Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, ali məktəblər üzrə vakant yerlər qalan ixtisasları açıqlayıb.
APA-nın xəbərinə görə, TQDK-nın şöbə müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında bildirib ki, boş yerlər əsasən özəl ali məktəblərdə və regional universitetlərin 4-cü qrup üzrə texnoloji ixtisaslarda qalıb. N.Əliyev qeyd edib ki, bu il regional universitetlərin 4-cü qrup üzrə texnoloji ixtisaslarda müsabiqə şərtini ödəyən namizədlər olmayıb: “Artıq vakant yerlər elan olunub və müsabiqədən keçməyənlər üçün əlavə imkanlar yaradılıb. Bununla da ali təhsil müəssisələrinə 2013-2014-cü tədris ili üzrə qəbul başa çatıb”.
Qeyd edək ki, 2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə 33 798 nəfər qəbul olub. Ayrılmış müddət ərzində 32 701 nəfər (96,75%) qeydiyyatdan keçib. Bu il ali məktəblərin boş qalan plan yerlərinə 938 nəfər qəbul olmuşdu və ayrılan müddət ərzində onların 732 nəfəri (78%) qeydiyyatdan keçib. Tam orta təhsil bazasında (11 ilik) orta ixtisas təhsili müəssisələrinə isə 8243 nəfər qəbul olub. Onlardan 7248 nəfəri (87,93%) ayrılmış müddət ərzində daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçib.