Göygöldə Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və polis əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon Polis Şöbəsində keçirilən tədbirdə çıxış edən Vüqar Novruzov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. O, Azərbaycan polisinin 108 illik şərəfli inkişaf yolundan, ictimai asayişin qorunması, qanunun aliliyinin təmin olunması və vətəndaşların təhlükəsizliyinin keşiyində göstərdiyi xidmətlərdən bəhs edib.
İcra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu hüquq-mühafizə siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Onun sözlərinə görə, dövlət başçısının polis orqanlarına göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə ardıcıl islahatlar həyata keçirilir, əməkdaşların xidmət şəraiti və maddi-texniki təminatı daim gücləndirilir.
Vüqar Novruzov çıxışında Azərbaycan Polisinin 44 günlük Vətən müharibəsində və ölkənin suverenliyinin tam bərpası uğrunda keçirilən tədbirlərdə Silahlı Qüvvələrlə çiyin-çiyinə xidmət göstərərək dövlətə sədaqət nümunəsi nümayiş etdirdiyini də vurğulayıb.
Rayon Polis Şöbəsinin rəisi Şəmşir Kazımov isə çıxışında polis orqanlarının ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə və qanunun aliliyinin qorunmasında mühüm rol oynadığını qeyd edib. O, polis orqanlarına göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək, şəxsi heyətin bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcəyini bildirib.
Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı fəxri fərmanlarla təltif olunub.



















































