Bu gün 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul imtahanının ilk mərhələsi keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, imtahanda iştirak etmək üçün 1121 nəfər elektron ərizə təsdiq edib. Onlardan 842 nəfəri qız, 279 nəfəri isə oğlandır.
İmtahan Bakı şəhərində Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında və Naxçıvan şəhərində 1 binada keçiriləcək.
İmtahanın suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
İmtahanının ikinci mərhələsi sentyabrın 9-da olacaq.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.