Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki konfrans işini bu gün də davam etdirir.
Məlumunuz olduğu kimi, "İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfransın həmtəşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi və TDT ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası, İSESKO, İRSİKA, Müsəlman Ağsaqqalları Şurasıdır. Konfransda Seyyid Yəhya Bakuvinin fəlsəfi irsində mötədil İslam nəzəriyyəsi və Türk dünyasının mənəvi inteqrasiyasındakı yeri, Avrasiya və Qafqaz xalqlarının mənəvi inkişafında Bakuvi təsəvvüf məktəbinin rolu, Qlobal təsirlər fonunda, qadın haqları və gənclərin mənəvi maariflənməsi sahəsində Bakuvi nəzəriyyəsi, ənənəvi məktəblər, müasir və innovativ metodlar, Bakuvi irsinin insan qardaşlığı və multikulturalizm ideyalarının yayılmasına töhfələri, Bakuvinin ekstremizm, ksenofobiya və separatizm ideyalarına qarşı mötədil İslam təfəkkürü mövzuları ətrafında çıxışlar dinlənilir, müzakirələr aparılır.
Tədbirdə Azərbaycanın və türk-islam dünyasının zəngin dini-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti də qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev konfrans iştirakçıları ilə görüşündə işğal dövründə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb. 65 məscidin Ermənistan dövləti tərəfindən tam dağıdıldığını, bəzilərinin yarıdağılmış vəziyyətdə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam Azərbaycanla Ermənistan arasında sülh perspektivi ilə tarixi yaddaşın bir-birinə qarşı qoyulmamasıdır. Dövlət başçısı müharibənin dayandığını, sülh prosesinin getdiyini və Azərbaycanın sülhün uzunmüddətli olmasında maraqlı olduğunu bildirir. Bununla yanaşı, Xocalı faciəsinin, dağıdılmış məscidlərin və milli-mədəni irsə vurulmuş zərərin unudulmayacağını vurğulayır. Sözsüz ki, Azərbaycan sülh tərəfdarı olsa da, xalq öz keçmişini unutmayacaq. Bu yaddaş revanşist siyasət üçün deyil, gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün bir xəbərdarlıq və təhlükəsizlik mexanizmidir. Dövlət başçısının sözləri ilə desək, məhz bu yaddaş Azərbaycanın ayıq olmasına və "şirin sözlərə” aldanmamasına xidmət etməlidir.
Dövlətimiz üçün əsas çağırış bundan sonra əldə edilmiş nəticələri qorumaq, Qarabağda davamlı həyatı təmin etmək və Ermənistanla münasibətlərdə sülhü möhkəmləndirməkdir. Bununla yanaşı, milli yaddaşın qorunması gələcək nəsillərə 30 illik işğalın nə demək olduğunu anlatmaq baxımından da strateji əhəmiyyət daşıyır.
Məlahət İbrahimova, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, "Tərəqqi” medalı təltifçisi











































