Boyun və bel ağrıları: Səbəbləri və qorunma yolları

Boyun və bel ağrıları: Səbəbləri və qorunma yolları
SOSİAL
13:28 02.07.2026
294
Boyun və bel ağrıları həm dünyada, həm də Azərbaycanda ən çox rast gəlinən dayaq-hərəkət sistemi problemləri sırasında yer alır. 

AZXEBER.COM xəbər verir ki. mütəxəssislərin sözlərinə görə, bu şikayətlər insanların gündəlik fəaliyyətini məhdudlaşdıran, iş qabiliyyətini azaldan və həyat keyfiyyətinə mənfi təsir göstərən əsas səbəblərdən biridir.

Həkimlər bildirirlər ki, boyun və bel ağrılarının yaranmasına müxtəlif amillər səbəb ola bilər. Bunlara əzələ və bağların gərginləşməsi, onurğada yaşla əlaqədar dəyişikliklər, fəqərəarası disklərin zədələnməsi, artıq çəki, fiziki aktivliyin azlığı, düzgün olmayan bədən duruşu və ağır fiziki yük daxildir. Bəzi hallarda isə ağrılar revmatoloji, nevroloji və ya digər sistem xəstəliklərinin əlaməti ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, ağrılar bir neçə həftədən çox davam edərsə, qollara və ya ayaqlara yayılarsa, keyimə, əzələ zəifliyi, sidik və ya nəcis ifrazına nəzarətin pozulması kimi əlamətlərlə müşayiət olunarsa, mütləq həkim müayinəsi tələb olunur.

Həkimlərin tövsiyəsinə görə, boyun və bel ağrılarının qarşısının alınmasında müntəzəm fiziki aktivlik, düzgün oturuş və duruş vərdişləri, sağlam bədən çəkisinin qorunması, iş zamanı fasilələrin verilməsi və iş mühitinin erqonomik qaydada təşkili mühüm rol oynayır. Ağrıların səbəbi müəyyən edilmədən özbaşına uzun müddət ağrıkəsici dərmanlardan istifadə isə tövsiyə edilmir.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR