"Bossların bossu” vəfat etdi – Pablo Eskobarla əməkdaşlıq edib

"Bossların bossu” vəfat etdi – Pablo Eskobarla əməkdaşlıq edib
DÜNYA
01:46 18.11.2026
48
Meksikanın ən böyük narkobaronlarından biri, "Xaç atası” və "bossların bossu” ləqəbləri ilə tanınan Migel Anxel Feliks Qalyardo 80 yaşında vəfat edib.

O, Qvadalaxara şəhərindəki xəstəxanada dünyasını dəyişib.

Qalyardo 1980-ci illərdə Meksikada narkotik ticarətinin böyük hissəsinə nəzarət edən Qvadalaxara kartelinə rəhbərlik edib. O, Kolumbiya narkokartelləri, xüsusilə Pablo Eskobarın rəhbərlik etdiyi Medellin karteli ilə əməkdaşlıq quraraq kokainin ABŞ-a daşınmasını təşkil edib.

Həmin dövrdə kolumbiyalılar kokain istehsalı ilə məşğul olur, meksikalılar isə narkotikin ABŞ-yə çatdırılmasını təmin edirdilər. Bu əməkdaşlıq o qədər uğurlu olub ki, bir müddət Eskobarın kartelinin ABŞ bazarındakı payı 80 faizə çatıb.

Qvadalaxara kartelinin təsir dairəsi o qədər geniş olub ki, onun nəzarəti altında Meksikanın bir sıra polis əməkdaşları və hətta bütöv ştat administrasiyaları fəaliyyət göstərib.

Qalyardonun tabeliyində çalışan şəxslərdən biri də sonradan Sinaloa kartelini yaradaraq dünyanın ən tanınmış narkobaronlarından birinə çevrilən Xoakin "El Çapo” Quzman olub. O, karteldə logistika məsələlərinə cavabdeh idi. Quzman 2019-cu ildə narkotik ticarəti və çirkli pulların yuyulması ittihamları ilə ömürlük həbs cəzasına məhkum edilib.

Qalyardonun narkotik imperiyası 1985-ci ildə ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) əməkdaşı Enrike "Kiki” Kamarena oğurlanaraq öldürüldükdən sonra tənəzzülə uğramağa başlayıb. Bu hadisə Şimali Amerikada cinayətkarların axtarışı üzrə ən böyük əməliyyatlardan birinin başlanmasına səbəb olub.

Feliks Qalyardo 1989-cu ildə həbs edilib və o vaxtdan bəri cəza çəkirdi. 2022-ci ildə səhhəti ilə əlaqədar onun həbs şəraiti yumşaldılaraq ev dustaqlığına keçirilməsi nəzərdə tutulsa da, elektron qolbaqla bağlı texniki problemlər bu prosesə mane olub.

Qeyd edək ki, Feliks Qalyardonun həyat hekayəsi bir sıra ekran əsərlərinə mövzu olub. Onun obrazı Netflix platformasının "Narcos: Mexico” serialında da canlandırılıb.

///sfera.az
OXŞAR XƏBƏRLƏR