Türkiyə millisinin sabiq futbolçusu Emre Mor peşəkar karyerasına müvəqqəti fasilə vermək qərarına gəlib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu bu barədə çıxış etdiyi Niderlandın "Neymegen" klubunun rəsmi saytına açıqlamasında bildirib.
Emre Mor son dövrlərdə səhhəti ilə bağlı problemlər yaşadığını və artıq sağlamlığını ön plana çəkməli olduğunu vurğulayıb.
"Uşaqlığımdan bəri yalnız bir arzum olub: peşəkar futbolçu olmaq. Bu arzumu reallaşdırmaq mənim üçün hər şey demək idi. Lakin son dövrlərdə səhhətimlə bağlı bəzi çətinliklərlə üzləşdim. Bədənimi dinləməli, sərhədlərimi nəzərə almalı və sağlamlığımı hər şeydən üstün tutmalı olduğum mərhələyə çatdım.
Buna görə də peşəkar futboldan müvəqqəti uzaqlaşmaq və özümə vaxt ayırmaq kimi çətin qərar verdim. Futbola sevgim heç vaxt dəyişməyəcək və gələcəkdə məni nələrin gözlədiyinə dair ümidimi qoruyuram", - deyə futbolçu bildirib.
"Neymegen"in texniki direktoru Karlos Aalbers də futbolçunun qərarına hörmətlə yanaşdıqlarını qeyd edib. O, Emrenin hazırda istədiyi səviyyədə çıxış edə bilməyəcəyini klub rəhbərliyinə bildirdiyini və tərəflərin qarşılıqlı razılıq əsasında yollarını ayırdığını açıqlayıb.
Qeyd edək ki, Emre Mor ötən yay "Fənərbağça"dan ayrılaraq "Neymegen"ə keçmişdi. O, Niderland klubunun heyətində yeddi oyunda meydana çıxıb, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisində isə Emre Mor 15 matç keçirib.











































