Bələdiyyələrdə işçi sayı azaldıla bilər - “Büdcəyə əlavə yükdür”

Bələdiyyələrdə işçi sayı azaldıla bilər - “Büdcəyə əlavə yükdür”
SOSİAL
17:54 23.11.2026
46
Bələdiyyələrdə aparılan struktur dəyişiklikləri və optimallaşdırma məsələsi yenidən gündəmə gəlib. Xüsusilə büdcə xərclərinin azaldılması və idarəetmənin səmərəliliyinin artırılması bu istiqamətdə yeni təklifləri aktuallaşdırır. Bəs bələdiyyələrdə hansı struktur dəyişikliklərinə ehtiyac var, ştat vahidləri və işçi sayı necə müəyyənləşdirilməlidir?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, bələdiyyə seçkili orqandır və onun strukturu, fəaliyyəti ilə bağlı məsələlər həm qanunvericilik qaydasında tənzimlənir, həm də bələdiyyə iclasının qərarları əsasında həyata keçirilir:

"Struktur dəyişiklikləri və yeniliklərin tətbiqi bələdiyyələr tərəfindən mərhələli şəkildə reallaşdırılır. Məsələn, növbəti ildən vergi ödəyicilərinə bildirişlərin göndərilməsi onlayn formada, SMS vasitəsilə həyata keçiriləcək. Məsələn, əvvəllər vergi xidmətində bu işlə 10 nəfər məşğul olurdusa, yeni sistemin tətbiqindən sonra həmin sahədə müəyyən ixtisarlar və ya birləşdirmələr aparılacaq. Yəni optimallaşdırma prosesi həyata keçirilir. Ümumiyyətlə, icra strukturlarında, dövlət qurumlarında və bələdiyyə orqanlarında bu cür ixtisarların aparılması nəticə etibarilə ümumi fəaliyyətə müsbət təsir göstərməlidir. Belə addımlar, bir tərəfdən, işin səmərəliliyini artırır, digər tərəfdən isə büdcə vəsaitlərinə qənaət etməyə imkan yaradır. Bələdiyyələrdə də bu proseslər onların öz fəaliyyətləri və bələdiyyə iclaslarının qərarları əsasında həyata keçirilir. Hesab edirəm ki, bələdiyyələr üçün konkret ştat cədvəlinin, yəni nümunəvi ştat cədvəlinin Milli Məclis səviyyəsində, qanunvericilik qaydasında təsdiq edilməsi daha səmərəli olardı”.

Ekspertin sözlərinə görə, bəzən bələdiyyələrdə ehtiyac olmayan, lazımsız vəzifələr yaradılır ki, bu da nəticə etibarilə bələdiyyə büdcəsinə əlavə xərclər gətirir:

"Bələdiyyələrin birləşdirilməsinin əsas məqsədlərindən biri də məhz bələdiyyə büdcələrinin mərkəzləşdirilməsi və xərclərin azaldılması idi. Bu baxımdan yaxşı olardı ki, kənd, şəhər və qəsəbə bələdiyyələri üçün nümunəvi ştat cədvəli təsdiq edilsin. Həmin cədvəllər əhalinin sayına uyğun olaraq fərqləndirilə bilər. Belə bir nümunəvi forma təsdiq olunsa, bələdiyyələrin özləri üçün də aydınlıq yaranar. Konkret olaraq hansı bələdiyyədə neçə nəfər işçinin çalışmalı olduğu və strukturun necə qurulmalı olduğu müəyyənləşərdi. Məlum olduğu kimi, bələdiyyə üzvlərindən neçəsinin əməkhaqqı alaraq bələdiyyədə çalışa biləcəyi qanunvericiliklə müəyyən edilib. Məsələn, 19 bələdiyyə üzvü olan bələdiyyələrdə maksimum beş nəfər bələdiyyə üzvü əməkhaqqı ala bilər. Digər bələdiyyələrdə isə bu say üç və ya dörd nəfər ola bilər. Lakin nümunəvi ştat cədvəlinin də təsdiq edilməsi bələdiyyələrin fəaliyyətində daha konkret çərçivə yaradardı. Güman edirəm ki, bu, həm büdcə xərclərinin azaldılmasına, həm də xərclərin optimallaşdırılmasına müsbət təsir göstərərdi”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR