Bu gecə Bakıdakı bu restoranlarda qiymətlər ‘əl yandıracaq’ - QİYMƏTLƏR

Bu gecə Bakıdakı bu restoranlarda qiymətlər ‘əl yandıracaq’ -  QİYMƏTLƏR
Bütün Xəbərlər
15:06 31.12.2013
3779

Yeni ili 50 manata da keçirmək olar, 7 min manata da

Bu gün Azərbaycanda da, dünyada Yeni il bayramı qeyd edilir. Hər nə qədər ölkəmizdə son günlər baş verən faciəvi hadisələr gündəmi məşğul etsə də, insanların bayram əhvalı yaxşı olmasa da, artıq yeni il gecəsi ilə bağlı müxtəlif restoranlar, əyləncə mərkəzləri proqramlar tərtib ediblər. Maraqlıdır ki, ora axışan insanların sayı da az deyil. Kasıb təbəqə daha çox bu tədbirlərə uzaqdan baxmaqla, “bu millət bu qədər pulu hardan tapır” deməklə kifayətlənir. “Yeni Müsavat” 31 dekabrda Bakının və bir qədər ətrafdakı əyləncə mərkəzlərinin bayram proqramlarına, tariflərinə diqqət yetirib. Öncə Bakı ətrafından başlayaq. “Jumeirah Bilgah Beach Hotel & KKM”də 31 dekabr 2013-cü il 22:00-da “Equinox Night Club”da Bakının ən dəlisov Yeni il gecəsi keçiriləcək. Hər halda, anonslardan belə məlum olur. Biletlərin qiyməti 50-150 manat arasındadı.

31 dekabr 2013-cü il 21:00-da “Bilgah Ballroom”da da karnaval gözlənilir. Tədbirdə Eyyub Yaqubov, Tünzalə Ağayeva, Miri Yusiflə yanaşı, Akif Süleymanbəylinin rəhbərliyi ilə estrada-caz ansamblı da çıxış edəcək. Biletlərin qiyməti 300, 350, 400 manatdır.

“LANDMARK Hotel”də də 31 dekabrda tədbir keçiriləcək. Bu tədbir isə dünyanın ən populyar leybllarından biri olan rəsmi əyləncə gecəsi, yəni “Hed Kandi White Party” adlanır. Sözügedən tədbir də saat 22.00-da başlanır və biletlər 50, 100, 150 manat məbləğindədir. “Sea Breeze”dəki Yeni il gecəsi isə klassik musiqi sevənlər üçün nəzərdə tutulub. Buraya Britaniyadan “Imagination” qrupu, məşhur Just an illusion ifaçıları dəvət edilib. Gecəyə bilet qiymətləri isə 250-350 manat civarındadır. “JW Marriott” hoteldə Yeni il tədbiri saat 21.00-da başlanacaq. Konsertdə Röya, “Həzz and his band” qrupu, ekskluziv “Vernisaj” şou-baleti, Dj Pancho çıxış edəcək. Gecənin aparıcıları -Tahir və Cabir İmanovdu. Biletləri hoteldən əldə edə bilərsiniz. “Opera Sky”da da Yeni il diskotekası təşkil olunacaq. Saat 23.00-da başlanacaq tədbirin biletləri isə 50, 100 AZN-dir. 31 dekabrın ən parlaq siması heç şübhəsiz meqastar Tarkan olacaq. “Rixos Quba Azerbaijan” hoteldə türk estradasının super ulduzu Tarkan çıxış edəcək. Hotelin tanıtımına görə, tədbirdə məhdudiyyətsiz alkoqollu və alkoqolsuz içkilər, kanape (məzələr), sürprizlər gözlənilir. Standart biletin qiyməti 350 manatdır. VİP biletləri 500 manatdır. Top VİP isə 7000 manatdır. (Bir masada maksimum qonaq sayı -10 nəfər) The Grand Ending 2013- Farewell Party də Sapphire Park Restaurantda 31 dekabr 22:00-dan səhərə qədər davam edəcək. Proqrama altı yeməkdən ibarət xüsusi menyu, qırmızı və ağ şərab, tekila, araq, vermut, pivə və alkoqolsuz içkilər daxildir. Biletərin qiyməti: 110 AZN, gecə yarıdan sonra 60-80 AZN. İşdi kimsə, Yeni ili Pətək Dinçözlə qarşılamaq istəsə, o zaman yolunu Qəbələdən salmalıdır. P.Dinçözə qədər səhnəyə türk əsilli Azərbaycan müğənnisi Gökhan Erol çıxacaq. Biletlərin qiyməti isə 300, 400 və 500 manatdır. “Pasifico Lounge” restoranında da Yeni il üçün maraqlı seçimlər var. Seçimlərdən biri “Dinner & Party”dir ki, burada bir nəfərlik menyu 200 manatdır. İkinci seçim isə “Party Only”dir ki, burda da bir nəfərlik menyu 150 manatdır. Ayaqüstü yerlər üçün 50 manat ödəmək yetərlidi. Bu pula isə 00.00-da şampan qədəhi daxildir. “Excelsior Hotel”də yeni il keçirmək istəyənlər üçünsə “Afurja Ballroom”da 120 manatdan başlayan biletlər satılır. Yeni il gecəsi hoteldə qalmaq istəyənlər 90 manatlarından keçməlidir. “Divan Ekspress” hotelin “Zümrüd” restoranında Yeni il keçirmək istəyənlər 119 manatından keçməlidir. Novxanıdakı “AF Hotel Aqua Parkda” Yeni il qeyd etmək də seçimlərdən biridir. Burada isə proqram 21.00-da başlanır və səhərə qədər davam edir. Biletin qiyməti -100 AZN (qiymətlərə 2 nəfərlik nömrədə qalmaq, bayram süfrəsi və səhər yeməyi daxildir).

Bakının bütün restoranlarında Yeni illə bağlı tədbirlər var təbii ki. Amma biz onlardan ən çox reklam olunanlarını nəzərinizə çatdırdıq. 50 manatdan 7000 manata qədər dəyişən bilet qiymətlərini də həmçinin. Seçim sizindir: bu bayramı 350 manat verib Tarkanla da keçirmək olar, 50 manata ayaqüstü bir barda da, televizor başında evdə də... Necə deyərlər, “demokrasilərdə” çarə tükənmir.

Musavat.com

OXŞAR XƏBƏRLƏR