Bu ixtisaslar tezliklə sıradan çıxacaq - Açıqlama

Bu ixtisaslar tezliklə sıradan çıxacaq - Açıqlama
SOSİAL
22:47 14.09.2026
131
Hazırda universitetlərdə tədris əsasən nəzəri biliklərin və ənənəvi peşə bacarıqlarının formalaşdırılmasına yönəlib. Lakin süni intellekt və avtomatlaşdırmanın əmək bazarına təsiri artdıqca bir sıra başlanğıc səviyyəli işlərin gələcəkdə texnologiyalar tərəfindən əvəzlənəcəyi gözlənilir.

Bəs bu dəyişikliklər fonunda universitetlər hansı ixtisas və bacarıqları yenidən nəzərdən keçirməlidir? Azərbaycan ali təhsil sistemi əmək bazarının gələcək tələblərinə nə dərəcədə hazırdır?

Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında bildirib ki, 2030-cu ilə qədər əmək bazarında baş verəcək avtomatlaşdırma dalğası ali təhsilin mahiyyətini köklü şəkildə dəyişməyi tələb edir.

Onun sözlərinə görə, universitetlərin illərdir sadiq qaldığı ənənəvi, sırf nəzəriyyəyə və yaddaşa söykənən tədris modeli artıq öz dövrünü bitirməkdədir:

"Çünki rutini təkrarlayan, standart alqoritmlərə əsaslanan başlanğıc səviyyəli işləri  istər kodlaşdırma, istər mühasibatlıq, istər məlumatların emalı, istərsə də baza analitikası kimi işləri süni intellekt və avtomatlaşdırılmış sistemlər daha sürətli və daha az səhvlə icra edə biləcək.

Bu reallıq fonunda universitetlər ilk növbədə ixtisasların məzmununu və qazandırılan bacarıqlar palitrasını kökündən yenidən qiymətləndirməlidirlər. Biz artıq tələbələrə faktları əzbərləməyi deyil, mürəkkəb problemləri həll etməyi, tənqidi düşüncəni, fənlərarası sintezi və emosional intellekt kimi insani bacarıqları formalaşdırmağı prioritet etməliyik.

İxtisas və istiqamətlər səviyyəsində isə data analitikası, kibertəhlükəsizlik, süni intellektin etik və idarəetmə tərəfləri, biotexnologiya, yaşıl iqtisadiyyat kimi sahələr ön plana çıxmalı, mövcud humanitar və texniki ixtisaslar isə mütləq şəkildə rəqəmsal bacarıqlarla inteqrasiya olunmalıdır.

Yəni sabahın hüquqşünası yalnız qanunvericiliyi deyil, rəqəmsal hüququ, alqoritmlərdən istifadənin hüquqi məsuliyyətini, müasir maliyyə analitikasını və avtomatlaşdırılmış proqram idarəçiliyini bilməlidir.
Azərbaycan ali təhsil sisteminin bu prosesə hazırlıq səviyyəsinə gəldikdə isə, burada mənzərə birmənalı deyil. Bir tərəfdən, son illərdə dövlətimiz tərəfindən rəqəmsallaşma, SABAH qruplarının və ikili diplom proqramlarının tətbiqi, eləcə də texnoparkların yaradılması istiqamətində təqdirəlayiq addımlar atılıb.

Bəzi aparıcı universitetlərimiz əmək bazarının yeni tələblərinə daha çevik uyğunlaşmağa çalışır. Lakin ümumi sistem miqyasında baxanda bu məsələdə hələ də ciddi ləngimələr və struktur problemləri mövcuddur”.

Ekspert əlavə edib ki, kurikulumların yenilənməsi sürəti texnologiyanın inkişaf tempindən geri qalır:

"Akademiya ilə sənaye arasında canlı və dinamik əlaqə hələ də tam şəkildə formalaşmayıb. Ən böyük problemlərdən biri də akademik heyətin yenilənməsi və rəqəmsal transformasiyaya uyğunlaşması ilə bağlıdır.

Tələbəyə gələcəyin bacarıqlarını ötürməli olan müəllim heyətinin özü bəzən ənənəvi metodlardan tam uzaqlaşa bilmir.

Nəticə etibarilə, Azərbaycan ali təhsil sistemi müəyyən keçid və oyanış dövrünü yaşayır. Lakin 2030-a qədər gözlənilən böyük texnoloji sıçrayışa tam hazır olduğumuzu demək çətindir. 

Bu geri qalmanı aradan qaldırmaq üçün universitetlərə daha çox akademik və maliyyə muxtariyyəti verilməli, nəzəriyyəyə deyil, layihə əsaslı təhsilə və ömürboyu öyrənmə prinsiplərinə əsaslanan çevik modellərə təcili keçid təmin edilməlidir”, - deyə Əmrah Həsənli fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR