“Bu illər ərzində normal bir futbolçu yetişdirsəydik, ölkəyə milyonlarla manat pul gələrdi“ - MÜSAHİBƏ

MÜSAHİBƏ
16:30 22.09.2016
3039
AZXEBER.COM-un müsahibi "Milli Qəhrəmanları Tanıtma" İctimai Birliyinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əbdül Səfabəylidir. Onunla söhbətimiz Azərbaycan futbolunun bugünkü durumu ilə bağlı oldu:
 
 - Əvvəlcə onu deyim ki, Azərbaycanın idman ölkəsi olması artıq beynəlxalq səviyyədə təsdiq olunmuş həqiqətdir. Azərbaycanda idmana yüksək səviyyədə qayğı və diqqət, sözsüz ki, Ulu Öndər Heydər Əliyevdən gəlir. Onun məşhur kəlamını yadımıza salaq: "İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.”
 
Mərhum Prezidentimiz Heydər Əliyev hər zaman idmançılarımızın dövlət qayğısı ilə hərtərəfli əhatə olunmasına, beynəlxalq yarışlarda uğurlarına müstəsna diqqət verirdi. Bir faktı da təsdiq edək: Azərbaycanın idman sahəsində yüksək inkişaf prosesi keçirən bir dövlətə çevrilməsinə, nüfuzlu beynəlxalq idman yarışlarının Azərbaycana gətirilməsinə nail olan, Azərbaycan idmançılarının qələbəsinə öz doğma balasının qələbəsi kimi sevinən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarıdır. Prezidentimiz idmanın Azərbaycanda populyar olan istənilən növünə, o cümlədən, futbolumuza güclü diqqət və qayğı göstərir. Elə təkcə 2005-ci ilin oktyabrında imzaladığı Sərəncamla Azərbaycanda futbolun 2005-2015-ci illərdə inkişafı barədə proqram sənədi qəbul olunması yaxın gələcəkdə çox böyük uğurların şahidi olacağımıza ümid verirdi.
 
- Bəs problem nədir?
 
- Amma proqramın əsas məqsədi - Avropa səviyyəli peşəkar futbolçu yetişdirmək problemi həll olunmadı. Yəni bu istiqamətdə heç bir konkret addım atılmadı. Açığını deyim ki, indiyəcən də mən bu məsələdə əlaqədar məmurların, birbaşa cavabdeh şəxslərin problemə saymazyana yanaşmalarını, biganə münasibətlərini heç cür qəbul edə bilmirəm. Tutaq ki, Sovet dönəmində futbol çox populyar idman növü olsa da güclü qazanc mənbəyi, külli miqdarda pul gətirən məşğuliyyət, sənət hesab olunmurdu. Müstəqillik qazanıb sərhədlərimiz açılandan sonra isə məlum oldu ki, xaricdə elə həmin futbolu oynayan və boy-buxundan bizim futbolçulardan heç nə ilə fərqlənməyən xarici futbolçular yüksək peşəkarlıq göstərdikləri oyunlarla milyonlar qazanırlar. Bizim futbolçular isə... Futbolumuzun vəziyyəti göz qabağındadır. Bir neçə il əvvələ qədər Peşəkar Futbol Liqamızda (PFL) at oynadan, çempionluğa yüksələn, kubok alan "Xəzər-Lənkəran”, "Bakı”, "Neftçi” klubları nə günə düşüb?
 
- Sizcə bunun əsas səbəbi nədir?
 
- Səbəb çox sadədir. Azərbaycanda peşəkar idmançı, o cümlədən, peşəkar futbolçu hazırlayan bir dənə də olsun idman məktəbi yoxdur. Bilirdim ki, bunu eşidəndə çox təəccüblənəcəksən, amma nə qədər acı həqiqət olsa da bu belədir.
 
- Əbdül müəllim, mənim bildiyimə görə həm Təhsil Nazirliyinin, həm Gənclər İdman Nazirliyinin tabeliyində nə qədər Uşaq-gənclər idman məktəbləri var, əksəriyyətində də futbol şöbəsi fəaliyyət göstərir.
 
