Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu il aprelin 30-da baş vermiş terrorun qurbanlarını anmaq üçün rəsmi tədbir nəzərdə tutulmur.
AZXEBER.COM-un məlumatına görə, bunu “Media forum” saytına ADNA-nın prorektoru Qasım Məmmədov deyib: “Bu cür anım tədbiri keçirməyə ehtiyac yoxdur. Tələbələri həyəcanlandırmamaq üçün rəsmi tədbir keçirilməyəcək. Terror dünyanın hər bir yerində olur. Tədbir keçirməklə hadisəni tələbələrin yadına salıb onların əhval-ruhiyyəsini aşağı salmaq istəmirik”. Qasım Məmmədov bir qrup gəncin aprelin 30-da aksiya keçirmək çağırışına da münasibət bildirib: “Gənclərin keçirəcəyi yürüşə heç bir ehtiyac yoxdur. 30 aprel olayı faciədir. Dövlət səviyyəsində buna qiymət verilib. Hər il həmin tarixdə yürüş keçirib terror baş verən korpusun qabağında şam yandırmaq, gül qoymaqla nə əldə edəcəklər? Belə bir abidə yoxdur. Boş bir binanın qarşısına güllər qoymaqla, şamlar yandırmaqla nə əldə edəcəklər?” “Facebook” sosial şəbəkəsində 30 aprel terror qurbanlarını anım aksiyası elan edilib. Aprelin 29-dək 1000-dən çox gənc aksiyaya qatılacağını bildirib. Şəbəkədə yaradılan “30 Aprel - ADNA terrorunun 4-cü ildönümü” virtual qrupu vasitəsilə yürüşə altı mindən çox istifadəçi dəvət olunub. Aprelin 30-u saat 15-də Azərbaycan Dövlət Neft Akademiyası 2-ci korpusun qarşısına yürüş planlaşdırılır. 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Azərbaycan Dövlət Neft Akademiyasının paytaxtın Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən korpusuna silahlı basqın edərək 12 nəfəri qətlə yetirib, 15 nəfəri yaralayıb, daha sonra özünü öldürüb. Azərbaycanda bu cinayətə görə dörd nəfər məhkum olunub - Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov. Bu şəxslər terroru Fərda Qədirovla birgə Gürcüstan vətəndaşı, Marneuli rayonunun Şulaver kəndində yaşayan Mardun Qumaşyanın sifarişi ilə hazırlamaqda təqsirli biliniblər. Bak Ağır Cinayətlər Məhkəməsi Cavidan Amirov, Nəcəf Süleymanov və Nadir Əliyevə ömürlük, Ariz Qabulova isə 11 il azadlıqdan məhrum etmə cəzası təyin edib. Mardun Qumaşyan hazırda Marneuli rayonunun Şulaver kəndində yaşayır. Azərbaycan onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib.