Beşəmlərin anası uşaqları ilk dəfə göstərdi: Adları məlum oldu - VİDEO

SOSİAL
14:08 26.07.2021
6736
Xəbər verdiyimiz kimi, 12 iyun tarixində Azərbaycanda 29 yaşlı Lamiyə Mürşüdlü beşəm dünyaya gətirmişdi. 
 
AZXEBER.COM 40 gün sonra xəstəxanadan çıxan uşaqların ailəsində qonaq olub. 
 
Övladların anası Lamiyə Mürşüdlü ilə müsahibəni təqdim edirik: 

 
- Bu gün beşəmlərin 40 günü olur. Özünüzü necə hiss edirsiniz?

- Beşəm anası olaraq 40 gün sonra özünü həm sevincli, həm də vaxt darlığından yorğun hiss edirəm. Birinin yeməyi bitərkən digərinin başlaması və bu halın davam etməsi yorucudur. Ancaq bu yorğunluq analıq hissi də qarışdığı üçün sevinclidir.

- Uşaqların səhhəti necədir?

- Uşaqların səhhəti yarımçıq doğulmuş olmaqlarına baxmayaraq, 40 gün sonra xəstəxanadan çıxmaq böyük uğurdur.

- Artıq 40 gün keçir və usaqlara hansı adları qoymusunuz?

- Bəli, 40 gündən sonra uşaqların adlarını qoyduq. Beşəmlər doğularkən də qeyd etmişdik ki, uşaqların adlarını adətə uyğun olaraq nənə və babaları qoyacaq. Elə də oldu. Birinci oğlumun adını qayınatam Altay, ikinci oğlumun adını mənim atam Emil, dördüncü oğlumun adını yoldaşım Turan, qızımın adını isə iki nənə birlikdə Alesya qoydular.

- Bəs siz ad qoymada iştirak etmədiniz?

- Təəssüf ki, mənim özümə qalmadı (gülür)

- Artıq evdəsiniz. Çətin deyil 4 uşağa baxmaq?

- Çox yaxşı sualdır. Dörd uşağa yoldaşımla bərabər baxıram. Sabahdan evdə tək olacam və görək necə baxacam (gülür).

- Dövlət tərəfindən hansı dəstəkləri aldınız?

- İcbari Tibbi Sığortadan aldığımız dəstək xəstəxana xərclərinin qarşılanması oldu. Bu bizim üçün böyük dəstək idi. Bildiyiniz kimi, biz ilk müraciətimizi də də bu dəstək üçün etmişdik ki, bizə reanimasiya xərclərin qarşılansın. 40 gün ərzində edilən yardıma görə başda cənab prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk.

- Həkiminiz gələn il yenə övlad istəsəniz bütün xərcləri pulsuz edəcəyni dedi. Yenidən ana olmaq istəyirsiniz?

- Analıq hissi əvəzsiz bir hissdir. Özüm tibb işçisi olduğum, ginekologiya şöbəsində uşaqlarla işlədiyim dövrlər olub. Mənim üçün onlar hər zaman dünyanın möcüzəsi olub və mənə övladından imtina edən anaların bu addımı çatmayıb. Şərt deyil dünyaya gətirib atsınlar, hamiləlik dövründə onlardan imtina edən analar tanıyırdıq biz. Bu hal mənim üçün çox ağır idi. Mən ana olduqdan sonra təkrar əmin oldum ki, övladdan imtina etmək olmaz. Bu Allahın sevinci, imtahanıdır. Səhhətim imkan verərsə və bu hal gerçəkləşərsə mən övladdan əsla imtina etmərəm.

- Dövlət basçısı beşəmlərin səhhəti haqda maraqlanıb. Bu haqda danışardınız...

- Bəli, mən əməliyyatdan çıxdıqdan sonra bu haqda məlumat aldım. Uşaqlar dünyaya gələnə qədər hər şey yaxşı idi. Uşaqların ağlama səsini eşitdikdən sonra sevinc gəldi mənə və uşaqlar yarımçıq doğulduqlarına görə reanmasiya şöbəsinə yerləşdirildilər. Uşaqların ağlamaq səsini artıq eşitməmək məndə bir stress yaratdı və məni əməliyyatda məcbur olub, yatızdırdılar. Özümə gəlməyə başlayanda yanımda ilk olaraq Emin doktor gördüm və o mənə bu sevincli xəbəri çatdırdı. O, Cənab prezidentin salamlarını çatdırdı və şəxsən bizi nəzarətdə saxladığını dedi. Bu bizim üçün sevindirici bir xəbər idi. Həmin an keçirdiyim hissləri izah edə bilmərəm. Sadə bir vətəndaş olaraq cənab prezidentdən gələn diqqət və qayğını hiss etmək əvəzolunmaz bir hissdir.

- 40 gün ərzində başqa kimlər sizə dəstək oldu?

- 40 gün xəstəxana dönəmində yoldaşım, ailəmiz, iş kollektivim və ginekoloq Öndər Tulumbacı daim səhhətimizlə maraqlanırdı. Bir dönəm oldu ki, rəhmətə gedən oğlumuza qan lazım idi. Və biz sosial şəbəkə vasitəsilə elanlar verirdik. Tanımadığımız insanlar bizə dəstək olurdular. Hətta övladımız rəhmətə gedəndə belə, bundan xəbərsiz vətəndaşlar qan vermək üçün zəng edirdilər. Biz onlara artiq qan lazım deyil, övladımız rəhmətə gedib dediyimizdə onların dəstəyin digər tərəfində ağladıqlarını eşidirdik.

Günel Hüseynli,
Video: Mayil Hümbətov

OXŞAR XƏBƏRLƏR