Bu da Azərbaycanın ən yaxşı - Qısa hekayələri

Bu da Azərbaycanın ən yaxşı -  Qısa hekayələri
Bütün Xəbərlər
14:08 17.01.2014
3057
"APA-Holding”ə daxil olan Kulis.az ədəbiyyat portalının elan etdiyi “Ən qısa hekayə” müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

AZXEBER.COM-un məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, millət vəkili Aqil Abbas, yazıçı Afaq Məsud, Lent.az informasiya portalının baş direktoru Qabil Abbasoğlu və başqaları iştirak edib.

V.Mahirqızı bildirib ki, müsabiqə uğurla başa çatdırılıb və istedadı olan gənclər öz potensialını bu müsabiqə vasitəsilə reallaşdırıblar: “Bu müsabiqədən sonra Kulis.az internet dərgisinin istifadəçi sayı iki dəfə artdı ki, bu da müsabiqənin oxucular arasında böyük marağa səbəb olduğunu göstərir. Gələcəkdə Kulis.az yeni layihələrlə oxucuların görüşünə gələcək”.

Müsabiqədə I yerin qalibi “Veteran” hekayəsi ilə Vüsalə Məmmədova (39 səs), II yerin qalibi “Ata” hekayəsi ilə Cavid Zeynallı (31 səs), III yerin qalibi isə “Atdılar” hekayəsi ilə Rüfət Əhmədzadə (28 səs) olub.

Tədbirdə “Facebook” sosial şəbəkəsində keçirilən sorğunun qalibi Mehman Telmanoğlu (3114 “like”) və hekayəsi müsabiqədən kənar çap olunan yazıçı Afaq Məsud Kulis.az-ın xüsusi mükafatı ilə təltif olunub.

Kulis.az müsabiqədə iştirak edən yazıçı Şərif Ağayara da xüsusi mükafat təqdim edib.

Qeyd edək ki, Kulis.Az dərgisinin keçən il dekabr 13-də elan etdiyi “Ən qısa hekayə” müsabiqəsində ümumilikdə 472 hekayə çap olunub və iştirakçılar onlayn səsvermə ilə bəyəndikləri 3 hekayəyə səs veriblər. I yerin qalibinə 300, II yerin qalibinə 200, III yerin qalibinə isə 100 manat məbləğində mükafat təqdim olunub.AZXEBER.COM Kulis.Az-da yayımlanan və müsabiqənin qalibi olan hekayələri təqdim edir:Vüsalə Məmmədova "Veteran"..."Yataqdan sürüşüb yerə düşdü. Qapıya doğru sürünməyə başladı. Arvadı yenə də getməzdən əvvəl onun “ayaqlarını” qaldırıb şifonerin başına qoymuşdu..."Cavid Zeynallı "Ata"

İşə gedəndə günaşırı onlara rast düşürdüm. Ata-bala bəxtəvər-bəxtəvər yol gedirdilər. Yoldaşım çantama meyvə qoyanda, birini mütləq uşağa verərdim. O, gülür, yolda it görəndə üstünə cumub “hürür”, sual verir, tək ayaq üstə hoppanır. Bax, atanın səsi uzaqdan eşidilir: Murad, yıxılarsan, Murad... Uşaq öz kefindəydi: bir-iki, bir-iki. Hərdən atasını yamsılayırdı: Murad, yıxılarsan, Murad...

Çoxdandı yoxuydular. O gün ataya rast düşdüm. Tək ayaq üstə hoppanıb öz-özünə deyirdi: Murad yıxılarsan, Murad, bir-iki... Sonra mənə nə desə yaxşıdır: oğlum öldü, mənə alma vermirsən?

Rüfət Əhmədzadə "Atdılar"

Atdılar içəri. Elə çox incitmədilər. Eləcə böyrək sızıltıları, ürək ağrıları. Başqa nə ola bilər? Böhtansa da, birtəhər yatıb çıxar. Elə də təhlükəli adam deyil...

Atdılar çölə. Elə çox incitmədilər. Körpəsi ilə küçədə qaldı. Ata evinə getməyəcək, qayınata evi yox... Gec-tez bir yer tapar. İşləməyə kafelər, restoranlar, qalmağa xarabalar az deyil...

Atdılar yuxarı.

– Ayə, kaskanı neynirsən sən canı? Nə sığortakəməri? Az danış! Demaqoqluq eləmə!..

Atdılar aşağı.

– Bu zirzəmidə qalarsan bir müddət. Uşağı da internata ver, istəyirsən. Nə su? Nə iy? Az danış! Demaqoqluq eləmə!

OXŞAR XƏBƏRLƏR