"Bu il turizmdə yüksəliş ili olacaq"

Bütün Xəbərlər
08:05 09.02.2011
1952

Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunmasını təklif etməsi turizm sahəsində çalışanları sevindirib. “AtaTurizm” MMC-nin direktoru Vüsal Əliyevin ANS PRESS-ə verdiyi müsahibəsində deyib ki, Azərbaycan iqtisadiyyatının inkişafı turizm sektorunda da özünü göstərir və 2011-ci ilin turizmə həsr olunması bu sahənin daha da müasirləşməsinə gətirib çıxaracaq. V.Əliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı hər il inkişaf edir: “2010-cu il də belə illərdən biri olub. Turizm sahəsi də iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən biri kimi qalmaqda davam edib. Biz Azərbaycan dövlətinin bu sahəyə xüsusi diqqət yetirdiyini müşahidə edirik. Azərbaycanda turizm dövlət proqramları yolu ilə də dəstəklənir”. 

“AtaTurizm”in direktoru deyir ki, Azərbaycan bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edir, dünyanın ən tanınmış şirkətləri, insanları əlaqələr qurmaq üçün bura gəlirlər: “Həmçinin, Azərbaycan turizm imkanlarını təbliğ etmək məqsədi ilə dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərinə qatılır, dünyanın aparıcı televiziya kanallarında reklam çarxları yayımlanır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fədakarlığı sayəsində Azərbaycan xalqına məxsus aşıq-ozan sənəti, muğam və xanəndəlik sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu da ümumdünya dəyəri qazanan mədəni irs nümunələri ilə yaxından tanış olmaq istəyənlərin Azərbaycana baş çəkməsinə gətirb çıxarır”.

Azərbaycanda turizm sahəsində çalışacaq kadrların yetişdirilməsi məsələsinə də toxunan V.Əliyev qeyd edib ki, bu məsələ də həll olunmaqdadır. 2006-cı il yaradılmış Azərbaycan Turizm İnstitutunda 2010-cu ilin mayında ilk buraxılış olub. “AtaHoldinq” Şirkətlər Qrupuna daxil olan “AtaTurizm” MMC turizmin bir sıra istiqamətlərində fəaliyyət göstərsə də, ən böyük işimiz otelçilikdir. “Excelsior Hotel Baku” oteli “AtaTurizm” MMC tərəfindən idarə olunur. 2005-ci ildə istifadəyə verilmiş “Excelsior Baku” mehmanxanası turizmin inkişafının bir göstəricisidir. Lüks otellər sinifinə aid olan otelimiz dünyanın ən qabaqcıl otellərindən geri qalmır. İncə zövqlə tikilmiş otel memarlıq nöqteyi-nəzərindən də cəlbedicidir. “Excelsior Hotel Baku” mehmanxanasınada 61 qonaq otağı, sağlamlıq və əyləncə mərkəzi, restoranlar, kafe və bar fəaliyyət göstərir. Otelimizə gələcək qonaqlara Azərbaycan turizminin özəllikləri haqqında daha ətraflı məlumatların verilməsi həyata keçiriləcək. Ümid edirik ki, 2011-ci il turizmdə yüksəliş ili olacaq və ilin turizmə həsr olunması otelçilik sahəsində də bir canlanma yaradacaq”, - deyə o vurğulayıb.

 

OXŞAR XƏBƏRLƏR