AZXEBER.COM tanınmış vəkil Nurlana Quliyevanın portalımıza verdiyi müsahibəni təqdim edir:
- Neçə ildir vəkil kimi fəaliyət göstərirsiniz?
- Artıq illərdir ki, bu sahədə çalışıram və insanlara yardım edirəm.
- Nurlana xanım, son illər Azərbaycanda boşanmaların sayında çox sayda artım müşahidə olunur. Bu cür müraciətləri ümumi təhlil etsək sizcə, cütlüklərin boşanma qərarı almalarının əsas səbəbi nələrdir?
- Bir hüquqşünas olaraq deyə bilərəm ki, həqiqətən də bu gün cəmiyyətimizdə evlənənlərin sayından çox boşananların sayına rast gəlmək mümkündür. Bunun bir sıra səbəbləri var. Cütlüklərin biri-birini evlilikdən öncə daha yaxşı tanıma imkanlarının olmaması, sosial bərabərsizlik, maddi imkanların olmaması, uşaq problemi və bir çox məsələlərin adını sadalamaq olar. Təbii ki, boşanmaların hüquqi müstəviyə keçməsindən öncə cütlüklərin maarifləndirilməsi üçün seminarlar təşkil edilməli, onlara mövcud problemin həllinin son olaraq məhkəmə olduğu aşılanmalıdır.
- Nikah anlayışı nədir və nikahın hüquqi əsasları nədən ibarətdir?
- Nigah bütün dövrlərdə mövcud olmuş və hər bir dövlətdə müvafiq qanunlarla tənzimlənən, 2 insanin uyğun şərtlər altında qurduğu ailə izdivacıdır. Nikah izdivac quran iki insanın ailəyə dair öhdəliklərini özünda əks etdirən vacib faktordur. Nikah hər dövlətin quruluşu və qanunlarına uyğun formada tənzimlənir.
- Nikaha daxil olma yaşı neçədir və kimlər nigaha daxil ola bilməz ?
- Nikaha 18 yaşı tamam olmuş bütün Azərbaycan vətəndaşlarının girmə hüququ var.18 yaşı tamam olmamış, tibbi müayinədən keçərkən gələcəkdə izdivacından dünyaya gələcək xəstə uşaqların doğulma riski olan şəxslər nikaha daxil ola bilməz.
- Nikaha hansı hallarda xitam verilə bilər və ya hansı hallarda xitam verilə bilməz ?
- Nikaha xitam vermə izdivac quran 2 insanın şəxsi iradəsinə bağlı bir məsələdir. Yəni iki insanın iradəsinin xaricində kimsə nikaha xitam verməyə dair məhkəməyə müraciət edə bilməz.
- Nurlana xanım, daha çox hansı hallarda nigaha xitam verildikdən sonra azyaşlı uşaqlar ataya ya anaya verilir?
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq nikaha daxil olarkən nikah müqaviləsindən başqa istisna hallar nəzərdə tutulmayıbsa evlilikdən sonra birgə əldə olunan əmlak tərəflər arasında bərabər miqdarda bölünür. Təbii ki, uşaqların hansı tərəfdə qalmasına son olaraq məhkəmə qərar verir. Burada uşağın yaşı, onun anaya olan ehtiyyacı nəzərə alınır. Məhkəmə tərəflərin sosial durumlarını da nəzərə alaraq son qərarı verir. Əgər uşağın yetkinlik yaşına çatmasına az bir müddət qalıbsa, o zaman onun atasında yoxsa anasında qalması ilə bağlı sual da verilir. Bu zaman onun cavabı məhkənin verəcəyi qərara təsir edə bilər.
- Nurlana xanım, dünya praktikasında cütlüklər ailə həyatı qurmadan öncə nikah müqaviləsi bağlayırlar. Azərbaycanda belə bir ənənə varmı? Ümumiyyətlə nigah müqaviləsinin əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toydan öncə cütlük arasında onların şəxsi istəyindən asılı olaraq nikah müqaviləsi imzalana bilər. Təbii ki, bunun böyük əhəmiyyəti var. Belə ki, hər iki tərəf müqavilənin şərtlərinə uyğun olaraq onları boşanma halında nələrin gözlədiyini dərk edirlər. İllər öncə cütlüklər nikah müqaviləsi bağlamadıqları üçün boşanmaya daha çox can atırdılar. Ancaq hazırda nikah müqaviləsi imzalayan cütlüklər masa arxasında oturub mövcud vəziyyətin həllinə ən azından daha ciddi səy göstərirlər. Bu da boşanmaların azalmasını şərtləndirən səbəblərdən biridir.
- Bildiyimiz qədəri ilə, hüquqşünaslıqdan əlavə olaraq ictimai sektorda da geniş fəaliyyətiniz olub. Necə düşünürsünüz hüquq sahəsində gənclərin maarifləndirilməsi üçün yetərincə işlər görülürmü?
- Mən hazırda Beynəlxalq Diaspora Mərkəzinin hüquq şöbəsinin rəhbəri, Azərbaycan Ukrayna Alyansının hüquq departamentinin sədri və mülki işlər üzrə hüquq müdafiəçisiyəm. Bütün fəaliyyətimdə ətrafımdakılar aşılamaq istədiyim yeganə bir fikir var. Bu gün bütün cəmiyyətlərdə dövlətin və millətin gələcəyi gənclərin əlindədir. Bu bizdə də belədir. Xüsusən gənclərin inkişafında, onların maarifləndirilməsi siyasətində cənab prezidentin imzasını atdığı dövlət gənclər siyasətinin uğurla aparıldığını deyə bilərəm. Bu siyasətin aparıcı lokomotivi ölkə gəncləridir. Təbii ki, bir hüquqşünast kimi mən də gənclərin ölkə qanunvericiliyi ilə bağlı maarifləndirilməsinin tərəfdarıyam. Bu istiqamətdə Qeyri Hökumət Təşkilatlarını (QHT) aktiv tərəfdaşlığa səsləyirəm. Bu missiyanın ən gözəl icraçısı onlar ola bilərlər.
- - Nuralana xanım, xaricdəki diaspora təşkilatlarımızın fəaliyyətini necə qiymətləndirirsiniz?
Bilirsiz bəlkə də bu sözümdən kimlərsə inciyəcək, amma mən hər zaman düzü danışan cəsarətli insanam. Baxmayaraq ki, diaspora təşkilatılarında vəzifə tuturam və müxtəlif fəaliyyət proqramları həyata keçirilməsinə nail olan insanam. Mənim nəzərimdə bizim diaspora təşkilatlarının fəaliyyəti zəifdir. Onların bəzilərinin fəaliyyətini qənaətbəxş hesab etmirəm. Dövlətimizi xaricdə təmsil etmək və dünyaya tanıtmaq üçün dövlət başçısına dəstək olmaq lazımdır.
- Nurlana xanım ictimai fəaliyyətlə məşğul olmaqda əsas məqsədiniz nələrdir?
İctimai fəaliyyət ictimai əsaslarla görülən işlərin böyük bir adıdır. Təbii ki, ictimai əsaslarla nəyisə görmək üçün insanın içində yaratmaq və öyrətmək sevgisi dayanmalıdır. Mən hansısa bir məqsəd və ya hansısa bir vəzifə eşqinə bu işləri görmürəm. Mənə vətənimin suverenliyini, inkişafını görmək yetərlidir. Təbii ki, yeni layihələr yeni işlər görmək planlarım var. Bu istiqamətdə artıq işlər görürəm. Ən böyük məqsədim isə, siyasi kursunu hər zaman dəstəklədiyim və ölkəmin uğurları istiqamətində böyük işlər görən cənab prezidentin gördüyüm işlər qarşılığında tərəqqi mükafatına layiq görülməyimdir. Bu mənim üçün ən böyük məqsəddir.