BOKT-lar və lombardlar insanları necə soyur? – “Nəzarət gücləndirilməlidir”

BOKT-lar və lombardlar insanları necə soyur? – “Nəzarət gücləndirilməlidir”
İQTİSADİYYAT
12:24 26.05.2026
2177
Son illərdə vətəndaşlara kreditlərin Bank Olmayan Kredit Təşkilatları (BOKT) vasitəsilə verilməsi geniş yayılıb. Lakin yüksək faiz dərəcələri bir çox hallarda borcların qaytarılmasını çətinləşdirir və insanların maliyyə yükünü artırır.

Ötən gün sabiq maliyyə naziri Fikrət Yusifov açıqlamasında BOKT-ların 30-35 faizlə kredit təklif etdiyini bildirib və bu cür kredit təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılmasının vacibliyini vurğulayıb.

İqtisadçı Natiq Cəfərli isə AZXEBER.COM-a açıqlamasında bildirib ki, bank olmayan kredit təşkilatlarının bazarda müəyyən payı mövcuddur:

"Bank olmayan kredit təşkilatlarının bazarda müəyyən payı var. Bu pay əsasən daha riskli kreditlərin verilməsi üzərində qurulub. Belə ki, bəzi müştərilər banklardan kredit əldə edə bilmədikdə, kredit tarixçələri zəif olduqda və ya sənədləşmə ilə bağlı problemlərlə üzləşdikdə BOKT-lara müraciət edirlər. Yəni bazarda bu xidmətə real tələbat var və onu sadəcə ləğv etməklə problemi həll etmək mümkün deyil”.

İqtisadçı qeyd edib ki, BOKT-ların tamamilə ləğv olunması çıxış yolu hesab edilmir:

"Daha səmərəli yanaşma ciddi lisenziyalaşdırma və nəzarət mexanizmlərinin tətbiqidir ki, faiz dərəcələri həddindən artıq yüksək olmasın. Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə müəyyən addımlar atır. Ümumilikdə isə faizlərin yüksək olması risklərin idarə olunması ilə bağlıdır. Əhalinin bu xidmətə tələbatı olduğu halda onu tamamilə ləğv etmək əlverişli variant hesab edilmir. Əks halda, qeyri-rəsmi sələmçilik hallarının artması riski yarana bilər ki, bu da arzuolunan deyil”.

Şəhanə Ziyad
OXŞAR XƏBƏRLƏR