2022-ci ilin ilk günlərində ölkədə bəzi məhsulların qiymətlərində artım müşahidə olundu. Artım dalğası un və un məhsullarında da özünü göstərdi ki, artıq bu gündən etibarən piştaxtalarda 50 qəpiyə satılan çörək 65 qəpiyə təklif edilir.
Sözügedən artım yeni sualların yaranmasına səbəb olur. Ümumilikdə qiymət artımının gerçək səbəbləri nələrdir?
"Açıq bazar qiymətlərinə dövlət müdaxiləsi mümkün deyil”.
AZXEBER.COM-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, dünyada buğda istehsalının azalması və yeni ixrac qiymətləri unun bahalaşmasına səbəb olur: "2021-ci ildə dünyada taxıl yığımında kəskin azalmalar baş verdi, qlobala istiləşmə və suvarma suyu ilə təminatda yaranmış bir sıra çətinliklər, o cümlədən də ağır pandemiyadan sonra qlobal səviyyədə yanacaq, nəqliyyat və tranzit xərclərinin artması nəticəsində dünyada taxıl və dənli bitkilərin istehsalında kəskin azalmalar baş verdi. Dünya üzrə buğda istehsalı 45-60 milyon ton azaldı. Eyni zamanda, taxıl istehsal edən ölkələrin öz xərcləri artdı. Buna görə də, 2021-ci ilin avqust ayının sonlarından başlayaraq bir çox ölkələr taxılın ixrac qiymətini artırdı, əlavə gömrük rüsumları tətbiq etdi. Bu isə 2021-ci ilin payız mövsümündən etibarən dünyada buğda idxal edən ölkələrdə daxili bazarda qiymətlərin artmasına səbəb oldu. Azərbaycan hökuməti isə ötən ilin 4-5 ayı ərzində qlobal bahalaşmaya baxmayaraq, daxili bazarda qiymətlərin sabitliyini təmin etdi. Hökumət həm xərcləri öz üzərinə götürməklə, həm də çörəkbişirmə sənayesinin gəlirlərinə mənfi təsirlərin qarşısını almaqla unun və çörəyin qiymətinin bahalaşmağa imkan vermədi. Liberal bazar elə bir sistemdir ki, açıq bazar qiymətlərinə dövlət müdaxiləsi mümkün deyil. Ölkəmizdə çörəkbişirmə sənayesi neçə illərdir ki, liberallaşıb”.
"Azərbaycanda istehsal edilən buğdanın keyfiyyəti aşağıdır”.
A.Hüseynov qeyd edib ki, son bir il ərzində dünyada buğdanın qiyməti 30 faizdən çox bahalaşıb: "2020-ci ilin avqust ayında bir ton buğdanın dünya bazar ixrac qiyməti 188-238 dollar arasında olmuşdursa, hazırda qiymətlər 265 dollardır. Bu, 2017-ci ildən bəri ən yüksək göstəricidir. Hazırda dünyanın ən iri taxıl istehsalçılarının ixrac həcmləri azalır. Dünyada ən iri taxıl ixracatşıları olan ABŞ, Kanada, Rusiya, Qazaxıstan və digər ölkələr ixrac kvotlarını 10 faiz azaldıb. Həmçinin, Avropanın iri ixracatçı ölkələrindən Avstriya, Macarıstan, Fransa, Rumıniya və digərləri də ixrac kvotalarında və ticarət prosedurlarında yeni rejimlər tətbiq edibdir. Nəticədə buğdanın dünya bazar qiyməti xeyli bahalaşır. Reallıq budur ki, dünya miqyasında buğdanın satış qiymətlərinə əlavə rüsumların tətbiqi qlobal səviyyədə çörəyin də bahalaşmasına səbəb olur.
Millət vəkilinin sözlərinə görə, hazırda dünya ölkələrinin böyük əksəriyyətinin buğda ilə özünütəminetmə səviyyəsi birbaşa idxaldan asılıdır. Təxminən dünyanın 30-35 faiz ölkəsi özünün buğda tələbatını yerli istehsal hesabına ödəyir. Digər dünya ölkələri yəni 60 faizi isə, tələbatı idxal hesabına ödəməyə məcburdur.
A.Hüseynov bildirib ki, Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın illik həcmi isətəxminən 1,9 milyon tondur. İdxal 1,3 min tona yaxındır. Azərbaycan ərzaq buğdası ilə özünütəmin etmə səviyyəsi orta hesabla 59.5% təşkil edir, təlabatın təxminən 40-45 faizini idxal hesabına ödəyir.
Ölkəmizdə dövlətin xüsusi dəstək tədbirləri, o cümlədən subsidiyaların verilməsinə baxmayaraq, keyfiyyətli buğda yetişdirmək və daxili təlabatı təmin etmək mümkün olmur. Bunun əsas səbəblərindən biri taxıl əkini üçün torpaqların münbitliyinin az, eyni zamanda, Azərbaycanda istehsal edilən buğdanın aşağı keyfiyyətli, böyük bir hissəsinin ərzaq üçün yararsız olmasıdır. Bu səbəbdən ölkə özünü taxılla tam təmin edə bilmir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr Rusiya, Qazaxıstan və Ukraynadır.