- Tamamilə doğrudur. Mən bir az da dəqiqləşdirim: Təhsil Nazirliyində 158 (!), Gənclər İdman Nazirliyində 30 belə məktəb var. Hələ üstəlik, Gənclər İdman Nazirliyində internat tipli idman liseyi də var. Amma bu məktəblərin əksəriyyətinin yaşı 30-40 ili ötsə də peşəkar idmançı yetişdirilməsində onların elə bir rolu yoxdur. Yeri gəlmişkən, Azərbaycan müstəqillik qazanandan sonra yaradılmış PFL-da yarışan komandaların uşaq futbol məktəbləri fəaliyyət göstərirlər. Hər il Beynəlxalq Futbol Federasiyası - FİFA məhz bu məktəblərin peşəkar futbolçu yetişdirmə işini gücləndirməsi üçün komandalarımıza böyük maliyyə vəsaiti ödəyir. Pullar gəlir, amma Avropa səviyyəli peşəkar futbolçular yetişmir. İş o yerə çatıb ki, bəzi ağzıgöyçəklər çəkinmədən deyirlər ki, "bizim millətdən futbolçu çıxmaz”.
 
- Bəlkə doğrudan da futbol bizim millətə yaddır
 
- Hacıbəy, qardaşım, bizim dünya şöhrətli futbol hakimlərimiz, Avropanın məşhur futbol məşqçiləri ilə döş-döşə gələ biləcək məşqçilərimiz, futbol şərhçilərimiz əvvəllər də olub, indi də kifayət qədər var. Keçən əsrin 60-80-ci illərində nə qədər məşhur futbolçularımız olublar: elə Ələkbər Məmmədov, Anatoli Banişevski kimi dünya şöhrətli futbolçularımızı misal göstərsəm kifayətdir. O vaxtlar SSRİ məkanında cəmi bir futbol komandamız var idi. Hər bir oyun başqa respublikanın komandası ilə oynanıldığına görə prinsipial xarakter daşıyırdı, futbolçulardan yüksək səviyyədə əzmkarlıq, fədakarlıq tələb olunurdu. İndi isə Azərbaycanın PFL-da 8-12 futbol komandası oynayır. Bu qədər komandanı azərbaycanlı peşəkar futbolçu ilə təmin etmək üçün AFFA (elə yarandığı ilk gündən), onunla bərabər Gənclər İdman Nazirliyi və Təhsil Nazirliyinin idman məktəbləri peşəkar futbolçu yetişdirilməsinə başlamalı idilər. Lakin təəssüf ki, bu belə olmadı. Yadınıza gələr ki, bir neçə il əvvəl AFFA təntənəli surətdə Futbol Akademiyası açdı. Mən bununla əlaqədar AFFA-nın Baş katibi Elxan müəllimlə ətraflı söhbət etdim və məlum oldu ki, bu Akademiya heç də peşəkar futbolçu hazırlanması üçün nəzərdə tutulmayıb, sadəcə " müxtəlif yaş qrupları üçün təlim-məşq bazasıdır”.
 
- Yaxşı, Sizcə indiyə kimi dünyaşöhrətli futbolçu hazırlayan məktəbin yaradılmamasının səbəbi nədir?
 
- İndi mən Sizə, nəhayət, bir sirr açacağam. İş burasındadır ki, bunun səbəbi, nə qədər qəribə görünsə də, bizim hal-hazırkı təhsil qanundadır. Mənim bildiyimə görə hələ bu ilə kimi orta təhsil icbari xarakter daşıyırdı, bu ildən isə icbari təhsil X sinfə kimidir. Nəzərə alsaq ki, ciddi surətdə balasını peşəkar futbolçu görmək istəyən valideyn 7-8 yaşından uşağın fiziki hazırlığına, topla məşqlərinə xüsusi fikir verir, onun texniki cəhətdən tədricən inkişafına nəzarət edir, top oynatmaq (ayaqla, başla, hər iki ayaqla top çiləmə, topa zərbələr, top qəbul etmə s.) məharətini təkmilləşdirməsi üçün mütləq onu mütəxəssis yanına və ya uşaq - gənclər məktəbinə məşqlərə aparır. Amma 12 yaşına çatanda artıq bu uşaq peşəkar futbolçu yetişdirən məktəbə verilməlidir.
 
- Uşaq - gənclər məktəbləri peşəkar futbolçu yetişdirə bilməz?

