Bakıda 19 dərəcə isti gözlənilir, mülayim külək əsəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 14-19 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.