‘Bəziləri elə düşünürdülər ki, məscidi elə dövlət orqanlarının özləri yandırıb’ – TƏHLİL

‘Bəziləri elə düşünürdülər ki, məscidi elə dövlət orqanlarının özləri yandırıb’ –  TƏHLİL
Bütün Xəbərlər
13:07 03.12.2014
959

Təhlükəsizlik hər zaman aktual olan məsələdir. Strateji baxımdan əhəmiyyətini itirməyən bu məsələ bütün fəaliyyətlərin kökünü təşkil edir. İzahata ehtiyacı olmayan sözügedən fəaliyyət qeyd etməyi vacib hesab edirik ki, bu gün gündəmin önündə dayanır. Bir yandan müharibə şəraiti, digər tərəfdən isə son zamanlar radikal cərəyanların fəaliyyətinin artması cəmiyyətin təhlükəsizlik simptomları barədə bir daha düşünməyə vadar etməklə yanaşı, bu məsələni vacib edən şərtləri bir daha da aktuallaşdırıb.

AZXEBER.COM-un məlumatına görə, bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı əməliyyat keçirib. 2014-cü il noyabrın 26-da saat təxminən 02:04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar. Namiq Nəsibovun üzərindən "Makarov" tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun üzərindən isə “Smit-Vesson” markalı revolver aşkar edilərək götürülüb. N.Nəsibov və E.Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Müəyyən edilib ki, N.Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriya Ərəb Respublikasının PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. N.Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra E.Ələkbərovla birgə PKK terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. N.Nəsibov və E.Ələkbərov internetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.

Mətbuata verilən açıqlamada bildirilir ki, Qaraçuxur məscidini yandırmaqda şübhəli bilinərək saxlanılanlardan şəxslərdən biri N.Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur. N.Nəsibov Suriyada könüllü həkim kimi fəaliyyət göstərib. İxtisasca həkim olan Kürdüstan Qızıl Aypara Cəmiyyətinin (Heyva Sor Kurd) xətti ilə "Emel”(Umid) xəstəxanasında təcili təxirəsalınmaz tibbi yardımda işləyən könüllülrəin sırasına qoşulub. 2001-2013 Baki Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışıb.  Xatırladırıq ki, ötən il N.Nəsibov üzərində PKK terror təşkilatının başçısı Abdullah Öcalanın şəkli olan köynək geyinərək, terrorçunu paytaxt Bakıda təbliğ edərkən gündəmə gəlib. Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur. N.Nəsibov Ronahi Kürd Mədəniyyət Mərkəzinin sədr müavini vəzifəsində işlədiyini açıqlamışdı.

Millət vəkili Fazil Mustafa Qaraçuxur məscidini yandıran şəxs barəsində danışarkən mətbuata deyib ki,  məscidi yandıran şəxsin PKK-lı olması təəccüblü deyil: “Çünki bu terror təşkilatı üçün müqəddəs sayılan bir şey yoxdur. Guya kürd xalqının maraqlarını təmsil etdiyini iddia edən bu qurumun militanları Türkiyədə kürd uşaqlarının oxuduqları məktəbi yandırırlar ki, bu uşaqlar savadsız böyüsünlər və PKK üçün əsgər arsenalına çevrilsinlər. Yəni öz xalqının gələcəyinə də yanaşma tərzləri budur. Təəccüblüsü odur ki, bir neçə dəfə həmin şəxsin PKK simvollarını sosial şəbəkədə təbliğ etməsi, müxtəlif çağırışlar səsləndirməsi bu günədək müvafiq qurumların diqqətindən yayına bilib".  Millət vəkilinin fikrincə, bu fakt əsasında Azərbaycanda PKK-nı rəsmi qaydada terrorçu təşkilat kimi tanımaq və onun mümkün strukturlarına qarşı mübarizə aparmaq fürsəti yaranıb:  "Bu addımı biz Türkiyənin xətrinə etdiyimizi düşünməməliyik, çünki Türkiyə hökuməti ilə PKK lideri Öcalan arasında əvvəlki vaxtlardan fərqli xeyli mehriban münasibətlər mövcuddur. Biz bunu öz təhlükəsizliyimizin təminatı üçün etməliyik. Bu gün məscidi yandıranların, sabah hansı addımlar atacaqlarını proqnozlaşdırmaq çətin deyil", - deyə deputat qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov isə sözügedən hadisə ilə bağlı mətbuata açıqlamasında bildirib ki, əgər Qaraçuxur qəsəbəsindəki məscidi yandırmağa cəhd edən şəxslər hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə, qısa müddət ərzində aşkar edilərək istintaqa cəlb edilməsəydi, Azərbaycanda çox ciddi xoşagəlməz hallar baş verə bilərdi.

