Bizim də öz Allahımız var

Bizim də öz Allahımız var
Bütün Xəbərlər
00:54 23.11.2013
1089

Elşən MusayevBeynəlxalq siyasətdə bütün oyunlar çox şaxəli və çox gedişlidir.

Bu məkanda standart vəziyyətlər, əbədi dostlar və daimi tərəfdaşlar olmur. Heç deyim ki, ümumbəşəri dəyərlərin belə, kompleksi olmur.Niyə? Çünki, bütün məsələlərə durduqları yerdən, işləri keçən səmtdən və nəhayət özlərinə sərf edən rakursdan, pəncərədən baxırlar. Bu söylədiyim ələlxüsus da fövqəl-dövlətlərə aiddir. Məsələn Amerika üçün İraqda kütləvi qırğın törətmək, bir Qəddafi uğruna bütöv bir Liviya xalqını qanına qəltan eləmək, Suriya boyda dövləti illərdir psixoloji basqı altında saxlamaq, ya da canım sizə desin -“Quantanamo” həbsxanasında saxlanılan insanları ailələrindən xəbərsiz min cür işgəncəyə məruz qoymaq demokratiyaya zidd deyil, amma Azərbaycanda və ya ixtiyari bir dövlətdə hansısa “makler”in, dələduzun həbsi insan hüquqlarına qarşı “hayqırı”dır.Və ya Rusiya: Dostdur, qardaşdır, qonşudur, tərəfdaşdır. Amma ad üstündə, kağız üzərində. Həm də hamı üçün. Ən azından bütün qonşular üçün!Rusun ideologiyasında, eyni zamanda aparmış olduğu qonşuluq siyasətində sanki bir kompleks, təkəbbür elementləri var. Onlar bizimlə və ya qeyrisi ilə deyil, Qərb və Avropa İttifaqı ilə bəhsə-bəhsdədir. Amma məsələ burasındadır ki, həmin bəhsə-bəhsdən doğan bütün konfliktlər və ziddiyyətlər yekun olaraq qəlpələrini və zərbələrini həm də bizə atır, bizə vurur...***Rusiya öz tərəfdaşını zəif görmək istəyir. Səbəb də bəllidir: Çünki, onlara zəif dostlar sərf eləyir. Məsələn Ermənistan: Gömrük ittifaqına gir – baş üstə! Filan təşkilata üzv ol, çıx, orda otur, burda dur – yenə baş üstə! Əlqərəz hər şey baş üstə. Amma Azərbaycan bunu eləmir axı... O zaman belə olan halda neyləmək lazımdır? – Bizim kimi müstəqil, balanslı siyasət yürüdən, onların təbirincə isə ipə-sapa yatmayan dövlətlər üçün zəmin yaratmaq lazımdır. Problem, konflikt, ziddiyyət zəmini! Ya da heç olmasa əldə olanları saxlamaq.Məsələn: Dağlıq Qarabağ münaqişəsi. İlin-günün bu vaxtnda bundan gözəl problemmi ola bilər? Təbii, xeyr. Amma deyim ki, bəzi insanların bu kontekstdə də yanaşma tərzi yalnışdır və ya onlar düşünür ki, Ermənistan Rusiyaya yaxındır, burda lobbi fəaliyyəti, xristian faktoru və s var. Amma əslində belə deyil.Ermənistanın Rusiya üçün həqiqətən əlahiddəlik statusu yoxdur. Sadəcə Rusiyanın özü bu konfliktin var olmasında, davam etməsində maraqlıdır. Həm də onun üçün heç bir əhəmiyyəti yoxdur-kim haqqlıdır, kim haqsızdır, ədalət kimin tərəfindədir, günah kimin boynundadır. Sadəcə düşündüyü tək bir şey var: Problem çözülməsin. Vəssalam. Və inanın qarşı tərəf, yəni Ermənistan belə eyni adlı problemin həllində hər hansı bir loyal siyasət yürütməyə qalxsa, çox ciddi bir təpki ilə üzbə üz qalacaq. Eynən bir zamanlar qaldığı kimi...Amma ortalıqda çox maraqlı digər bir məqam da var: Və ya, nə zaman ki, Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir araya gəlir, mütləq Rusiya tərəfdən hər hansı bir formada qığılcım hiss olunmalıdır. Yəqin məlumatınız var, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ermənistan dövlət başçısı arasında Vyanada növbəti görüş baş tutub. ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə. Və bu hadisəyə qarşılıq bir neçə saat fərqi ilə Putin bəyan edir ki, Ermənistan Belarusun Hava Hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi prosesinə cəlb edilir. Nə deməkdir bu? Hər halda ən azından təsadüf demək deyil. Və ya Ermənistana “geri çəkilmə” ismarışını göndərməkdir. Həm də incə bir formada. Ya da ortalıqda başqa bir mesaj var. Hansı ki, bizə bəlli deyil...Eyni adlı mövzu ilə bağlı keçən həftə mətbuat konfranslarının birində Rusiyanın xarici işlər naziri Sergey Lavrova belə bir sual ünvanlamışdılar. Ki, niyə hər dəfə qonşu dövlətlərlə bağlı həssas məqam yarananda Rusiya bu qədər canfəşanlıq eləyir? Cavab çox sadə olmuşdu: Sizlər hər hansı bir hadisə arasında uyğunluq və rabitə görə bilərsiniz. Amma inanın ki, bunlar hamısı təsadüfdür...Amma təsadüfün də bu qədəri olmaz axı. Və ya məsələni ən azından Dağlıq Qarabağ kontekstində müzakirə etməli olsaq o zaman görərik ki, həmin təsadüflərin bir ucu da problemlə bağlı bir az ümid yaranan kimi cəbhə bölgələrində anidən yaranan qarşıdurmaya, insan tələfatına, terrora, hətta Ermənistan parlamentindəki o məşhur qətliama qədər gedib çıxır axı... Buna nə deyək bəs?!***Hələ Putin danışıb, Amerika dala qalıb. O dəqiqə Kozlarıçın ağzı ilə elə eyni gündə, hətta eyni saatda “Azadlıq” radiosuna müsahibə verdiriblər. Başlığı da bu cür çıxarıblar: “Dağlıq Qarabağ probleminin həlli indiki mərhələdə inandırıcı görünmür” - Yəni biz də varıq. Ağsaqqalların birini unutmusuz. ATƏT-lə – filanla iş keçməz. Bir də bizi görmək lazımdır...Nə qəribədir: Problem bizim, əziyyət bizim, özlərinə əl qatansa bunlar. Amma deyim ki, elə hər şeydə belədirlər. Bir-biri ilə bəhsə-bəhsdədirlər. Hətta bütün tənqid və tərif zolaqlarında. Məsələn, prezident seçkilərindən az sonra Amerika ilə kiçik bir diplomatik konfliktimiz oldu. O dəqiqə Rusiyada miqrant məsələsi qalxdı. Və ya seçkidən öncə Putin Bakıya gəldi, bir sıra xoşməramlı görüşlər keçirdi, üzərindən saatlar ötməmiş Amerika ATƏT-in əli ilə hələ keçirilməmiş seçki haqqında bəyanat verdirdi.İndi, bunların hamısı təsadüfmü olası oldu?***Siyasətdə, ələlxüsus Beynəlxalq siyasətdə atılan bütün addımlar bumeranq effektlidir. O enində-sonunda fırlanıb özünə qayıdır. Amma mütləq qayıdır! Məsələn Rusiya miqrant problemini qaldırıb guya Azərbaycana göz dağı və ya görk vermək istəyirdi, amma əvəzində neonasizm meylləri ilə üzbəüz qaldı. Və ya bir daha bayaq haqqında danışdığım mövzuya - Rusiyanın Belarusla bağlı Ermənistan həmrəyliyinə qayıtmaq istəyirəm: Bununsa cavabı Merkeldən gəldi.Həm də heç gözləmədik anda. Almaniya Kansleri Bundestaqda etdiyi çıxış zamanı Ukrayna üzərindən Rusiyanı elə bir şəkildə vurdu ki, bu söhbətin əks-sədasının hələ uzun müddət səngiyəcəyini zənn etmirəm. Xanım Merkelin həmin çıxışından çox önəmli bir bəndi sizlərin də diqqətinə çatdırmaq istəyirəm: “Putin bir şeyi anlamalıdır: Dövlətlər gələcəklə bağlı qərarlarını özləri verir. Üçüncü bir tərəfin istənilən konfliktə və məsələyə müdaxiləsi yolverilməzdir. Eyni zamanda Gömrük İttifaqı kimi təşkilatlardan siyasi alət kimi istifadə etmək, bunun müqabilində isə postsovet dövlətlərini Avropa İttifaqından uzaqlaşdırmaq - aparılan yanlış siyasətin konturlarıdır və biz bunu birmənalı şəkildə qınayırıq”.Deyəsən, əsl təsadüf bax bu oldu. Və ya bir az el dilində desək: Bizim də öz Allahımız var.Nə deyirik, olsun təsadüflərin bu qədəri. Nəhayət, biz də sevək təsadüfləri...

OXŞAR XƏBƏRLƏR