Azərbaycan Hökuməti tələbatı ödəmək və daxili bazarı tənzimləmək üçün neçə illərdir ki, taxıl idxalçılarına müxtəlif güzəştlər və daxili bazarda qiymətlərə müdaxilə edir, buğda və un məmulatlarına tətbiq edilən ƏDV-nin ləğvi nəticəsində qiymətlərin qalxmasının ən azı 18 faiz qarşısı alınır. Nəticədə, beynəlxalq bazarlarda baş verən proseslərin daxili bazara kəskin təsirləri azaldılır. Ancaq dövlətin azad bazar iqtisadiyyatı şəraitində birbaşa qiymətlərə müdaxiləsi düzgün hesab edilə bilməz, qiymətləri bazar özü müəyyənləşdirir.
"Hansı dövlət istəyər ki, həssas bir məqamda bahalaşma dalğası ilə vətəndaşını narazı salsın?”
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, buğda və unun qiymətində artımın insanlarda narahatlıqlar yaratması normaldır: "Heç bir cəmiyyətdə bahalaşma müsbət qarşılana bilməz. Xüsusən də, kültüründə çörək amili bu qədər mühim mövqeyə malik toplumlarda buğda və unun qiymətində artımın insanlarda narahatlıqlar yaratması normaldır, hər kəs də vətəndaşların bu narahatlıqlarını başa düşməlidir. Amma gəlin baxaq, bahalaşma Azərbaycan dövlətinin daxili işidirmi? Bu qlobal dalğadır və bahalaşma barədə BMT-in ixtisaslaşmış təşkilatları belə statistikalar paylaşıb. Üstəlik, bahalaşma yalnız taxıl idxal edənləri yox, hətta istehsalçılarına belə təsir edib. Yəni bahalaşma dalğası heç bir dövlətin, o cümlədən də Azərbaycanın daxili məsələsi deyil. Ona görə də, "hökumət niyə bahalalaşdırdı?" kimi manipulyasiyalara yol verməməliyik. Hansı dövlət istəyər ki, həssas bir məqamda bahalaşma dalğası ilə vətəndaşını narazı salsın? Bu sualın cavabı heç bir dövlətdən asılı deyil və belə olduğu halda mövcud vəziyyətdən siyasi məqsədlər üçün istifadə etmək, insanların hissləri ilə oynayıb qarışıqlıq yaratmaq cəhdləri xalqı bahalaşmadan qat-qat artıq zərbə altına qoyur. Xüsusən də, hakimiyyətləri dövründə 1800 faizə yaxın infilyasiya müşahidə edilmiş, orta əməkhaqqı 5,7 dəfə azalmış siyasi qüvvələrin bu gün Azərbaycan xalqının müdafiəçisi kimi çıxış etməsi, qlobal bir hadisəni Azərbaycan hökumətinin günahı kimi təqdim etməsi absurddur”.
Deputat qeyd edib ki, biz qiymət artımının fəsadları ilə mübarizə üçün tədbirlər görməliyik: "Unutmamalıyıq ki, biz artıq 3-cü ildir ki, pandemiya şəraitində yaşayırıq. Koronavirus yalnız tibbi hadisə deyil, eyni zamanda ciddi iqtisadi böhran deməkdir. Digər tərəfdən cəmi 1 il öncə Azərbaycan ən müasir texnologiyalara əsaslanan V nəsil müharibə aparıb, qalib gəlmiş dövlətdir. Bu cür müharibə ciddi xərc deməkdir. Eyni zamanda bu gün işğaldan azad olunmuş ərazilərdə böyük tikinti-quruculuq fəaliyyəti başlanıb. Bütün bunlar dövlətimiz üçün əhəmiyyətli maliyyə yüküdür. Mən o qənaətdə deyiləm ki, biz indi bahalaşmanı təbii qarşılayıb gözləməliyik, əksinə, biz qiymət artımının fəsadları ilə mübarizə üçün tədbirlər görməliyik. Biz heç bir iqtisadi yükü olmayan, məsuliyyətsiz qızışdırıcı fəaliyyətdənsə daha çox diqqəti ona yönəltməliyik ki, qlobal bahalaşma ilə bağlı hökumət tərəfindən hansı addımlar atılıb və atılacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətindən də aydın oldu ki, ötən il təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib və bu puldan istifadə edərək geniş sosial paket tədbirləri keçirilib. Dövlət başçısının da qeyd etdiyi kimi, yanvarın 1-dən 2.1 milyon insanın maaş, pensiya və təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Dövlətin bu sosial paketinin ümumi həcmi 1,5 milyard manatdır. Eyni zamanda artımlar və əhalinin sosial müdafiəsinin gücləndirilməsini hədəfləyən digər sosial tədbirlər bu il də davam edəcək. Cənab Prezident də müraciətində qeyd etdi ki, əlavə vəsait toplandıqca, ilk növbədə, biz bu vəsaiti sosial layihələrə yönəldəcəyik. Yəni, bütün narahatlıqlar anlaşılandır. Amma vətəndaşımız dövlətinə güvənsin. Heç kim çarəsiz qalmayıb və qalmayacaq”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.
Aydın Nuri