Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş “Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı”nda ssenarilərin qəbulu başa çatıb.
Festivalla bağlı AZXEBER.COM-a açıqlama verən tanınmış aktyor, ssenari müəllifi, rejissor Ələkbər Muradov festivalın gənclər üçün önəmindən danışıb: “Bu günlərdə bizim ümumi dərdimiz istər kinoda, istərsə də teatrda səviyyəli tamaşaçıların az olmasıdır. Hazırda Azərbaycan teatrı çox kritik bir vəziyyətdədir. Bizə həqiqətən keçmiş Azərbaycan nağılları lazımdır. O nağıllar ki, bu gün gənclər onu qəbul edə bilmir. Mən özüm gənc tələbələrə dərs deyirəm və görürəm ki, onların teatr və kinodan çox “Hansı müğənninin neçə şalvarı var?”, “Hansı müğənnilərin neçə mini yubkası var?” maraqlandırır. Mən çox sevindim ki, bu cür layihələr gənclər arasında keçirilir və layihənin gələcəkdə də davamlı olmasını arzu edirəm. Onu da qeyd edim ki , bu gün adi bir tamaşada aktyorun gözünə lazer salaraq onu çaşdırmağa çalışan gənclərimiz teatrın nə olduğunu bilməli və gələcəkdə teatrı mənimsəməlidirlər”.
Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.