O qeyd edib ki, həmin şəxslər Suriyada PKK terror təşkilatının nəzarətində olan ərazilərdə gedən döyüşlərdə iştirak ediblər. Onların planları və niyyətlərinə nəzər saldıqda isə bunun Azərbaycan üçün nə qədər təhlükəli və arzuolunmaz olduğunu görə bilərik: “Onlar törətdikləri əməlin mahiyyətini başa düşsələr də, düşməsələr də, bu, ölkədə çox ciddi və xoşagəlməz hadisələrlə nəticələnə bilərdi. Məlum olduğu kimi, onların Azərbaycanda bu kimi silsilə hadisələr həyata keçirmək planları olub. Onlar təkcə Qaraçuxur məscidində yox, nifrətlərini ifadə etmək üçün “əhli-sünnə” təriqətinə mənsub insanların toplaşdığı digər məscidlərdə də belə aksiyalar keçirə bilərdilər. Bu isə böyük narahatçılığa və qarşıdurmalara səbəb ola bilərdi. Ona görə də, MTN tərəfindən vaxtında PKK terror təşkilatının Azərbaycanda yenicə yaradılmış “Yekbun” qanadının, eləcə də məsciddə yanğın aksiyasını törətmək istəyənlərin vaxtında aşkarlanması və istintaqa cəlb olunması çox təqdirəlayiq haldır. Bu, bir daha bizim hüquq-mühafizə orqanlarının peşəkarlığından xəbər verir. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından qısa müddətdə effektli tədbir gördüklərinə görə, MTN-in rəhbərliyinə və bu əməliyyatda iştirak edən hər bir əməkdaşına öz minnətdarlığımızı bildiririk. Bir daha deyirəm ki, əgər bu hadisənin üstü qısa müddətdə açılmasaydı, çox böyük narahatlıq və söz-söhbətlər yarana bilərdi. Çünki hətta bəziləri elə düşünürdülər ki, məsciddəki bu hadisəni elə dövlət orqanlarının özləri ediblər”.

DQİDK sədrinin müavini gələcəkdə bu kimi aksiyalara cəhd edənlərə, o cümlədən, dini radikallıq yolunu tutanlara, Azərbaycanda milli və dini zəmində qarşıdurma yaratmaq istəyənlərə ismarıc da göndərib: “Qaraçuxur məscidində yanğın hadisəsini törədənlər, eləcə də, bu cür niyyəti olan şəxslər bilsinlər ki, istər Suriyada, istər digər ölkələrdə dini zəmində baş verən hadisələrdə müəyyən qüvvələrin maraqları, əlləri, fəaliyyətləri var. Suriya ərazisində törədilən münaqişə heç də qruplaşmalar arasında deyil, dünyadakı böyük geosiyasi və geoiqtisadi maraqları olan qüvvələr tərəfindən təşkil olunub. Ona görə də biz arzu etməzdik ki, Azərbaycan vətəndaşları belə münaqişələrə cəlb olunsunlar. Onlar başa düşməli və unutmamalıdırlar ki, onlar Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Onlar başqa ölkələrdə baş verən münaqişələrə qatılaraq müxtəlif oyunların oyunçuları olmamalıdırlar. Çünki həmin münaqişələrin onlara nə bir aidiyyəti, nə də bir faydası var. Onlar anlamadan müxtəlif oyunların oyunçusuna, istifadə edilən vasitəyə çevrilirlər”.

Dövlət Komitəsi rəsmisi qeyd edib ki, hazırda ölkədə dini vəziyyət stabildir, hüquq-mühafizə orqanları da öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, lazım olan məsələləri nəzarətdə saxlayırlar: “Ölkədə baş verən proseslərin, tendensiyaların hamısı nəzarətdədir. Dövlət Komitəsi olaraq biz də bizə aid prosesləri nəzarətdə saxlayırıq. Ölkədə dini maarifləndirmə istiqamətində öhdəmizə düşən öhdəlikləri yerinə yetirməyə çalışırıq. Deyə bilərəm ki, bu istiqamətdə artıq xeyli dönüş var. Artıq bu yola düşən sıravi insanlardan bir neçəsi səhv yola düşdüyünü anlayaraq kömək üçün bizim din xadimlərimizə, Dövlət Komitəsinə müraciət edirlər. Əgər məscidlərə toplaşanlara və ətrafda gedən proseslərə diqqət yetirsək, görərik ki, xeyli müsbət dəyişikliklər var. Artıq insanlar həqiqəti anlamağa başlayıblar. Ona görə də onlar belə radikal fikirlərdən və bu cür yollara düşməkdən çəkinirlər. Müraciət edənlərin arasında müxtəlif məzhəb və cərəyanların nümayəndələri var. Onlar müəyyən bilgilər almaq istəyirlər. Məlum olur ki, onlara dini, eləcə də, gedən proseslər haqqında verilən ilkin bilgilər yanlış olub. Keçirilən görüşlərdən, aparılan söhbətlərdən və izahat işlərindən sonra həmin insanlarda artıq köklü dönüş hiss olunur. Artıq onlar başa düşürlər ki, əvvəlki, ilkin "müəllimləri" onları yanlış yola yönəldiblərmiş”. Rəsmilər tərəfindən açıqlanan məlumatlardan da göründüyü kimi, situasiya heç də bir o qədər ürəkaçan deyil. Yəni, təhlükəsizlik məsələləri üzərində bir daha düşünməyi tələb edir. Xüsusilə də, internet resurslarda, sosial şəbəkələrdə daima aktiv fəaliyyət göstərən müxtəlif cərəyanlar, radikal qruplar sabitliyi pozmaq istiqamətində səy göstərirlər. Bu hal isə təhlükənin hər an yaxında olduğunu ortaya qoyur. Qaraçuxur qəsəbəsində baş verən olay və sonra keçirilən antiterror əməliyyatı isə haqqında bəhs etdiyimiz təhlükəsizlik məsələsini gündəmin ən aktual sırasına çıxarır. Mətbuatın informasiya yarışında təhlükəsizliyin qorunması üçün isə məsuliyyət hesab edirik ki, bütün inzibati tədbirlərin önünə keçməlidir. Çünki təzyiq üsulları müəyyən qədər operativlikdən uzaq olduğu üçün məsuliyyətdən doğan addımlardan sonra gəlir...

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR