Bu sözləri Mingəçevir rayonundan festivala qoşulan truppanın rejissoru Nuranə Mahmudova söyləyib.
Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Festivala 4 bölgə truppası və 6 paytaxt truppası qoşulub. Mövzu ilə bağlı olaraq AZXEBER.COM portalının əməkdaşı bölgələrdə gedən işlərlə maraqlanıb.
İsmayıllı rayonundan festivala qoşulan gənclərdən təşkil edilmiş truppanın rejissoru Kənan Mustafayev işlərin uğurla davam etdiyini söyləyib: “Artıq, rollar bölünüb. Hazırda qaralama məşqlər gedir. Ssenaridə də bəzi düzəlişlər etmişik və inanıram ki, festivalda çox böyük uğur əldə edəcəyik. Hazırda qeyd edim ki, rolları oynamaq üçün 12 gənci bir araya toplamışam. Hər birinə rolları paylanılıb. Ən yaxşısını etmək üçün çalışırıq”.
Mingəçevir rayonundan festivala qoşulan gənclərdən təşkil edilmiş truppanın rejissoru Nuranə Mahmudova bütün rolların paylanıldığını söyləyib: “Artıq bizdə də rollar bölünüb. Oktyabrın 12-dən sonra biz məşqlərə başlayacağıq. Bildiyiniz kimi hazırda şəhərimizdə müstəqilliyimizin 20 illik yubileyinə həsr edilmiş konsert proqramı keçiriləcək. Buna görə, biz məşqləri oktyabrın 12-dən sonraya saxlamışıq. Onu da qeyd edim ki, biz Bakıya birincilik üçün gəlirik”.
Əfsələddin Ağalarov