Bu gün Araz FM ( 103.3) radiosunun rəsmi açılış mərasimi keçirilib

GƏNCLİK
09:32 04.04.2011
4108

Açılış tədbirində çıxış edən Milli Teleradio Şurasının sədri Nüşirəvan Məhərrəmli Araz FM-in Azərbaycan radioları arasında böyük uğur qazanacağına inandığını söyləyib: “Biz çalışırıq ki, radio və televiziyalarımız milli maraqların qorunmasına görə məsuliyyət daşısın. Bu günki aparıcılarımız dilin qorunmasında kobud səhvlərə yol verir. İnanıram ki, Araz FM bunun qarşısının alınmasında böyük rol oynayacaq. Mən Azərbaycanda 12-ci radionun fəaliyyətə başlaması münasibəti ilə hamınızı təbrik edirəm”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Araz FM-in azərbaycanlıların səsini dünyaya çatdıracağına əmin olduğunu söyləyib.

Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli bu günün Azərbaycan mediasında əlamətdar gün olduğunu bildirib: “Bu gün media işçilərinin bayramıdır. Çünki, bu gün Azərbaycanda sayca 12-ci radio olan Araz FM fəaliyyətə başlayıb. Bu ad hələ keçmiş sovet ittifaqı dövründən bizə yaxındır. Bu gün bu radionun efirə başlaması bizi çox sevindirir”.

www.araz.fm rəsmi internet saytının dizayneri Cahid İsmayıloğlu portal haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib: “Portal beynəlxalq domendə yerləşir. Bu domendə dünyanın ən məşhur radioları fəaliyyət göstərir. Bununla yanaşı, araz.fm-də online internet radio yaradılacaq və dinləyicilərin xidmətinə veriləcək”.
Tədbirdə çıxış edən 103.3 FM-in baş redaktoru Vüsalə Kərimova tədbir iştirakçılarına radionun fəaliyyət istiqamətləri haqqında məlumat verib. V.Kərmiova radioda “Azad Xəbər” adı ilə fəaliyyət göstərən xəbər xidmətinin hər saat efirə hazır olacağını söyləyib. Onun sözlərinə görə, peşəkar jurnalistlərdən təşkil edilən xəbər xidməti dünyada və ölkədə baş verən ən aktual xəbərləri operativ şəkildə dinləyicilərə çatdıracaq”.

Baş redaktor eyni zamanda radioda efirə gedən proqramlar haqqında da məlumat verib: “Biz musiqi seçimində daha çox milli musiqilərə önəm verəcəyik. Amma, bu o demək deyil ki, xarici musiqi sevərlərin zövqləri nəzərə alınmayacaq. Biz hər kəsin maraqlarına uyğun verilişlər hazırlamışıq. “Yurdum”, “Yolda İkən”, “O olmasın bu olsun”, “Bizim Səhər”, “Single” və bir çox verilişlər bizim efirdə yayımlanacaq”.

 

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR