Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında

Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
SOSİAL
01:00 08.11.2026
92
Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi zamanı bəzi hallarda problemlər yaranır. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan şəxslərin təhsil müddətində 23 yaşına çatması ilə bağlı yaranan hüquqi qeyri-müəyyənlik də bu problemlərdən biridir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov da "Facebook" paylaşımında məhz bu kateqoriyadan olan şəxslərin hüquqları ilə bağlı məsələni gündəmə gətirib.

Belə ki, "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunun 5-ci maddəsinə əsasən, müvafiq kateqoriyadan olan təhsilalanlar üçün imtiyaz və güzəştlər nəzərdə tutulur. Qanunvericiliklə müəyyən edilmiş şərtlər çərçivəsində onlara davamiyyətlərindən asılı olmayaraq artırılmış təqaüd ödənilir, təhsillərini başa vurduqdan sonra isə birdəfəlik müavinət verilir.

"Lakin qanunvericilikdə təhsil aldığı müddətdə 23 yaşına çatan, amma hələ məzun olmayan şəxslərin vəziyyətinin necə tənzimlənməsi aydın deyil. Nəticədə tələbənin 23 yaşı tamam olduqda sosial təminatlarının dayandırılması problemi yaranır. Halbuki elə tələbələr var ki, bu yaş həddinə təhsillərini başa vurmağa cəmi bir neçə ay, hətta bir gün qalmış çatırlar. Əgər bu təminatların məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin təhsil almasına və müstəqil həyata başlamasına dəstək göstərməkdirsə, təhsil müddətində yaş həddinin tamamlanması həmin dəstəyin dayandırılması üçün nə dərəcədə əsaslı səbəbdir?" - deyə o bildirib.

AZXEBER.COM mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Çıxış yolu tapmalıyıq"

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov tələbələrin 23 yaşına çatdıqdan sonra dövlət təminatından məhrum olması məsələsinin həllini vacib hesab edir.

"Hazırda bu məsələnin müzakirəsi Milli Məclisin gündəliyində yoxdur. Amma bu, olduqca ciddi və aktual problemdir. Çünki tələbələrimiz cəmi bir neçə gün fərqlə belə bir çətinliklə üzləşirlər. Hesab edirəm ki, gələcəkdə bu məsələyə ciddi yanaşmalı və çıxış yolu tapmalıyıq. Çünki bu vəziyyət ailələrimiz və övladlarımız üçün problemlər yaradır. Problemin qarşısını almaq üçün müəyyən addımların atılmasına ehtiyac var", - deyə deputat bildirib.

Millət vəkili hesab edir ki, Elm və Təhsil Nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələnin həllini diqqətdə saxlamalıdır.

"Təhsilin davamlılığı və sosial ədalət prinsipləri əsas götürülməlidir"

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, valideyn himayəsindən məhrum olmuş tələbələrin sosial müdafiəsi ilə bağlı qanunvericiliyin tətbiqində təhsilin davamlılığı və sosial ədalət prinsipləri əsas götürülməlidir.

"Ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan, valideyn himayəsindən məhrum olmuş şəxslərlə bağlı qanunvericilikdə müəyyən edilən yaş həddi təhsil prosesi davam edərkən tamamlandıqda, onların sosial təminatlarının davam etdirilməsi məsələsi aktuallaşır. Bəzi hallarda tələbənin təhsilini başa vurmasına cəmi bir neçə ay, hətta bir neçə gün qalır, lakin həmin müddətdə onun 23 yaşı tamam olur. Nəticədə sosial təminatların, güzəştlərin və təhsili başa vurduqdan sonra nəzərdə tutulan birdəfəlik müavinətin taleyi ilə bağlı suallar yaranır. Burada əsas problem yaş həddinin mövcudluğundan daha çox, həmin həddin təhsil prosesi davam edərkən tamamlanmasının hüquqi nəticələrinin aydın və birmənalı şəkildə tənzimlənməməsidir", - deyə ekspert bildirib.

Onun fikrincə, bu istiqamətdə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi məqsədəuyğun olardı.

"Hesab edirəm ki, təhsil müddətində 23 yaşı tamam olan şəxslər üçün keçid mexanizminin nəzərdə tutulması vacibdir. Belə bir mexanizm onların təhsillərini yarımçıq qoymaq riskini azalda və məzunluq mərhələsində sosial müdafiəsini gücləndirə bilər. Qanunvericilikdə aydın mexanizmin yaradılması həm hüquqi müəyyənliyi təmin edər, həm də sosial ədalət və humanizm prinsiplərinin praktikada daha dolğun həyata keçirilməsinə xidmət edər", - deyə İ.Orucov vurğulayıb.

Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında - Foto

"Qeyri-müəyyənlik tətbiq zamanı mübahisələrə səbəb olur"

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevin fikrincə, qanunun müvafiq müddəaları birlikdə nəzərə alınmalıdır.

"Qanunda 23 yaş həddi müəyyən edilib. Təhsil müəssisələrində təminatları dayandırarkən də bu müddəaya əsaslanırlar. Amma həmin qanunun 5-ci maddəsində təhsil müəssisəsini bitirənədək tam dövlət təminatı nəzərdə tutulur. Məsələni araşdırarkən hər iki müddəa nəzərə alınmalıdır. Qanunun müddəaları arasındakı qeyri-müəyyənlik onların tətbiqi zamanı mübahisələrə səbəb olur", - deyə hüquqşünas bildirib.

Ə.Nuriyevin fikrincə, artıq yaranmış ödəniş tələbi ilə təminat hüququnun davam etməsi məsələləri bir-birindən fərqləndirilməlidir.

"23 yaşına çatmış tələbə məzun olubsa, müavinətin köçürülməsinin gecikməsi onun bu hüququnu itirməsinə səbəb olmamalıdır", - deyə o qeyd edib.

Hüquqşünas hesab edir ki, "bütün sosial müavinətlər dayandırılır" ifadəsinin də dəqiqləşdirilməsinə ehtiyac var.

"Şəxsin başqa əsaslarla aldığı sosial ödənişlər bu qanundakı yaş həddinə görə avtomatik dayandırıla bilməz. Təhsilini başa vurmağa az qalmış tələbənin dəstəkdən məhrum edilməsi onun məzun olmasını çətinləşdirə bilər. Buna görə də sosial müdafiə tədbirlərinin nəticəsi qiymətləndirilərkən bu hal mütləq nəzərə alınmalıdır", - deyə Ə.Nuriyev bildirib.

Onun fikrincə, mövcud mübahisələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir.

"Müvafiq hüququ 23 yaşına çatana qədər əldə etmiş tələbənin həmin vaxt təhsil aldığı proqram üzrə təminatları normativ təhsil müddətinin sonunadək saxlanılmalıdır. Belə şəxslərin məzunluq müavinətlərini yaşlarından asılı olmayaraq alması qanunvericilikdə ayrıca qeyd edilməlidir. Dəyişiklik maliyyə öhdəlikləri baxımından da nəzərə alınmalı, təhsil haqqının ödənilməsinə dair normalar və tətbiq qaydaları uyğunlaşdırılmalıdır", - deyə hüquqşünas fikrini yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR