Bu gün uşaqlar üçün hər təbrikdə bir kədər, bir dua gizlənir...

Bu gün uşaqlar üçün hər təbrikdə bir kədər, bir dua gizlənir...
KÖŞƏ
13:04 23.04.2026
295
Aysel Hacızadə yazır:
 
Bu gün Türkiyədə təqvimlər 23 apreli göstərir... Adətən küçələrin uşaq səsləri ilə dolduğu, məktəblərin bayram şənliklərinə büründüyü, gələcəyə ümidin ən saf halının qeyd olunduğu bir gün. Uşaqların gülüşü ilə dərin məna qazanan bu tarix, hər il bir millətin öz gələcəyinə baxışını simvolizə edir. Amma bu dəfə o gülüşlərdə kədər var, səslər eyni deyil, gülüş səsləri gəlmir. Sanki hər kəs bir az daha asta danışır, bir az daha ehtiyatla sevinir.

Çünki bu bayramın önünə keçən ağır bir kölgə var, Kahramanmaraşda məktəbdə baş verən faciə.
 
Məktəb dediyimiz yer, uşaqların ən güvənli məkanı olmalıykən, birdən-birə qorxunun ünvanına çevriləndə, təkcə həyatını itirənlər yox, bütün cəmiyyət yaralanır. O sinif otaqları artıq sadəcə dərs deyil, susqunluq daşıyır. O divarlarda qətl edilən 8 şagirdin ah-naləsi ucalır...
 
Bir zamanlar uşaq səsi ilə çınlayan rəngarəng dəhlizlərdə, bu gün uşaqları qorumaq üçün onların üzərinə qapanan Ayla müəllimin ayaq izləri gəzir. Amma bayram əhval-ruhiyyəsində yox, kədər, qəhər və təəssüflə... 
 
23 aprelin mahiyyəti uşaqları qorumaq, onları gələcəyin sahibləri kimi görməkdir. Ən azından Atatürk bu bayramı təsis edərkən bunu düşünmüşdü... Amma yaşananlar ağlımızda susmayan suallar doğurur: "Biz onları nə qədər qoruya bilirik?"
 
Bayramların mənası yalnız onu qeyd etməkdə, şənlənməkdə, deyib-gülməkdə deyil, həm də mahiyyətini dərk etməkdə, bizdən tələb olunanı yerinə yetirməkdədir. Bu gün Türkiyədə insanlar həm övladları üçün bayram edir, həm də yas tuturlar. Bu ikili hiss bəlkə də duyğuların ən ağırıdır!

Bəlkə də bu il 23 aprelin ən böyük dərsi elə bu oldu: uşaqların təhlükəsizliyi, onların psixoloji və fiziki rifahı hər şeydən öncə gəlməlidir. Şənliklər yenə olacaq, mahnılar yenə səslənəcək. Amma bu hadisə yaddaşlarda qalacaq və hər bayramda özünü xatırladacaq.

Bu gün Türkiyədə uşaqlar üçün edilən hər təbrik cümləsinin içində bir kədər, bir dua gizlənəcək. Çünki bundan sonra qeyd olunacaq heç bir bayram, itirilən bir uşağın yerini doldura bilməyəcək...
OXŞAR XƏBƏRLƏR