Onlardan 5 min manat siqnalizasiya pulu yığılır; verməyənlər isə döyülür
“Neçə günlərdir ki, "Binə" ticarət mərkəzində mağaza sahiblərindən siqnalizasiya pulu adı ilə hər dükan sahibindən 5 min manat pul yığılır. İstənilən məbləği verməyənlərin mağazaları zorla bağlanır, şikayət edənlər isə döyülüb təhqir olunur".
AZXEBER.COM-un məlumatına görə, bu sözləri “Yeni Müsavat”a müraciət edən “Binə” ticarət mərkəzində mağazası olan Tariyel Həsənov deyib. Şikayətçi “Binə” bazarının rəhbəri Kəbirə Məmmədovanın artıq yarmarkadakı bütün satıcıları bezdirdiyini vurğuladı.
“Evimi satıb gəlib buradan mağaza aldım ki, çörəkpulu qazanım. Onu da burnumdan gətirdilər. Mən buradakı mağazamı 100 min manata almışam. Bundan əlavə olaraq ayda 4 min manat da icarə haqqı verirəm. İndi də Kəbirə Məmmədova öz adamları ilə gəlib siqnalizasiya pulu adı ilə hər mağaza sahibindən 5 min manat tələb edir. Tanışlıqla bu pulu 3500 manata salmaq olur. Prokurorluğa şikayət ərizəsi yazılıb. Ona 100 nəfərdən artıq şəxs qol çəkmişdi. Kəbirə Məmmədova bu sahibkarların hamısını bir-bir yanına çağırtdıraraq öz adamlarına döydürüb. ”Binə" bazarında baş verən yanğına görə fövqəladə hallar naziri Kəmaləddin Heydərov buranın bağlanmasını tələb etmişdi. Görünür, Kəbirə Məmmədova bu pulları yığıb kimlərəsə verəcək ki, “Binə” bazarı bağlanmasın. Biz - canı boğaza yığılmış satıcılar artıq mitinq keçirməyi düşünürük. Bəlkə o zaman səsimizi kimsə duyar və Kəbirə Məmmədovanın özbaşınalıqlarına dur deyər" - deyə Tariyel Həsənov bildirib.