindən götürdüyün yazınıköçürübyerləşdirirsənsə səndən bloger olmaz.Fotoqrafianı korlamısan korlamısan da söz ilə işin olmasın...

- Və... Son olaraq, arzunuzu və fikirlərinizi eşitmək istərdik.

Mən sizlərə geniş oxucu kütləsi arzu edirəm. Necə ki, digər "AZXEBER.COM"-un baş redaktoru Əfsələddin Ağalarov deyir: "Çalışın heç vaxt xəbərə xəyanət etməyəsiniz, çünki, bu zaman xəbər də sizə xəyanət edər".

Ozal İbrahimli

Fərid AzəriFotoqraf: Elvin Tahirov

OXŞAR XƏBƏRLƏR