“Bəsdir uşaqlarınızı aldatdınız” - KÖŞƏ

“Bəsdir uşaqlarınızı aldatdınız” - KÖŞƏ
KÖŞƏ
01:16 01.01.2012
2272

Azər CƏFƏR

ƏN YENİ DÖVR 

Yalanlaşmış həqiqət, yoxsa həqiqətləşmiş yalan? Dünyanı idarə edən qüvvə,yoxsa bədbəxtlərin uydurması? VƏ ya həqiqətin açıq üzü?

Yolları bağlı olan hər bir kəs birinci əllərini göyə açır. Nə qədər gülməli də olsa ömrü boyu bir dəfə də əlinə Quran kitabı almayan biri öz ağ yalanlarını inandırmaq üçün bir söz birləşməsinə tərəf əyilir-QURAN HAQQI. Maraqlıdır, görəsən bu millət hara gedir?

Günlərdir otağımdan çıxmırdım .Neçə gün olduğu artıq yadımdan da çıxmışdı. Divardan asılan saatın əqrəblərinə baxıb insanın ölçü meyarı olan zamanın necə axdığına tamaşa edirdim. Qəribədir, əsrlər öncə özlərini alim adlandıran bir neçə nəfərin etməyə bir şeyi olmayıb və onlar sonda mənasızlıqdan yaşadıqları vaxtı ölçmək üçün zamanı, saatı kəşf ediblər. Sonra isə oturub axan zamanı daha aydın müşahidə etməyə başlayıblar.

İnsan doğulur. İlk gördüyü onu qoynuna alıb oxşayan valideyn qayğısı olur. Bir neçə saatdan sonra bələk və ondan sonra bir neçə il şirin qayğı görür. İllər keçdikcə isə o qayğının yavaş yavaş azaldığını hiss edir. Küsür həyatdan. Boynu bükük öz kiçik problemərini həll edə edə yaşa dolub, böyüyür. Məktəb, institut,ə sgərlik, iş tapıb, bir qarın çörək üçün əlləşir insan. Hər şeyin düzələcəyinə inana-inana zamanı zamana satır. Heç nə düzəlmir. Sevir,toy. Və bütün bu ştamplaşmış qaydaların sonunda önündə ilk dəfə çox uzun sürəcəyini bilməsə də hər anını bir sevinclə yaşayan valideyn qayğısı görən kiçik bir klonunu görür. Buna sevinir. O klon isə atasının yaşadıqlarını addım-addım keçib həmən duyğuları yaşayır. Sevinir, kədərlənir. Yəni hər şey bir bumeranq kimi geri qayıdır.

Ümumiyyətlə öz quruluşuna görə bütün yarananlardan fərqlənən insan ancaq zaman məhfumuna görə elə həmin yarananlarla da eyni sırada durur. Vaxt keçdikcə öz keyfiyyətini itirən hər şey kimi insan da vaxt keçdikcə çürüyür. Daha doğrusu ağlın, biliyin əlaməti olan qırışlar meydana gəlir insanda. Və bir gün bütün bu çatlara tab gətirməyən ürək sadəcə durur. Bu dünyaya gözüyumulu, zaman məhfumundan xəbərsiz gələn insan, o dünyaya da gözüyumulu gedir. Amma orda onu nə gözlədiyindən hələ xəbərsizdir.

Otağımın qapısı həmişəki kimi bağlı idi. Dəhlizdə qapının ağzında anamın səsini eşitdim: Zaur, durmursan, dur bala, gör Şaxta baba sənə nə gətirib.

Zaur balaca qardaşım idi .5 yaşı var idi .Məktəbə getməliydi bu il. Hər il anam atamla birgə ona kiçik hədiyyələr alır və onu inandırmağa çalışırdılar ki, Şaxta baba gətirib onunçün bunları. Qardaşım da buna inanır və anamın dediyi kimi hər il gələn 31 dekabr üçün bir hədiyyə arzu edirdi özünə. Beləcə bir ili bu arzuyla başa vurur, ya o hədiyyəni anamgilin imkanı çatsa alıb ona verir, guya ki arzusunu şaxta baba yerinə yetirdi, hədiyyə alına bilinməyəndə isə başqası ilə əvəz olunurdu. Uşağın arzusu ürəyində qalırdı. Bəhanə isə bu olurdu ki, hələ o şeyə yaşın çatmır. Şaxta baba deyir bir az da yekəlməlisən. Ötən il pleyer istəmişdi özü üçün. Mən valideynlərimin xasiyyətin bilirdim. Ancaq son anda hər şey yadlarına düşərdi. Bu arzusu haqda eşidəndə Zaurun, özümə söz vermişdim ki, bu bir ili pul yığıb onunçün pleyer almalıyam. Çünki valideyinlərimə qalsa hələ onun yaşı çatmayacaqdı bu hədiyyəyə. Bu isə ona çox pis təsir edəcəkdi. Ayağa durdum. Dünəndən bəri qəşəng bir rəngli kağıza büküb, üstünə-Azərdən Zaura-sözləri yazılmış hədiyyəni balışımın altından götürüb, əynimi geyinib bayıra çıxdım. Dünən evi bəzəmişdik. Şarlarla, rəngli zərlərlə bəzədilmiş pillələrlə 1-ci mərtəbəyə endim. Anam və atam Zaurla yolkanın yanında dayanmışdılar. Zaur əlində nə isə bir hədiyyə açırdı. Gözlədim, Zaur hədiyyəni açıb baxdı, gözləri doldu, bu balaca bir avtomobil idi. Zaur doluxsunmuş halda-Axı məndə beləsi var. Bəs siz deyirdiniz şaxta baba hər şeyi bilir?

Anam ona baxıb - Hə o, bilir hər şeyi, amma dedi hələ balacasan, pleyer bir sonrakı ilə qalsın-deyib onun başını tumarlayır. Zaur heç bir söz deməyib hədiyyəni yerinə qoyur. Dönüb getmək istəyir ki, mən onu saxlayıram-Hara,bəs qardaşının hədiyyəsinə baxmayacaqsan?- deyib əlimdəki qutunu ona uzadıram. Zaur sevincək qutunu alıb bir göz qırpımında onu açır və pleyeri görüb sevinir. İndi onun sevinci yerə göyə sığmırdı. Mən də sevinirdim. Axırıncı dəfə onu nə vaxt belə gördüyüm yadımda deyildi. Qaça -qaça otağına keçir. Onun arxasınca baxıram. Elə bu vaxt atam mənim qolumdan tutub sərt hərəkətlə özünə tərəf çəkir, otağın bir küncünə aparıb üzümə hirslə baxır. Anam da gəlir.

ATAM-Etdiyini necə başa düşüm?

MƏN-Qardaşının arzusunu yerinə yetirən qardaşı necə başa düşmək olar, o cürə.

ATAM-Sən elə bilirsən ona yaxşılıq edirsən

ANAM-O axı hələ uşaqdır. O indi oyuncaqla oynamalıdır, musiqiyə qulaq asmalı deyil.

ATAM-Başa düş, biz də belə böyümüşük.....

O hər dəfə bu sözü işlədəndə mən özümdən çıxmaq həddinə gəlirdim, amma heç vaxt ona bu günkü kimi cavab verməmişdim -Bəsdirin, biz belə böyümüşük, biz belə böyümüşük. Artıq zaman dəyişib, artıq uşaqlar sizin dövrün uşaqları deyil. Onlar tamam başqa şeylər istəyirlər. Bəsdirin daha uşaqları boş boş xəyallarla yatızdırdınız. Yoxdur yeni il, zaman elə həmən zamandır. Onu siz özlüyünüzdə təzələyirsiniz. Bu il ötən ilin son günüdür. Sabah nə olacaq, heç nə, həmən səhər, həmən problemlər,h əmən duyğu və hisslər. Sadəcə günün qabağındaki tarix dəyişəcək vəssalam-mən danışdıqca atamın əlləri boşalırdı. Elə bil heç vaxt gözləmirdi ki, kimsə ona bu sözləri desin. O heç vaxt bu barədə düşünməmişdi. Nə uşaqlıqda, nə indi .İnanmırdı ki, kimsə ondan ağıllı olar-Şaxta baba da yoxdur. O heç vaxt gəlməyib, heç vaxt da gəlməyəcək. Bəsdirin nağıllarla öz uşaqlarınızı, öz gələcəyinizi monqollaşdırdınız. - atamın gözləri dolmuşdu. Həm hirsindən dodaqlarını çeynəyir ,həm də bunun nə ilə bitəcəyini gözləyird i-Nə olacaq bu uşaqdan, kim olacaq hər şeyini uydurma Şaxta babadan istəyən bu insandan? O heç öz istəyi üçün, öz məqsəd və amalı üçün çalışmayacaq da.

Budurmu tərbiyə-Anama baxıram- Ana bəs sənə nə olub. Sən ki namaz qılan adamsan, yalan nə deməkdir bilirsən axı.-gülürəm -Bu da müsəlman, öz gələcəyini indidən aldadır. Onu heç şəhərdəki şənliklərə də aparmayın. Bir düşünün biz nə edirik. Normal bir insanın üzünə saqqal yapışdırıb Şaxta baba adıyla öz övladımızı aldadırıq. Bəyənmədiyimiz xristianlar nə edir, övladıyla oynayan Şaxta babanın üzündəki maskanı çıxarıb onun adi, lap onun atası kimi bir insan olduğunu, sadəcə pul qazanmaq üçün bu yolu dənədiyini başa salmaq istəyir indidən o - heç nə başa düşmür -dediyiniz uşağa.. -Heç sözümü bitirməmiş qulağımın dibindən dəyən şillə məni ayıldır. Atam heç vaxt belə etməmişdi .Özü də donub qalır. Mən isə sakitcə onlardan aralanıb bir də o heyrət dolu üzlərinə baxmamaqçün evdən çıxıram. Qapının ağzına çatanda Zaurun mənə baxıb ağladığını görürəm. O hər şeyi eşitmişdi. Anlayırdı da. Axı o insan idi.

OXŞAR XƏBƏRLƏR