Xəbər verdiyimiz kimi, bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Niderlandın "Tvente” və "Qarabağ” komandaları qarşılaşacaq.
Niderlandın Ensxede şəhərində yerləşən "Qrols Veste” arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. "Qarabağ”ın mərhələni keçməsi üçün ilk oyundan sərfəli nəticə ilə ayrılması və Bakıda keçiriləcək cavab qarşılaşmasında üstünlük qazanması vacibdir.
Maraqlıdır, "Qarabağ” səfərdə "Tvente”yə qarşı necə çıxış edəcək və komandamız bu cütdə növbəti mərhələyə yüksələ biləcəkmi?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan idman eksperti Anar Xanlarov bildirib ki, "Qarabağ” üçün səfərdə heç-heçə də qənaətbəxş nəticə sayıla bilər:
"Bu gün "Qarabağ”dan qələbə gözləmirəm. Heç-heçə edə bilsək, yaxşı nəticə sayıla bilər. Çalışıb cavab oyununa qənaətbəxş nəticə ilə çıxmalıyıq. "Qarabağ”da durum yaxşı deyil. Komanda "Dinamo” Kiyevi keçsə də, oyun olaraq əvvəlki səviyyəsində deyil. Üstəlik, Zubir getdi, Elvin Cəfərquliyev isə zədəlidir”.
Ekspert "Tvente”nin hazırda yaxşı formada olduğunu və "Qarabağ”ı çətin qarşılaşmanın gözlədiyini bildirib:
""Tvente” çox güclü komandadır və hazırda yaxşı formadadır. İstər avrokuboklarda, istərsə də daxili çempionatda baxımlı və məhsuldar oyun ortaya qoyurlar. Niderland çempionatının son turunda "Zvolle” ilə oyunlarını izlədim. Çox sürətli futbolçulara malikdirlər, hər iki cinah saat kimi işləyir. Mərkəz xətti də yaxşıdır. Xüsusilə uzaq məsafədən güclü və dəqiq zərbələri var. Bir sözlə, "Qarabağ”ı axşam çox ağır oyun gözləyir”.
Fəridə Əsədzadə











