-Yox. Bunu mən birmənalı şəkildə deyirəm. Çünki peşəkar futbolçu hazırlanması prosesi uzun müddətli, bir neçə mərhələdən ibarət, çox mürəkkəb fiziki, texniki, psixoloji, mənəvi və nəzəri təlim və məşğələlərdən ibarətdir. Üstəlik, xüsusən, son illər futbolçuların lap cavan yaşlarından böyük uğurlar qazanması üçün onların fiziki-texniki hazırlığında istifadə olunan ən müasir idman qurğularının, metodoloji vasitələrin, psixoloji təlimlərin və s. böyük əhəmiyyət daşıdığın nəzərə alsaq bu cür funksiyaları yerinə yetirən ixtisaslaşmış ayrıca məktəbin olması vacibdir. Hal-hazırda isə uşaq-gənclər idman məktəblərində məşğələlər orta məktəb dərslərindən sonra, həftədə 3-4 dəfə, gündə 1,5 - 2 saat keçirilir. Təhsil qanunumuza görə gələcəyin peşəkar futbolçusu səhər orta məktəbdə fizika dərsində Boyl-Mariot qanunu (?!), botanikada bitkilərin çoxalma üsullarını (?!), zoologiyadan qurbağanın sinir sistemini, həzm etmə mexanizmini və s. öyrənməli (özü də "savadlı” futbolçu olmaq üçün bu fənlərdən "4” və "5” almalıdır) və eyni zamanda həftədə 3-4 dəfə uşaq-idman məktəbinə getməlidir. Sovetin vaxtında dərsdən kənar məşğuliyyət kimi müxtəlif yönümlü dərnəklər (rəsm, foto, dram) fəaliyyət göstərirdi. Mənim Cəlilabad şəhərində 7 saylı məktəbdə riyaziyyat müəllimim İsmixan Yusubovun rəhbəri olduğu foto-dərnəyində qazandığım foto-şəkil çəkmə bacarığım hesabına indiyə kimi nə qədər şəkillər çəkmişəm. Amma mən bu dərnəkdə aldığım təcrübə, bacarıqla sənətkar fotoları çəkə bilməzdim... Bizim hal-hazırkı uşaq-gənclər idman məktəbləri, hətta futbol Akademiyaları mahiyyətcə dərnək prinsipli qurumlardır. Buna görə də indiyəcən Azərbaycan futbolunda nəinki Messi, Neymar, heç Banişevski səviyyəsinə yaxınlaşan futbolçu olmayıb və bu minvalla hələ neçə illər də belə olacaq. Mən peşəkar futbolumuzun bu günə düşməsinin acı nəticələrindən birini də qeyd etmək istəyirəm: Prezidentimiz İlham Əliyev Cənabları qeyri - neft sektorunun gücləndirilməsinin vacibliyini xüsusi qeyd edib. Əgər heç olmasa 10 il əvvəl peşəkar futbolçu yetişdirən futbol məktəblərimiz olsaydı futbolçularımızı xarici klublara transfer etməklə həm ölkəmizin beynəlxalq aləmdə nüfuzunu dəfələrlə gücləndirərdik, həm də ölkəmizə külli miqdarda valyuta axınına səbəb olardıq.
 
- Əbdül müəllim, bu söhbəti belə pessimist əhvalla bitirək?
 
-Əlbəttə ki, yox. Bu yaxınlarda mən indicə futbol haqqında dediyim fikirləri Prezidentimiz İlham Əliyev Cənablarına ünvanladım. Eyni zamanda Gənclər İdman Naziri Azad müəllimin qəbulunda oldum. Peşəkar futbol məktəbi mövzusunda çox səmimi, məhsuldar söhbət getdi. Sonra AFFA-nın baş katibi Elxan müəllimlə görüşüm oldu və mən ona peşəkar futbolçu yetişdirəcək Futbol Təmayüllü internat məktəbin əsasnaməsini təqdim etdim. Elxan müəllimin təklifi ilə AFFA-da növbəti görüşümüz AFFA-nın məşqçilər kollegiyasının üzvləri ilə oldu. Mən Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov, Böyükağa Hacıyev və İsgəndər Cavadovla üzbəüz oturub, futbol məktəbinin əsasnaməsini müzakirə edərkən özümü akademiklərin qarşısında imtahan verən dissertant kimi təsəvvür etdim. Onların belə bir məktəbin yaradılması ideyasına münasibəti müsbət oldu... Açığını deyim ki, Azad müəllim də, Elxan müəllim də, o "akademik məşqçilər” də belə bir məktəbin yaradılmasına çox maraqlıdırlar. Amma bu problemin həlli ilə bilavasitə məşğul olmaq çoxlu baş ağrısı, ürək sızıltısı, əsəb – təzyiq qalxması gətirəcəyi şəksiz olduğuna görə məncə heç kim bu məsələdə təşəbbüs göstərmək, cığır açmaq istəmir. Amma nə vaxta qədər? Axı çox gecikmişik. Mən bu günlərdə yenidən Azad müəllimin qəbulunda olmaq istəyirəm. Yeni təkliflə çıxış edəcəyəm.
 
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR