Radikal müxalifətin ərsəyə gətirdiyi ilk təbliğat mitinqi nə idi ki, növbətisi də nə olsun?
Hamı gördü ki, həmin toplantıda absurd şüarlardan, fantastik vədlərdən savayı heç nə səslənmədi.
Mitinq iştirakçıları sona qədər heç özləri də anlamadı ki, hara və niyə gəliblər?
Hamı ağız-ağıza verib, küyə düşüb, eyforiyaya qapılmışdı. Mənasız çıxışların mənasız təsirində idilər. Və deyim ki, onların simasından da açıqca sezilirdi ki, artıq ortalıqda heç bir ideyanın, siyasi məfkurənin, məntiqi ardıcıllığın, rabitənin və ən nəhayət arxasınca gediləcək müxalif liderin olmamasının fərqindədirlər.
Sadəcə 20 ildən sonra bunu etiraf etməyə utanırlar. Yüz faizlik fiaskoya bilərəkdən öz növbəti tövhələrini verirlər. Və ya belə deyək, qarşıdan gələn ənənəvi məğlubiyyətin dadını, tamını günü bu gündən bilsələr də, onu həzm etməyə çətinlik çəkirlər.
AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Milli Şuranın növbəti mitinq anonsuna münasibət bildirərkən söyləyib.
“Əgər diqqət yetirdinizsə, həmin mitinqdə öndə gedən plakatlar belə, yumoristik şüarlarla, mətnlərlə bəzədilmişdi. Hətta tribunadan aqressiv və (guya) sentimental ifadələr də səslənəndə dəxilsiz gülüşlərlə müşayət olunurdu. Bilirsinizmi niyə?
Çünki, bu binəvalar nəinki siyasəti, hətta artıq millətçiliyi, dövlətçiliyi, Prezident seçkiləri kimi ciddi bir marafonu da lağ-lağı obyektinə çeviriblər. Bir-biri ilə artistlik, təlxəklik yarışına giriblər. Həmin mitinqlərə çayxana əvəzi gəlirlər.
Gəlirlər ki, bəlkə kimsə bunlara üçdən-beşdən “humanitar yardım” edər, 2003-dəki kimi ciblərinə “mitinq haqqı”qoyar, yol pulu, çay pulu verər.
Başbilənləri - Cəmil Həsənli isə nağıllar aləmindən çıxmamağa sanki qərarlı kimi görünür. Elə bilir hıqqana-hıqqana danışdığı 6 dəqiqəlik efir vaxtı, bir də mitinqdə yarısını deyib, yarısını unutduğu şer ilə aləmi vurub bir-birinə.
O isə anlamır ki, o bərbad, dağınıq nitqlə 6 gün- 6 gecə belə durmadan, sərasər danışsa, yenə bu millətin, bu xalqın illər uzunu formalaşan siyasi təfəkkürünü, seçimini dəyişdirə bilməz.
Azərbaycan vətəndaşı hər seçkidə Cəmil kimi yüzünün xoruzunu qoltuğuna verib, yola salıb. Hətta deyim ki, qoltuğu açıla qaldığından həmin yolu xoruzsuz gedənlər də olub...”- deyə politoloq fikirlərinə davam edib.