Budur, görüşdük... İllər nə tez keçdi... Tez keçmədimi səncə? Bir siqaret yandır— Baxım gözlərinə doyunca... Bir siqaret ömrü qədər uzansın bu qəfil görüş. Dayanaq üz-üzə, Sən həsrətli, mən boynu bükülmüş... Amma, Danışma, sən allah. Danışsan, “Xoşbəxtsənmi?” soruşacaqsan, Mənsə... hönkürəcəyəm... Bir siqaret yandır, Közünə alışıb yanan ruhum, Külünə ölən arzularım qovuşsun— Dərdlərim dərdlərinin halını soruşsun... Bir siqaret yandır— Tüstüsündə mən yanım, acısında sən. Həsrətli baxışlarında tənhalığıma təsəlli axtarım, Yarımçıq yanan siqaretində sönən ümidlərimi Və səninçün darıxanları görüm— İçimdə hönkürüm, hönkürüm... Sevgini rədd etdiyim, Qüruruna qalib gəlib dönəcəyini gözlədiyim günləri xatırlayım, Peşmanlığın acısını yaşayım— səndən xəbərsiz... Sən allah, tüstülü baxışlarınla qəlbimi oxumağa çalışma, tənhalığımı görmə, amandır... O biri siqareti məndən uzaqda yandır— Bir siqaret ömrü qədər peşmanlıq yetər mənə... Çıx get evinə-eşiyinə, Allah xətrinə... Sədaqət ƏHMƏDOVA