2027-ci ildə ümumi təhsil müəssisələrinin şagird sayına uyğun maliyyələşmə mexanizminə keçidi üzrə pilot layihəyə 223,8 milyon manat ayrılması nəzərdə tutulur.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.
Sənədə əsasən, strategiya dövrünün sonunadək pilot layihənin 150 məktəbdə həyata keçirilməsi planlaşdırılır.
Gələn il təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi üçün də 36,8 milyon manat proqnozlaşdırılır.
Ümumilikdə, 2027-ci ildə təhsil xərclərinə 5 milyard 99 milyon manat ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 82,6 milyon manat çoxdur.











































