Bu gün “Mənim Prezidentim” Gənclər Təşəbbüs Qrupunun himninə çəkilən klipin təqdimatı keçirilib.
AZXEBER.COM xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, əməkdar artist Tünzalə Ağayeva, rejissor Ülviyyə Könül, gənclər və digər şəxslər iştirak ediblər.Sözləri İsmayıl Dadaşova, musiqisi və ifası Tünzalə Ağayevaya aid olan himn qısa zamanda müxtəlif formalarda ictimaiyyətə çatdırılıb.
T.Ağayeva bildirib ki, bu təklifi alanda qürur hissi keçirib:
“Olduqca məsuliyyətli və şərəfli bir iş olduğu üçün az bir zamanda uğur qazandıq. Bu günümüzün əsas aparıcı qüvvəsinə çevrilən gənclərin klip çəkilişlərinə həvəslə yanaşmaları sevindirici haldır. Mən də istədim ki, bu musiqi və klip bütün gənclərimizə töhfə olsun. Bu klipdə hər bir gəncin sevib-seçdiyi və inandığı liderə öz sevgisi əks olunub”.
T.Ağayeva vurğulayıb ki, klip bu gündən efirlərdə yayımlanacaq, həmçinin, Youtube-a da yüklənəcək.
Ü.Könül isə deyib ki, klipdə peşəkar şəxslər yox, elə adi gənclər çəkiliblər:
“Çox maraqlı bir iş alınıb. Deyim ki, mahnı çox müasir ritmlərlə peşəkarcasına işlənib. Həmçinin, birbaşa gənclərə yaxın olan bir mahnıdır. Deyərdim ki, bu əslində könüllülər aksiyasıdır. Çünki bütün bizə qoşulan gənclər könüllü surətdə bizə qoşuldular və sonadək bizimlə oldular”.
Sonda “Mənim Prezidentim” klipi nümayiş etdirilib.
Qeyd edək ki, Ü.Könülün rejissorluğu, min nəfərdən çox gəncin iştirakı ilə çəkilən klip İçərişəhərdə lentə alınıb.
“Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupu son 10 ildə ölkə başçısı İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaq məqsədi ilə yaradılıb.