Bu halda onların əmlakı əllərindən alına bilər - Hüquqşünas açıqladı

Bu halda onların əmlakı əllərindən alına bilər - Hüquqşünas açıqladı
SOSİAL
21:14 16.06.2026
339
Bağışlama müqavilələri əmlak münasibətlərində ən çox istifadə olunan hüquqi əməliyyatlardan biridir. Lakin bəzi hallarda tərəflər arasında sonradan yaranan mübahisələr bağışlanan əmlakın geri qaytarılıb-qaytarıla bilməyəcəyi sualını gündəmə gətirir. Xüsusilə qohumlar, ailə üzvləri və yaxın şəxslər arasında həyata keçirilən bağışlama əməliyyatlarında sonradan fikir ayrılıqları yarandıqda, əmlakın geri alınmasının mümkün olub-olmaması ilə bağlı hüquqi mübahisələr meydana çıxır.

Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, bağışlama müqaviləsinin sonradan ləğv olunması və ya etibarsız sayılması yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduqda mümkündür.

Onun sözlərinə görə, bağışlama faktının özü sonradan peşmançılıq hissi yarandığı üçün müqavilənin ləğvi üçün əsas hesab edilmir.

"Bağışlama müqaviləsinin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar olmalıdır. Yəni, bu yalnız formal narazılıqla deyil, konkret və ciddi hüquqi səbəblər olduqda etibarsız hesab
edilə bilər".

Vəkil qeyd edib ki, məhkəmələr belə işlərə baxarkən ilk növbədə müqavilənin hansı şəraitdə bağlandığını və tərəflərin iradəsinin sərbəst şəkildə formalaşıb-formalaşmadığını araşdırırlar.

"Belə hallara misal olaraq aldatma, hədə-qorxu, zor tətbiqi və ya tərəflərin iradə ifadəsinin qəsdən pozulması kimi vəziyyətlər göstərilə bilər. Bu kimi hallarda bağışlama müqaviləsinin bağlanması zamanı şəxsin azad və düzgün iradə ifadəsi şübhə altına düşür".

Əkrəm Həsənovun sözlərinə görə, əgər bağışlayan şəxs müqaviləni təzyiq altında imzaladığını və ya aldadıldığını sübut edə bilsə, məhkəmə həmin əqdin etibarsız sayılması barədə qərar qəbul edə bilər.

Ekspert vurğulayıb ki, belə mübahisələrdə sübutların rolu həlledici əhəmiyyət daşıyır. Şahid ifadələri, yazılı sənədlər, mesajlaşmalar və digər sübutlar məhkəmənin qərarına təsir göstərə bilər.

"Eyni zamanda qeyd etmək lazımdır ki, bu cür iddialar üzrə iddia müddəti ümumi qaydaya əsasən bir ildir və bu müddət keçdikdən sonra mübahisənin məhkəmə qaydasında həlli çətinləşir".

Vəkil bildirib ki, qanunvericilikdə müəyyən edilmiş müddətlər hüquqi sabitliyin qorunması məqsədi daşıyır və şəxslər hüquqlarının pozulduğunu düşündükləri halda gecikmədən hüquqi addımlar atmalıdırlar.

"Ona görə də tərəflər hüquqlarını vaxtında müdafiə etməlidirlər. Əks halda, müəyyən edilmiş müddətin ötürülməsi hüquqi imkanların məhdudlaşmasına səbəb ola bilər".

Beləliklə, bağışlama müqaviləsi bağlanarkən tərəflər hüquqi nəticələri əvvəlcədən diqqətlə qiymətləndirməli və zərurət yarandıqda peşəkar hüquqi məsləhət almalıdırlar. Çünki bağışlama əməliyyatı başa çatdıqdan sonra əmlakın geri qaytarılması yalnız məhdud və qanunla müəyyən edilmiş hallarda mümkün olur.
OXŞAR XƏBƏRLƏR