Bu gün saat 19.00-da Nizami Kino Mərkəzində “Bəxt üzüyü” bədii filminin ekranlara çıxmasının 20 illiyinə həsr olunmuş bədii axşam keçiriləcək.
Bu barədə AZXEBER.COM-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, “Bəxt üzüyü” kinokomediyası Azərbaycanın müstəqillik dövründə çəkilmiş ilk filmlərdəndir və bu günə kimi ən çox baxılan filmlər sırasındadır. Film “Qara Qayafilm” studiyasında rejissor Ramiz Əzizbəyli tərəfindən çəkilib. Ssenari müəllifi Ramiz Əzizbəyli (Orxan Fikrətoğlunun iştirakı ilə), operatoru Amin Novruzov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Nizami Bəydəmirov, bəstəkarı Eldar Mənsurovdur. Rollarda Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyova, Nəsir Sadıxzadə, Rafael Dadaşov, Muxtar Maniyev, Cahangir Novruzov, Arif Quliyev, Nuriyyə Əhmədova və başqaları çəkilib. Filmdə mahnıları Ramiz Əzizbəyli, Firəngiz Rəhimbəyova və Mübariz Tağıyev ifa ediblər.